Yaşamaq ən uca istəkdir

post-img

Bəs cana doymaq nədəndir?

Sosial şəbəkələrdə intiharların (suisid) artması ilə bağlı ara-sıra xəbər­lər hamımızı təəssüfləndirir. Əlbəttə, bu, xüsusi narahatlıq da doğurur. Bu məsələ ilə bağlı XQ-nin səhiyyə eksperti, tibb elmləri doktoru, professor Musa Qəniyevə müraciət etdik. Professor intiharların səbəbi ilə bağlı sua­lımıza cavab verərkən əvvəlcə bunları dedi:

– Həyatına öz əli ilə son qoyub doğ­ma-dostlarına üzücü kədər gətirənlər niyə belə edirlər? İntihar zamanı baş-beyində törənən molekulyar dəyişikliklər bilavasitə gərginlik, aqressiya, impulsivlik və depres­siv halın nəticəsi kimi meydana çıxır. Sinir hüceyrələrinin inkişafı və elastikliyini tə­min edən serotonin və onun metabolitlərin­də xroniki defisitlik, reseptor mexanizm­lərində isə impulsiv fəallığın süstləşməsi müşahidə olunur. 

Xoşbəxtlik hormonu serotoninin ikitərəfli nəqlini kodlayan SLC6A4 genin­də polimorfizm–mutasiya dəyişikliyi baş verir. Bu, xüsusilə gənclər arasında dep­ressiya, özünə nəzarət hissinin itməsi ilə nəticələnir və təəssüf ki, bir sıra hallarda intihara gətirib çıxarır. 

Paralel olaraq, orqanizmin stress reak­siyasına mərkəzi nəzarət mexanizmi– hi­potalamus–hipofizar–böyrəküstü vəz sis­temində hiperaktivlik müşahidə olunur. Bu hal intihara meyilli insanlarda kortizol hor­monunun miqdarının xroniki olaraq nor­madan artıq olması ilə öz təsdiqini tapır. 

Odur ki, bu sistemdə baş verən hor­monal disbalans suisid halına meyilliliyin erkən diaqnostikasında praktik əhəmiyyət kəsb edən müayinə üsulu sayılmalıdır.

İntihar edən insanlarda baş-beyinin hipokamp və prefrontal sahələrində qli­kokortikoid reseptorlarının sıxlıq və eks­presiyasında disfuksional dəyişikliklər baş verir. Bu hal adekvat olaraq beyinin stress reaksiyasının tənzimi mexanizmini pozdu­ğundan, intiharın baş verməsində əsas risk amillərindən biri sayılır. 

İntihara meyilli şəxslərin beyinində IL-1/beta, IL-6 interleykinlərin və TNF-1/alfa faktorunun miqdarı da artır. Bu, bir tərəfdən intiharın baş verməsinin əsasında mikroqliya (beyinin immun hüceyrələri) və astrositlərin anomal aktivliyinin nəticə­si kimi meydana çıxan neyroiltihabi pro­sesin rolunu təsdiqləsə də, digər tərəfdən, bu halın qarşısını almaq üçün konkret pro­filaktik müalicə tədbirlərinin görülməsinə də əsas verir.

Belə adamlarda BDNF adlandırılan beyinin neytrofik faktorunun miqdarı da kəskin azalır. Bu fakt depressiv halın inti­hardakı rolunu birbaşa təsdiq edir.

Xüsusi diqqət çəkən məqam odur ki, epigenetik dəyişikliklər, başqa sözlə, xari­ci faktorlar DNT-də struktur pozğunluğuna səbəb olmadan belə, məlum genlərin eks­presiyasını törədə və suisid halını tətikləyə bilir. 

Bunu, xüsusən valideynlər bilməli və unutmamalıdırlar. Çünki erkən uşaqlıq yaş dövründəki stress (məsələn, uşaqlara qar­şı istər ailədaxili, istərsə kənardan edilən sərt davranış) genlərdə ciddi epigenetik dəyişikliyə səbəb ola bilir. Bu dəyişiklik sonradan bütün ömür boyu saxlanılmaqla, nəinki suisid halına meyilliliyə, gələcəkdə, hətta, onun baş verməsində birbaşa səbəb rolunu oynaya bilər.

Professor Musa Qəniyev son olaraq bildirdi ki, intihar son dərəcə mürəkkəb etiologiyalı və çox ciddi elmi-tədqiqatla­rın aparılmasını tələb edən bir prosesdir. Lakin tövsiyə olunan diaqnostik dəyər­ləndirmə və buna təyin edilən münasib müalicə meyarlarına əməl etməklə onun dinamik artımının qarşısını zamanında almaq mümkündür.

Gülhanə Tədris və Araşdırma Xəstəxanasının nevroloqu, soydaşımız Elvin Məlikov isə professor Musa Qə­niyevin intiharın neyrokimyəvi mexa­nizmi ilə bağlı fikirlərini daha çox elmi dəqiqlik, sistemli təhlil və klinik pers­pektivi birləşdirən nadir nümunə kimi dəyərləndirdi:

– Dərin məsuliyyət hissilə deyə bilərəm ki, dünyada belə səviyyədə tə­dqiqat apara bilən alimlər azdır. Məsələn, David J.Nutt, Filip J.Coven, Stepen M.Stal kimi beynəlxalq nevropsixofarmakoloqlar və psixiatrlar yalnız uzun illərin tədqiqat­ları nəticəsində oxşar dərinlikdə elmi məz­mun təqdim edə biliblər. Professor Musa Qəniyev isə Azərbaycan və türk dünyasın­da, elmin bu yüksək standartına uyğun bir səviyyədə, kompleks bioloji, molekulyar və epigenetik mexanizmləri oxucuya peşə­karcasına çatdırır.

Onun yazısında serotonin və onun re­septor sistemlərindəki defisit və genetik polimorfizmlər, hipotalamus–hipofizar–böyrəküstü vəz sistemində hiperaktivlik və kortizol disbalansı, hipokamp və prefron­tal korteksdə glikokortikoid reseptorlarının disfunksiyası, neyroinflamasiya markerlə­rinin artımı, BDNF səviyyəsinin azalması və depressiv halın neyrobioloji əsasları və epigenetik dəyişikliklərin erkən yaş stres­ləri ilə əlaqəsi kimi çox mürəkkəb mövzu­lar oxucuya ardıcıl şəkildə təqdim olunur. 

Nevroloq Elvin Məlikovun fikrincə, professor M.Qəniyev səviyyəsində elmi və maarifləndirici yazı hazırlamaq üçün, sadəcə, tədqiqat məlumatlarını bilmək ki­fayət etmir, həm də beynəlxalq standartlara uyğun analitik düşüncə, elmi terminologi­ya, klinik təcrübə və ictimai mesajın har­moniyası tələb olunur.

Onun yazıları həm elmi, həm praktik, həm də ictimai mesaj baxımından unikal­dır. Bu cür yazılar cəmiyyət üçün yalnız məlumat vermir, həm də maarifləndirici təsir göstərir.

Söhbəti qələmə aldı:
Zərifə HÜSEYNOVA 
XQ





Sosial həyat