Ölkəmizin son 22 ili bir çox istiqamətlərdə dinamik inkişaf, sosial tərəqqi və mənəvi dirçəliş dövrü kimi tarixə yazılıb. Bu dövrdə formalaşan müasir Azərbaycanın sosial-mədəni mənzərəsində ötən 21 ildə Heydər Əliyev Fondunun rolu və xidmətləri tarixi bir mərhələ təşkil edir. Ümummilli lider Heydər Əliyevin ideyalarını yaşadan və inkişaf etdirən fond bu gün həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə Azərbaycan humanizminin, xeyriyyəçiliyinin və mənəvi dəyərlərə sadiqliyinin rəmzinə çevrilib.
2004-cü ildə yaradılmış fondun fəaliyyətində Heydər Əliyev irsinin qorunması və təbliği ilə yanaşı, təhsil, səhiyyə, mədəniyyət, idman, sosial müdafiə, ətraf mühitin mühafizəsi, humanitar, eləcə də mədəni irsin bərpası kimi sahələrdə çoxşaxəli layihələrin həyata keçirilməsi diqqət mərkəzində saxlanılıb. Azərbaycan cəmiyyətinin bütün təbəqələrini əhatə edən bu fəaliyyət, əslində, insanlara xidmət, mərhəmət və xeyirxahlıq ideyasının daşıyıcısı olub.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən bu missiya dərin mənəvi dayaqlara söykənir. Onun “Əxlaq və mənəviyyat, insaniyyət və şəfqət, inam və məhəbbət, xeyirxahlıq və saf niyyətlər Yaradanın hər birimizə bəxş etdiyi ən gözəl keyfiyyətlərdir” kimi dərin fikri fondun fəlsəfi mahiyyətinin bariz ifadəsidir. Bu yanaşma sözügedən qurumun hər bir təşəbbüsündə, hər bir layihəsində öz əksini tapır. Xeyriyyəçilik burada təkcə maddi dəstək deyil, eyni zamanda, mənəvi borc, insanlığa xidmət formasıdır.
Yarandığı gündən Heydər Əliyev Fondu təhsil sahəsini fəaliyyətinin prioritet istiqamətlərindən biri elan edib. Çünki təhsil cəmiyyətin intellektual potensialının və gələcək inkişafının əsasıdır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı bu baxımdan milli miqyaslı bir layihədir. Proqram çərçivəsində ölkənin ən ucqar bölgələrində belə müasir standartlara cavab verən məktəblər inşa olunub, köhnə təhsil ocaqları əsaslı şəkildə yenidən qurulub, müəllim və şagirdlər üçün əlverişli şərait yaradılıb. Bu layihə təkcə tədris binalarının tikintisi deyil, həm də gələcəyə, gəncliyə, elmə və biliyə qoyulan sərmayədir. Çünki hər bir məktəb, əslində, biliklərlə bərabər, milli ruhun, vətənpərvərlik tərbiyəsinin, mənəvi dəyərlərin aşılandığı mərkəzdir. Fondun təhsil layihələri, eyni zamanda, sosial ədalət prinsipinə xidmət edir – imkanlı və imkansız bölgələr arasında bərabər təhsil mühitinin yaradılmasına, hər bir uşağın bərabər imkanlarla gələcəyə addımlamasına şərait yaradır.
Fondun fəaliyyət istiqamətləri sırasında səhiyyə və sosial sahələr xüsusi yer tutur. “Diabetli uşaqlara xüsusi qayğı”, “Talassemiyasız həyat naminə”, “Eşitmə qüsurlu uşaqlara dəstək” kimi layihələr, uşaq evləri və internat məktəblərin yenidən qurularaq müasir tibbi avadanlıqlarla təmin edilməsi, əlilliyi olan şəxslərin sosial adaptasiyasına yardım təşəbbüsləri bunun parlaq ifadəsidir. Qurumun bu sahədə gerçəkləşdirdiyi layihələr onun bütün fəaliyyətinin mərkəzində insan amilinin dayandığını sübut edir. Məhz bu humanist yanaşma sayəsində fond milyonlarla ailənin sevincinə, uşaqların gülüşünə, yaşlı insanların rahatlığına səbəb olur.
Milli kimliyin, tarixi yaddaşın himayədarı
Azərbaycanın zəngin mədəni irsinin qorunması və təbliği də Heydər Əliyev Fondunun prioritet istiqamətlərindən biridir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr nəticəsində ölkəmizdə indiyədək yüzlərlə tarixi, mədəniyyət və dini abidə bərpa olunub. Bunların arasında məscidlər, kilsələr, karvansaralar, muzeylər, qədim qalalar və memarlıq abidələri var.
Onu da deyək ki, Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra Heydər Əliyev Fondunun fəaliyyətində yeni bir istiqamət – azad edilmiş ərazilərin bərpası və mədəni həyatın dirçəldilməsi xüsusi önəm kəsb edir. Qurumun təşəbbüsü ilə Ağdam, Füzuli, Şuşa, Cəbrayıl, Zəngilan və digər rayonlarda tarixi-dini abidələrin, məscidlərin, mədəniyyət ocaqlarının bərpası həyata keçirilir. Bu, təkcə bərpa prosesi deyil, həm də milli kimliyimizin, tarixi yaddaşımızın bərpasıdır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bu layihələr, əslində, mədəni dirçəliş missiyasının bariz ifadəsi, xalqımızın tarixi ədalətinin, ruhunun və iradəsinin təntənəsidir.
Sərhədləri aşan humanitar missiya
XXI əsrdə qlobal dəyərlər sistemində mədəni irsin qorunması, bəşəriyyətin ortaq tarixinin yaşadılması və müxtəlif sivilizasiyalar arasında dialoqun möhkəmləndirilməsi mühüm önəm daşıyır. Bu baxımdan, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti milli sərhədləri aşaraq dünyada sülh, tolerantlıq və mədəniyyətlərarası əməkdaşlığın inkişafında xüsusi əhəmiyyət kəsb edir. Fondun Vatikanda həyata keçirdiyi bərpa layihələri isə bu missiyanın ən parlaq nümunələrindən biri kimi beynəlxalq miqyasda yüksək qiymətləndirilir.
Heydər Əliyev Fondu yaranan gündən humanizm, mədəniyyətə və mənəvi dəyərlərə hörmət prinsiplərini fəaliyyətinin əsas xəttinə çevirib. Qurumun fəaliyyəti müxtəlif qitələrdə, müxtəlif din və mədəniyyət məkanlarında pozulmaz iz qoyub.
Vatikanda reallaşdırılan layihələr də bunun konkret və təsirli təzahürüdür. Fondun təşəbbüsü ilə burada bir sıra tarixi abidələrin, qədim xristian incəsənəti nümunələrinin bərpasına xüsusi həssaslıqla yanaşılır. Bu, Azərbaycanın mədəni irsə münasibətdə nümayiş etdirdiyi universal yanaşmanın, dinindən və milliyyətindən asılı olmayaraq bəşəri dəyərlərin qorunması siyasətinin məntiqi nəticəsidir.
Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi bərpa işləri sırf texniki xarakter daşımır. Bu layihələr, əslində, tarixi yaddaşın bərpası, sivilizasiyalararası körpülərin möhkəmləndirilməsi və qarşılıqlı hörmətin təbliği baxımından strateji əhəmiyyətə malikdir. Fondun maliyyə dəstəyi ilə Roma Katakombalarının müəyyən hissələri, qədim mozaikalar və incəsənət abidələri uğurla bərpa olunur. Bu layihələr Vatikanın mədəni irsinin qorunmasına yönəlməklə yanaşı, həm də xristian dünyası ilə müsəlman dünyası arasında qarşılıqlı anlaşma və əməkdaşlığın dərinləşməsinə xidmət edir. Bütün bunlar, eyni zamanda, Azərbaycanın multikulturalizm modelinin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm hadisə kimi qiymətləndirilir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 2025-ci il oktyabrın 16-17-də Müqəddəs Taxt-Taca – Vatikana rəsmi səfəri də bu baxımdam əhəmiyyətli bir hadisədir. Qeyd edək ki, bu səfər təkcə diplomatik hadisə deyil, eyni zamanda, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun yeni mərhələsinə açılan mənəvi körpü kimi diqqət çəkir. Səfər çərçivəsində keçirilən görüşlər də Azərbaycan – Vatikan münasibətlərinin artıq formalaşan, qarşılıqlı etimad və hörmət prinsiplərinə əsaslanan əməkdaşlıq xəttinin məntiqi davamının parlaq ifadəsidir.
Yeri gəlmişkən, Azərbaycan son illər beynəlxalq arenada mədəniyyətlərarası və dinlərarası dialoq məkanı kimi tanınır. Bu, təsadüfi deyil. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu, eləcə də müxtəlif dinlərə və etnik qruplara tolerant münasibət bəslənilməsi Azərbaycanda dövlət fəlsəfəsinin ayrılmaz hissəsi olaraq diqqət çəkir.
Bu siyasətin ən parlaq təzahürlərindən biri də Mehriban Əliyevanın fəaliyyəti ilə bağlıdır. O, birinci xanım, Birinci vitse-prezident və Heydər Əliyev Fondunun rəhbəri kimi illərdir ki, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə mədəni və dini irsin qorunmasına, mənəvi dəyərlərin təbliğinə, xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə mühüm töhfələr verir.
Mehriban Əliyevanın Vatikana indiki səfəri isə bu istiqamətdə həyata keçirilən çoxşaxəli diplomatiyanın yeni mərhələsinin başlanğıcı oldu. Roma Papası XIV Leo ilə görüş, mədəni-humanitar layihələrin müzakirəsi iki ölkə arasındakı münasibətlərin strateji və mənəvi dərinliyini nümayiş etdirdi. Roma Papası tərəfindən qəbul olunduğuna görə təşəkkürünü bildirən Mehriban xanım Vatikan ilə Azərbaycan arasında son illərdə münasibətlərin, ikitərəfli əlaqələrin xeyli inkişaf etdiyini vurğuladı.
Birinci vitse-prezident, eyni zamanda, son illər ərzində Heydər Əliyev Fondunun bərpa işlərində, həmçinin elmi araşdırmalarda, mədəni mübadilələrdə Müqəddəs Taxt-Tacla bir sıra layihələr gerçəkləşdirdiyini diqqətə çatdırdı. O, Heydər Əliyev Fondu ilə Vatikan arasında imzalanmış sazişlərə əsasən bəzi layihələrin uğurla başa çatmasından sonra digərlərinin icrasına da başlanıldığını vurğuladı.
Xatırladaq ki, Vatikan səfərində Azərbaycanın tolerant siyasəti dinlərarası dialoqun uğurlu nümunəsi kimi yüksək qiymətləndirilib. Məhz bu qarşılıqlı anlayış nəticəsində bir sıra birgə layihələr həyata keçirilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vatikan ərazisindəki qədim katakombalar bərpa olunub. Bu, Azərbaycanın İslam mədəniyyəti ilə bərabər, ümumbəşəri irsə verdiyi dəyərin təzahürü olaraq qeyd edilib.
Mehriban Əliyevanın rəhbərlik etdiyi fondun Vatikanla əməkdaşlığı illərdir ki, uğurla davam edir. Qurumun dəstəyi ilə “San-Marçellino və Pietro”, “San-Sebastiano” kimi tarixi abidələrin bərpa olunması da bunun bariz ifadəsidir. Bu fəaliyyət dünya ictimaiyyətinə açıq mesaj verir: Azərbaycan mədəni irsi öz sərhədləri daxilində olmaqla bərabər, dünyada da bütün bəşəriyyətin dəyəri kimi qoruyur.
Bu məqamda xatırladaq ki, Azərbaycanın bu gün beynəlxalq aləmdə mənəvi dəyərlərin daşıyıcısı kimi çıxış etməsi müasir dünyanın böhranlı çağında da mühüm önəm daşıyır. Çünki hazırda sivilizasiyalararası gərginliklər, dinlərarası yanlış stereotiplər fonunda Azərbaycan nümunəsi fərqli mədəniyyətlərin sülh və harmoniya şəraitində bir arada yaşaya biləcəyini göstərir.
Vatikana səfər zamanı, həmçinin xristian və müsəlman dünyası arasında dialoqun daha da gücləndirilməsi məsələləri diqqət mərkəzində saxlanılıb. Mehriban xanım Əliyeva tərəfindən Azərbaycanın tarixi tolerantlıq təcrübəsi, çoxmədəniyyətli cəmiyyət modeli bir daha dünya ictimaiyyətinə təqdim edilib. Bu, ölkəmizin qlobal humanitar əməkdaşlıqda fəal rolunun sübutu kimi yüksək dəyərləndirilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskuale Yakobone ilə görüşü zamanı səsləndirdiyi fikirlər də yuxarıda vurğulanan dəyərləndirmənin bir daha təsdiqinə çevrilib: “Azərbaycan əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin birgə sülh, qarşılıqlı hörmət, tolerantlıq və harmoniya şəraitində yaşayan bir məkan olub. Bu prinsiplər Azərbaycanın dövlət siyasətimizin əsası olmaqla bərabər, həm də həyat tərzinə çevrilib. Bugünkü mürəkkəb dünyada dövlətlərimiz arasında genişlənən əməkdaşlıq, dostluq əlaqələri beynəlxalaq aləmdə bir nümunə kimi yüksək qiymətləndirilib”.
Mədəni diplomatiyanın önəmi və nüfuzu
Mehriban xanım Əliyevanın beynəlxalq fəaliyyətində mədəni diplomatiya xüsusi yer tutur. Onun təşəbbüsü ilə təkcə Vatikanda deyil, eyni zamanda, Paris, Moskva və Roma kimi mədəniyyət mərkəzlərində Azərbaycan mədəniyyəti, incəsənəti və musiqisi uğurla təbliğ olunur. Birinci vitse-prezidentin rəhbərliyi ilə həyata keçirilən layihələr – tarixi irsin bərpası, təhsil və səhiyyə proqramları, beynəlxalq humanitar forumlar Azərbaycanı dünyada sülh və mədəniyyətlərarası dialoqun etibarlı tərəfdaşı kimi tanıdır.
Vatikana səfər də bu missiyanın davamı kimi yüksək dəyərləndirildi. Burada Mehriban Əliyeva respublikamızın mədəni və mənəvi simasını ən yüksək səviyyədə təmsil etdi. Bu səfər ölkəmizin dünyadakı imicini möhkəmləndirən, eyni zamanda, mənəvi diplomatiyanın yeni səhifəsini açan hadisəyə çevrildi.
Birinci vitse-prezident səmərəli fəaliyyəti ilə Azərbaycan mədəniyyəti ilə yanaşı, dünya irsini də qorumağa önəmli töhfə verir. Bu siyasət Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəlsəfəsində əsas yer tutur. Fondun həyata keçirdiyi bərpa layihələri, dini abidələrin yenilənməsi, xeyriyyə aksiyaları müxtəlif konfessiyalara mənsub insanların qarşılıqlı hörmət ruhunda birləşməsini şərtləndirir.
Bakıda katolik kilsəsinin bərpası və fəaliyyəti üçün yaradılan əlverişli şərait, eləcə də Vatikanda Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Müqəddəs Kommodilla katakombaları, Müqəddəs Pyotr Bazilikası və bu istiqamətdə gerçəkləşdirilən digər layihələr sözügedən siyasətin parlaq ifadəsidir. Bütün bunlar Azərbaycanın dinlərarası münasibətlərdə nümunəvi model formalaşdırdığını, ölkəmizdə İslam, xristianlıq və yəhudiliyin yüzillərlə sülh şəraitində mövcudluğunu göstərir.
Vatikana səfər geosiyasi baxımdan da əhəmiyyətli hadisədir. Müasir beynəlxalq münasibətlərdə Vatikanın mənəvi nüfuzu danılmazdır. Azərbaycan bu platformada fəal iştirak etməklə öz sülh və əməkdaşlıq siyasətini qlobal səviyyədə təqdim edir. Səfər həm də Qafqaz regionunda sabitlik, tolerantlıq və mədəni əməkdaşlıq üçün yeni əlverişli imkanlar açır. Azərbaycanın regional siyasətində humanitar diplomatiya ilə siyasi reallıqlar arasında mükəmməl balans yaranır. Mehriban xanım Əliyevanın Vatikandakı fəaliyyəti bu balansın parlaq nümunəsi kimi diqqət çəkir.
