Çağdaş tariximizin qızıl hərflərlə yazılan Böyük Zəfər səhifəsi artıq 5 ildir ki, duyğu və düşüncələrimizə parlaq işıq saçır. Vəfaddin İbayev və Mirhüseyn Nəbiyevin “Suverenlik yolçuları” adlı kitabının çapı da bu amala xidmət edir. “2025 – Konstitusiya və Suverenlik İli” ilə əlaqədar tədbirlər seriyasından olan bu yeni toplu ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi salnaməsinə aiddir.
“Təhsil Nəşriyyat-Poliqrafiya” MMC-də buraxılan, ölməz şәhidlәrimizin ruhuna bağışlanan kitab haqq işimiz, işğala məruz qalmış torpaqlarımızın azadlığı, Qarabağ münaqişәsinin “anatomiyası”, səbəb, nəticə və yekunları kontekstində qələmə alınıb. Ulu öndәr Heydәr Əliyevin vә Prezident İlham Əliyevin münaqişәni sülh yolu ilә nizama salmaq sahәsindәki ardıcıl sәylәri real misallar, konkret istinadlarla әsaslandırılıb.
Kitabı oxuduqca bir daha görürük ki, dövlətimiz həmişə şəhidliyi Vətənin müqəddəsliyi ilə bir tutur: “İlham Əliyev Vətən övladının hərbi xidmət, Vətən torpaqlarının müdafiəsi zamanı şəhid olmasına bir faciə kimi yanaşsa da, Azərbaycan torpaqlarının işğal altında olduğu bir vəziyyətdə bu cür qurbanların qaçılmazlığını qəbul edir, burada yeganə təsəllini qurbanın torpaqlarımızın azadlığı uğrunda mübarizədə verilməsində tapırdı”.
Mülahizələrə aid sitat və iqtibaslar da yerinə düşür. Məsələn, bu fikir dövlət başçısının bir çıxışından götürülüb: “Hər bir ailə üçün öz övladını itirmək böyük dərddir, böyük faciədir. Amma bu, müharibədir və müharibədə də hər şey ola bilər. Onlara təsəlli arzulayıram. Onlar səbirli olsunlar. Onların övladları Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olublar”.
Topluda şәhidliyin alilik dərəcəsi, müqәddәslik zirvәsi müxtәlif müdriklәrin fikirlәri, “Qurani-Kәrim”in ayәlәri, “Kitabi-Dәdә Qorqud” vә digәr әsәrlәrin timsalında diqqətə çatdırılıb. Məsələn, kitabda da göstərildiyi kimi, “İstiqlal” ordenli Xalq şairi Məmməd Araz hələ münaqişə qızışan vaxt – Birinci Qarabağ savaşı dövründə yazırdı:
Bu torpağın son qurbanı mən olsam,
Öz odumda yanıb külə tən olsam,
Eldən ötən güllələrə dən olsam,
Ata millət, oğul, deyib ağlama,
Ağlamağın yeri deyil, ağlama!
Kitab özündə bu mənanı birbaşa ehtiva edir ki, şəhidlikdə həm itki, qurbanlıq, kədər, həm də igidlik, qəhrəmanlıq, fəxarət anlamları vəhdət təşkil edir.
“Şәhid adının әbәdilәşdirilmәsi vә şәhid ailәlәrinә edilәn güzәştlәr haqqında” Azәrbaycan Respublikasının Qanununa ətraflı şərh kitabı hüquqi cәhәtdәn zәnginlәşdirir, ondan faydalana bilәcәk şәxslәrin dairәsini genişlәndirir.
Kitab Vətən sevgisini, dövlət suverenliyi, әrazi bütövlüyü uğrunda hәlak olanların xatirәsini әziz tutan geniş oxucu kütlәsi, hüquqşünaslar, eləcə də şәhid ailәsi üzvlәri üçün faydalı nəşrdir.
Ə.ƏLİYEV
XQ