5 Oktyabr Beynəlxalq Müəllimlər Günüdür
5 oktyabr hər birimizin həyatında ömürlük iz qoymuş, bizə bilik öyrətmiş, tərbiyə vermiş müəllimlərin günüdür. Uşaqlığın çətin imtahanlarından gəncliyin mürəkkəb sınaqlarına qədər hər addımda arxamızda dayanan, bəzən sərt bir xəbərdarlıq, həlim bir gülümsəmə, bəzən də, sadəcə, “sən bacararsan” kəlməsi ilə bizə düz yol göstərən əziz müəllimlərin bayramıdır. Müəllim insan, vətəndaş yetişdirir, bizə bilik verməklə yanaşı, ağıllı, dürüst, mübariz olmağı da öyrədir. İnsan həyatının hansı mərhələsində olursa-olsun, bu cümlə həmişə yadında qalır: “Müəllimim belə demişdi...”
“ Yetirmələrim qəlbimi nurlandırır”
Zabit Zamanov 33 ildir tarix müəllimidir. 18 il Mingəçevirdəki 9 saylı orta məktəbdə çalışıb. Onun dərs otağı şəhidlərin rəsmləri ilə bəzədilib, hər şəkil fərqli hekayə danışır. Müəllim buranı yaddaş məbədinə çevirib. Dərsə başlamazdan əvvəl baxışlarını şəhidlərin portretlərinə yönəldir, sonra şagirdlərinə deyir: “Uşaqlar, tarix bizim kimliyimizdir. Keçmişini bilən gələcəyini daha aydın görəcək”.
Zabit müəllimin baxışlarında illərin təcrübəsi, səbrin və fədakarlığın izləri var. Hər cümləsində vətənə məhəbbət, insana dəyər və həyata minnətdarlıq duyulur. Onu dinləyəndə insan anlayır ki, bu sözlərin arxasında bir ömürlük xidmət dayanır – təhsilə, millətə, tarixə. Xatirələri və həyatdan aldığı dərslərin özü də bir tarixdir.
– Özüm haqqında danışmaq bir az çətindir. Müəllimlik isə ilahi sevgidir. Uşaqlıqdan tarixə böyük marağım olub. Şagirdlərimə deyirəm ki, oxumaq sizin birinci vəzifənizdir, bədii kitablardan uzaq düşməyin. Biz orta məktəb illərində çox kitab oxuyurduq, hətta daha böyük mövzuları əhatə edən kitablara müraciət edirdik. Uşaqlıqdan tarixi dərindən öyrənmək və öyrətmək həvəsi məndə çox güclü idi.
Mən Xankəndinin son tələbələrindən biri olmuşam. Amma təəssüf ki, təhsilimi Xankəndidə davam etdirə bilməmişdim. Çünki məlum hadisələr nəticəsində 1988-ci ildən etibarən erməni vandalları bizi universitetdən qovdular. İkinci kursu Gəncədə oxumağa məcbur olduq. Həmin illər Milli Oyanış dövrünə təsadüf etdi. Üçüncü kursdan isə biz Şuşaya gəldik. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Şuşa filialı fəaliyyət göstərirdi, müəllimlərimiz də oraya köçdü və biz təhsilimizi davam etdirdik. O illərdə baş verən hadisələrin də birbaşa şahidi olduq. Həyatımız çox çətin idi: bəzən vertolyotlarla, bəzən hərbi maşın karvanları ilə gedib-gəlirdik. Axırıncı imtahanlarımızı da Ağcabədidə verdik və müəllim adını qazandıq. Tarixi Zəfərimizdən sonra həmin universitetə daxil olan ilk tələbələrin bir qismini də məhz mən hazırlamışam. Şagirdlərim ali məktəbə qədəm qoyanda onlarla birlikdə doğma yurdumuza getdim, həmin binanın pilləkənlərindən bir daha qalxdım, o günlərin xatirəsini yaşadım.
