Qars şəhərində fəaliyyət göstərən Prof.Dr.Fahrettin Kırzıoğlup adına Elm və İncəsənət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin “Bir Millət, İki Dövlət” sözləri ilə adlanan otağın açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Qafqaz Universitetinin müəllim və tələbələri, mərkəzin müəllim və şagirdləri, dərnək üzvləri və qarslılar iştirak ediblər.
Azərbaycan Respublikasının Milli Məclisinin üzvü Hikmət Babaoğlu, baş konsul Zamin Əliyev, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova, Qars Təhsil İdarəsinin rəisi Nevzat Kaya və Qars Bələdiyyə sədrinin vəkili Turgay Kızılörenli çıxışlarında Ulu Öndər Heydər Əliyevin azərbaycanlılarının həmrəyliyinə söykənən güclü, möhtəşəm, qüdrətli dövlət yaratmasına diqqət çəkiblər.
Natiqlər müasir Azərbaycan dövlətçiliyinin banisinin nəinki Azərbaycan dövləti, xalqı üçün misilsiz xidmətlərindən, eyni zamanda, bütün türk dünyasının birliyi, həmrəyliyi naminə gördüyü işlərdən, irəli sürdüyü təşəbbüslərdən, çağırışlardan bəhs ediblər.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara