O, dünyaya göz açanda adını Mehrab qoyan valideynləri bilmirdilər ki, vaxt gələcək, Şuşa adlı müqəddəs məkanda namaza dayanan ziyarətçilər üzlərini həm də orada şəhid olmuş bu igidin mehrab timsallı xəyali surətinə tutacaq, ruhuna dualar edəcəklər. Amma taleyində bu, varmış. Artıq 5 ildir ki, Şuşanı azad etmək savabını qazanmış Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin ruhu bu şərəfə qovuşub.
Xüsusi təyinatlı baş gizir Mehrab Niftəliyev hələ məlum Aprel döyüşlərində igidliklə savaşmışdı. Haqq işimiz uğrunda savaşın sonadək davam etməsini istəsə də, o zaman atəşkəs elan olundu. Lakin Lələtəpə məğlubiyyətindən ibrət götürməyən ermənilər növbəti dəfə hərbi təxribat törədəndə ordumuzun genişmiqyaslı əks-hücum əməliyyatları ilə Zəfər yürüşü başlandı və Mehrab “Axır ki, qisas vaxtı çatdı”, – deyərək qəlbinin dərinliklərində buna hədsiz sevindi. Elə müqəddəs savaşın ilk günlərindən də səngərlərdə hünər göstərdi.
Döyüş yolu Füzuli, Cəbrayıl, Hadrut və Şuşadan keçən qəhrəman Vətən oğlunun cismani ömür kitabı orada tamamlanıb. Döyüşlərə silahından əlavə, 60 kiloqrama yaxın çəkisi olan müxtəlif sursatlarla girirmiş. Yaralı olsa belə, yoluna davam edir, düşmənin artilleriyası belə onu dayandıra bilmirdi. Buna görə döyüş yoldaşları Mehraba “Terminator” deyirlərmiş.
Düz 15 il onunla birgə xidmət etmiş dostunun (hazırda da xidmətdə olduğuna görə adını yazmağı məsləhət bilmədi) dediyinə görə, Mehrab əsl cəngavər idi. Heç kimi çıxılmaz vəziyyətdə qoyub getməzdi. Yaralılara əlindən gələn köməyi edərdi. Onun döyüşlərdə göstərdiyi qəhrəmanlıqlar heç bir bəyana, dastana sığmaz.
“Qırmızı bazar deyilən tərəfə hərəkət edirdik. Füzulidən Şuşaya doğru istiqamət almışdıq. Ermənilər səngəri, əşyalarını qoyub qaçmışdılar. Biz həmin səngərə çatdıq. Mehrab da arxadan gəlirdi. Qəfildən başqa bir yerdən erməni minomyotları bizə atəş açdı. Atış başlayanda yarı hissə səngəri tərk edə bildi, digər hissə oradan çıxmağa imkan tapmadı. Növbəti atışda düşmən səngərin içini vurdu. Onda Mehrab da daxil olmaqla, bir neçə döyüş yoldaşımız yaralandı, bir nəfər şəhid oldu. Mehrab özü zədəli olmasına baxmayaraq, diz nahiyəsindən yaralanan yoldaşımıza ilkin tibbi yardım göstərdi, ağrıkəsici vurdu və qanaxmanın qarşısını aldı. O, digər yaralılarla birgə hospitala aparılmışdı. Orada bir neçə gün qaldıqdan sonra həkimlərin təkidinə baxmayaraq, demişdi ki, mən gedirəm, döyüş yoldaşlarım oradadır. Şuşaya hücum istiqamətində gəlib özünü bizə çatdırmışdı.
Səhər tezdən Şuşada alacağımız yüksəkliyə çatanda mən yaralandım. Mehrabgil arxadan gəlib dikə çıxmağa, əşyalarımı qaldırmağa kömək etdilər. Daha sonra onlar şəhərə hücum etmək üçün aşağı düşdülər, mən yaralı idim deyə, Mehrab dedi ki, sən gəlmə, bu ayaqla gedə bilməyəcəksən. Sonra mən təxliyə edildim, bir də eşitdim ki, Mehrab şəhid olub. Sıldırım qayalarda ikən vurulub, yarası dərin olduğuna görə xilas etmək mümkün olmayıb”.
Şəhadətinin 3-cü günü onun nəşi Sumqayıtdakı Şəhidlər xiyabanında torpağa tapşırılıb. Oradakı izdiham indi də gözlərim qarşısında canlanır. Ruhuna ehtiram əlaməti olaraq hərbçilər havaya yaylım atəşləri açdılar. Çıxış edənlər onun igidliyinin gənclər üçün örnək olduğunu bildirdilər. Ailə üzvləri gözüyaşlı olsalar da, başlarını dik tutmuşdular.
Ölkə başçısının sərəncamları ilə Mehrab Niftəliyev ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb, o cümlədən “Vətən uğrunda”, Şuşanın, Cəbrayılın və Füzulinin azad olunmasına görə medallarla təltif olunub.
...Ötən il 8 Mart Qadınlar Günündə şəhid qəhrəmanın xanımı, onun itkisindən sonra mərdanə dayanan Vüsalə Niftəliyeva ilə görüşüb söhbət etmək üçün Sumqayıtın 13-cü mikrorayonundakı evlərinə getmişdik. Vüsalə xanım bizi səmimi qarşıladı, çay süfrəsi arxasında xatirə cığırı ilə Mehrablı günlərinə güzar elədi: “Mehrab 1985-ci il mayın 13-də Quba rayonunun Qamqam kəndində anadan olub. 2002-ci ildə Mübariz Abdullayev adına orta məktəbi bitirib və hərbi xidmətə yollanıb. Qulluq dövründə xüsusi təyinatlılara seçilib və orada qalıb. 17 il idi ki, xidmət edirdi. Aprel döyüşlərində də bir neçə ağır əməliyyatda iştirak etmişdi. Uğurlu döyüşçü kimi təltif olunmuşdu. Həmişə müharibədən, şəhidlikdən danışırdı. Özü də sanki tələsirdi. Deyirdi, müharibə başlansın, torpaqlarımızı azad edək. Qarabağın işğalda olması ona pis təsir edirdi. 2020-ci ilin payızında arzusuna çatdı, amma həmin payız onun üçün sonuncu oldu. “Qismətdə varsa, qayıdacağam” – deyən Mehrabın ruhunun qisməti göylər oldu...
Ə.DOSTƏLİ
XQ