Baş verən hadisələrin çoxunu şagirdlərimlə bölüşməmişəm, çünki o günlərdən danışmaq mənim üçün həmişə ağır olub. Jurnalist Salatın Əsgərova şəhid olanda cənazəni Şuşa məscidindən biz yola saldıq.
Keçirdiyim əzablı həyat, həyəcanlar təsirsiz ötüşmədi. 18 il müəllim işlədim tələbə vaxtı. Gözlərimdəki problem artdı və məktəbə gedib-gəlmək çətinləşdi. Uşaqlar qolumdan yapışırdılar ki, rahat hərəkət edə bilim. Həmişə özümü o sevginin mərkəzində görmüşəm. Mənim üçün böyük xoşbəxtlikdir ki, keçmişdə dərs dediyim şagirdlər indi də yolda–izdə qarşıma çıxanda, üzlərini görə bilməsəm də səslərindən gözlərindəki sevinci hiss edirəm və onlar “müəllim, biz sizinlə fəxr edirik, qürur duyuruq” sözünü deməkdən heç vaxt yorulmurlar.
Keçmiş şagirdlərimdən biri Vüsalə Məmmədova bu yaxınlarda qızı ilə yanıma gəlmişdi. Deyirdi ki, Mingəçevirə gələn kimi ilk siz yadıma düşdünüz. Müəllim üçün bundan böyük xoşbəxtlik ola bilərmi? Şagirdlərim müxtəlif ölkələrə gedəndə, gördüklərini mənə danışanda, elə bilirəm, özüm də həmin yerləri gəzirəm, o məkanlarda oluram. İnsan üçün ən gözəl hisslərdən biri öz fəaliyyətindən zövq almaqdır. Hər birimizin daxilində görünməz tərəzi var. O tərəzi insanı öz vicdanı ilə ölçür. Bəzən təvazökarlıqla özünə baxırsan, bəzən də işlərinin yükünü, dəyərini sorğulayırsan. Əgər o tərəzi sənə pıçıldayırsa ki, gördüyün işlər faydalıdır, insanların həyatına işıq salır – deməli, sən doğru yoldasan, həyatın da, ömrün də hədər getmir. Mingəçevirin hansı küçəsində addım atsam, məni tanıyırlar. Hər idarədə, hər müəssisədə şagirdim çalışır. Keçmiş şagirdlərim indi öz övladlarını yanıma göndərirlər. Bu, müəllim ömrünün ən böyük bəhrəsidir. Ailəm də mənə sevinc bəxş edir. Oğlum həkimdir, çalışır, qızım musiqi müəllimidir, hər biri artıq ailəlidir.
Xoşbəxtlik budur ki, evə gedəndə iş üçün darıxırsan, işə gedəndə isə ev üçün. Mən də məhz belə bir həyatı yaşayıram. İş mənim üçün arzuolunan dünyadır. Şagirdlərimlə görüşlərim, qaynar həyat, mübarizə, mübahisə, iş, ən əsası isə öyrənmək. Həyatımızın devizi də budur – latınların dediyi kimi: “Öyrədərək öyrənmək”. Mən indi də öyrənirəm, öyrənməkdən də, öyrətməkdən də zövq alıram.
“Ən böyük mükafatım şagirdlərimin uğurudur!”
Natavan Nəsirova ötən əsrin 80-ci illərində Qərbi Azərbaycanda ibtidai sinif müəllimi olub, yüzlərlə şagirdə oxuyub-yazmağı öyrədib. Bakının Nərimanov rayonundakı məktəb–liseydə çalışan qocaman müəllim bu gün də cəmiyyətə faydalı, vətənpərvər gənclər yetişdirir. Müəllimlərin peşə bayramı ərəfəsində həmsöhbət olduğumuz Nərimanov rayon Məktəb liseyində çalışan Natavan müəllim çoxillik fəaliyyəti ilə bağlı xatirələrini bizimlə bölüşdü:
– 80-ci illərin əvvəlləri idi, ilk dəfə sinfə daxil olanda həm inamlı, həm də həyəcanlı idim. Uşaqlar çöhrələrində sevinc, gözlərində maraqla mənə baxırdılar. Həmin gün bir şagirdim dərs boyu qələmini “itirir”, mən də hər dəfə ona yenisini verirdim. Sonradan bildim ki, sadəcə diqqət çəkmək üçün belə edirmiş. Belə xatirələrim həddindən çoxdur. Məsələn, sinifdə yan-yana oturan iki şagirdim həmişə bir-biri ilə məktublaşırdılar. Onlara heç vaxt sərt reaksiya vermirdim, uşaq olsalar da hisslərinə hörmətlə yanaşırdım. İllər sonra ailə qurdular və bir gün kiçik qızları ilə birlikdə mənim yanıma gəldilər. O an mən çox kövrəldim – bax bu, müəllim üçün sözlə ifadə olunmayan xoşbəxtlikdir.
Bir şagirdim də çox utancaq idi, dərs danışmağa belə çəkinirdi. Mən ona daha çox diqqət göstərir, sıx ünsiyyət qururdum. Universitetə qəbul olanda məni görməyə gəlmişdi, müəllim olacağını dedi. Müəllim üçün bundan böyük xoşbəxtlik ola bilərmi?
Dövr, tələblər, şərait daimi dəyişsə də, müəllim hər zaman nümunə olub. O vaxtlar uşaqlar və müəllimlər üçün imkanlar məhdud idi, amma şagirdlərin diqqəti dərsə daha çox yönəlirdi. İndi isə texnologiya inkişaf edib, uşaqlar internet vasitəsilə çox məlumat əldə edə bilirlər. Amma bu, həm üstünlük, həm də problemlər yaradır. Çünki indi onların diqqətini dərsə cəlb etmək daha çətindir. Bu günün müəllimi yalnız bilik verən deyil, həm də psixoloq, motivator, dost olmalıdır.
Mənim üçün ən böyük mükafat şagirdlərimin uğurudur. Onların həkim, mühəndis, hüquqşünas, müəllim kimi peşələrə yiyələndiklərini görəndə qürurlanıram. İllər sonra rastlaşanda “müəllim, məni tanıdınızmı?” deyə soruşuanda ürəyim dağa dönür. Hətta övladlarını da mənim sinfimə yazdıranlar olub. Bu, mənim həyatda aldığım ən böyük mükafatdır.
Bir dəfə məktəbdə təşkil etdiyimiz yeni il tədbirində uşaqlardan biri evdən atasının köhnə qol saatını gətirmişdi. “Müəllimə, Şaxta baba bunu sizə hədiyyə edir” - dedi. O sadə hədiyyə mənim üçün ən qiymətli xatirədir. Çünki uşaqların o saf və təmiz sevgisi heç nə ilə müqayisə olunmur.
Gənc müəllimlər bilməlidirlər ki, bu peşə sadəcə iş deyil, missiyadır. Səbirli olmaq, hər uşağı fərdi şəkildə tanımaq lazımdır. Müəllim uşağın qəlbinə yol tapsa, dərs də, tərbiyə də uğurlu olar. Müəllimin ən böyük uğuru odur ki, o, yalnız riyaziyyatı, yazını öyrətmir, həm də həyat dərsi verir.
Mən özümü xoşbəxt hesab edirəm. Çünki hər gün balaca uşaqlarla birlikdə olmaq, onların böyüməsinə şahidlik etmək həyatımın ən gözəl anlarıdır. İbtidai sinif müəllimi olmaq bağbanlığa bənzəyir – balaca toxumları torpağa əkir, onları sevgi ilə böyüdürsən və illər sonra bar verdiyini görürsən. Mənim xoşbəxtliyim də elə budur.
“Mən dünyaya müəllim olmaq üçün gəlmişəm”
Ali təhsili jurnalistika ixtisası üzrə olan, 22 yaşından pedaqoji fəaliyyətə başlayan, Azərbaycan Dillər Universitetinin jurnalistika fakültəsində dərs deyən Günel İlqar isə bildirdi ki, müəllim yalnız bilik vermir, həm də gələcəyə yol göstərir:
– Yeni nəslə bilik və təcrübəmi ötürmək, onların peşəkar inkişafına dəstək olmaq arzusu məni müəllimliyə gətirdi. Müəllimlik uşaqlıqdan mənim nəzərimdə ən üstün peşə olub. Kiçik yaşlardan anamın, babamın bu peşə haqda necə hörmətlə, sevərək danışdıqlarının şahidi olmuşam. Jurnalistika ixtisasını öz istəyimlə seçsəm də, müxtəlif media qurumlarında çalışsam da müəllimliyə olan sevgim məni sinif otaqlarına dərs deməyə çəkib gətirdi.
Mark Tven deyib ki, insan həyatında iki vacib gün var. Biri dünyaya gəldiyi, digəri isə dünyaya nə üçün gəldiyini anladığı gün. Mən də bir gün anladım ki, dünyaya müəllim olmaq üçün gəlmişəm.
Mən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olmuşam. Magistraturanı da Dan Masonun Azərbaycanda yaratdığı proqramla öz ixtisasım üzrə bitirmişəm. Orta məktəbə 5 yaşında başladığım üçün 16 yaşında universitetə daxil olmuşam və 17 yaşından artıq çalışmağa başlamışam.
Tələbələrimlə yaş fərqi çox az olduğu üçün onlarla münasibət qurmaq, həm dost, həm də müəllim rolunu balanslaşdırmaq asan və gözəl idi. Amma 22 yaşında müəllim olmağın başqa çətinlikləri də var idi.
Artıq ölkəmizdə gənc müəllimlərin də sayı gündən-günə artır, dövlətimizin gənc kadrlara yaratdığı şərait, imkanlar, onlara olan etibar çox sevindirici haldır. Cəmiyyətin gənc müəllimlərin istedadına, savadına inamının artması da onları ruhlandırır və daha uğurlu fəaliyyətlərinə zəmin yaradır.
Müəllimlik məsuliyyəti və şərəfi məni daim yenilikçi olmağa, dərslərimi maraqlı və faydalı etməyə həvəsləndirir. Onların uğurları mənim üçün şəxsi nailiyyətə bərabərdir. Dərs dediyim tələbələri sabah hansısa media qurumunun peşəkar jurnalisti kimi görmək əlbəttə ki, bir müəllim kimi məni çox qürurlandırır. Müəllimliyin ən sevdiyim tərəflərindən biri də budur.
Jurnalistika mənə məsuliyyətli, diqqətli və empatik olmağı öyrətdi. Müəllimlik isə göstərdi ki, həyat boyu öyrənmək və inkişaf etmək heç vaxt bitmir. Mövlanənin bir sözü var: Nə dediyin yox, necə dediyin vacibdir. Amma təhsildən söhbət gedirsə, nə dediyin də, necə dediyin də vacibdir. Çünki nəyi necə demək müəllimin pedaqoji proqramıdır. İlk növbədə tələbələrimə dost kimi yanaşıram. Bildiklərimi onlara öyrətdikcə, gerçəkliyinə bir daha əmin olur və daha inamlı, güclü oluram.
“Müəllim uşaqları sevməli, fənnini sevdirməlidir”
Hazırda təqaüddə olan Rəna İbadova 1974-cü ildən tarix fənnini tədris edib. Rəna xanım deyir ki, müəllim ailəsində böyüməmişəm, amma uşaqlıqdan müəllim haqqında deyilən dəyərli sözlər onda bu peşəyə xüsusi maraq oyadıb:
– Məktəb illərində unudulmaz müəllimlərim olub. Onların fədakarlığı, bizə verdikləri tərbiyə və bilik peşə seçimimə təsir göstərdi, qərar verdim ki, mən də mütləq müəllim olmalıyam. Bu sevgidən doğan arzu məni tarix müəllimliyinə gətirdi. Mənim üçün müəllimlik bütün peşələrdən üstündür. Müəllim olmaq istəyən insan unutmamalıdır ki, onun qarşısında sadəcə şagird yox, gələcəyin qurucusu oturur. Millətini , vətənini sevən hər bir müəllim öz işinin məsuliyyətini dərindən dərk etməlidir. Müəllim uşaqları sevməli, dərs dediyi fənni sevdirməli və hər bir şagirdi vətənpərvər, məsuliyyətli vətəndaş kimi yetişdirməlidir.
Şagirdlər müxtəlif ailələrdən gəlirlər, hər birinin qavrama qabiliyyəti fərqlidir. Bəzən sinifdə sağlamlıq imkanları məhdud olan uşaqlar da olur. Onlarla işləmək, onların diqqətlərini dərsə yönəltmək çox çətindir. Müəllim yalnız dərs kitabı ilə kifayətlənməməli, uşağın maraq dairəsinə uyğun digər mənbələr də tapmalıdır. Mən dərsə başlamazdan əvvəl mövzuya aid müxtəlif suallar verir, sinifdə müzakirələr aparıram, oyunlardan, qrup işlərindən istifadə edirəm. Bu zaman uşaqlar fəallaşır, dərs daha maraqlı keçir və yadda qalır.
Bir dəfə imtahan keçirirdim. Şagirdlərin hamısı suallara diqqətlə cavab yazırdı, mən də sinifdə gəzib onlara nəzarət edirdim. Birdən gördüm ki, yaxşı oxuyan, lakin bir o qədər də həyəcanlı olan şagirdim vərəqinə heç nə yaza bilmir. Sualı yaxşı bildiyinə əmin idim, çünki dərsdə bu mövzuya həmişə həvəs göstərirdi. İmtahanın sonunda kağızı götürəndə isə gördüm ki, cavab yerinə belə yazmışdı: “Müəllim, mən bu mövzunu yaxşı bilirəm, amma həyəcanlandım. Siz məni yaxşı tanıyırsınız, cavabıma 5 yazın”.
O kağızı oxuyanda istər-istəməz gülümsədim. Çünki bir tərəfdən uşağın səmimiyyəti məni təsirləndirdi, o biri yandan onun məndən necə insaf istədiyini gördüm. Onu yanıma çağırıb dedim: – sən dərslərdə, həqiqətən, çalışqan olmusan, amma imtahanda da biliklərini göstərmək vacibdir. Gəl, indi sənə bir şans verirəm, mövzunu şifahi olaraq danış. Əvvəlcə yenə həyəcanlandı, amma sonra mövzunu o qədər yaxşı danışdı ki, mən ona “5” yazdım. O şagird illər sonra universitetə qəbul olundu və mənimlə görüşəndə həmin hadisəni xatırlayaraq dedi: “Müəllim, yazdığınız “5” məni çox həvəsləndirdi və daha güclü kömək elədi!”.
Valideynlərlə münasibətlər isə bəzən çətin olur. Çünki onlar çox zaman övladlarının çatışmayan xüsusiyyətlərini qəbul etmək istəmirlər, axı, hər kəs üçün öz uşağı ən ağıllı, ən yaxşıdır. Lakin müəllim kimi biz həm onların güclü, həm də zəif tərəflərini görürük. Mən çalışıram valideynlərlə açıq danışım, hər şeyi səmimi şəkildə izah edim. Çünki müəllim və valideyn əməkdaşlıq etməsə, uşağın inkişafı da tam olmayacaq. Elə buna görə də müəllimlik sadə iş deyil, böyük məsuliyyət tələb edir. Amma hər bir şagirdin uğuru və minnətdarlığı illərin yorğunluğunu unutdurur.
Fidan ƏLİYEVA,
Ləman TƏHMƏZ
XQ