Beləliklə, Azərbaycanın Birinci vitse-prezidentinin Vatikana səfəri Azərbaycan diplomatiyasının mənəvi dəyərlərə, mədəni irsə və sülhə əsaslanan yeni istiqamətini bir daha təsdiqlədi. Bu səfər Azərbaycanın təkcə enerji resursları ilə deyil, həm də mədəni və humanitar gücü ilə dünyada özünəməxsus yer tutduğunu bir daha göstərdi. Ümummilli lider Heydər Əliyevin yaratdığı milli siyasət xətti, Prezident İlham Əliyevin qlobal miqyasda formalaşdırdığı diplomatik fəlsəfə və Mehriban xanım Əliyevanın həyata keçirdiyi humanitar missiyalar isə bu bütöv strateji xəttin bir-birini tamamlayan hissələridir.
Müqəddəs Taxt-Tacdan görünən Azərbaycan
Heydər Əliyev Fondunun Vatikandakı fəaliyyəti Müqəddəs Taxt-Tac tərəfindən də yüksək dəyərləndirilib. Vatikan rəsmiləri dəfələrlə qeyd ediblər ki, Azərbaycanın bu təşəbbüsü mədəni irsin qorunması ilə yanaşı, həm də mədəniyyətlərarası dialoqun inkişafına misilsiz töhfədir.
Roma Papası XIV Leo ilə, eləcə də müxtəlif səviyyəli görüşlərdə Azərbaycanın bu fəaliyyətinə göstərilən diqqət, əslində, Bakının beynəlxalq humanitar siyasətdə qazandığı nüfuzun göstəricisidir. Vatikanla Azərbaycan arasında bu sahədə yaranmış əməkdaşlıq modeli, bir tərəfdən, tarixi abidələrin bərpasını şərtləndirir, digər tərəfdən isə dinlər və mədəniyyətlər arasında etimadın güclənməsinə əlverişli şərait yaradır.
Heydər Əliyev Fondunun uğurlarında qurumun rəhbəri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü və fəaliyyəti həlledici rol oynayır. Onun rəhbərliyi ilə həyata keçirilən beynəlxalq layihələr, xüsusən də Vatikandakı bərpa proqramları Azərbaycanın sivilizasiyalararası dialoqa verdiyi töhfəni dünya miqyasında nümayiş etdirib.
Beləliklə, Müqəddəs Taxt-Tacın Azərbaycanın Birinci vitse-prezidentinin fəaliyyətinə verdiyi yüksək qiymət, əslində, Azərbaycanın dünyada artan nüfuzunun və humanitar siyasətinin təsdiqidir. Heydər Əliyev Fondunun bu missiyası mədəniyyət dilinin sərhəd tanımadığını və Azərbaycanın bu dildə dediyi sözlərin həm xristian, həm müsəlman, həm də bütün bəşəriyyət üçün anlaşılan, eləcə də dəyərli olduğunu bir daha göstərdi.
Luvrdan Strasburqa mənəvi körpü
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri sayəsində ölkəmiz bu gün mədəni diplomatiya sahəsində təkcə Vatikanda deyil, həm də Luvr, Versal və Strasburqda nüfuzlu və etibarlı tərəfdaş kimi tanınıb. Heydər Əliyev Fondunun dəstəyi ilə Fransanın paytaxtı Paris şəhərinin mərkəzində yerləşən və dünyanın ən çox ziyarət edilən Luvr muzeyinin Şərq mədəniyyətinə həsr olunmuş bölmələrinin bərpası və yenilənməsini gerçəkləşdirən layihə Azərbaycana təkcə qədim mədəniyyətin varisi olmaqla bərabər, həm də müasir dünyanın mədəni irsinin qorunmasına töhfə verən dövlət kimi nüfuz qazandırıb. Luvrla əməkdaşlıq, eyni zamanda, respublikamızın Avropa ictimai rəyində humanitar, tolerant və sülhsevər ölkə imicini möhkəmləndirib.
Heydər Əliyev Fondunun dəstəyi ilə Avropa mədəniyyətinin rəmzi olan Versal sarayında aparılan bərpa işləri də Azərbaycanın humanist siyasətinin bariz ifadəsi kimi diqqət çəkib. Bu layihə bir tərəfdən Fransa ilə Azərbaycan arasında mədəni əlaqələrin dərinləşməsini, digər tərəfdən ölkəmizin beynəlxalq mədəni irsin qorunması istiqamətində məsuliyyətli tərəfdaş kimi qəbul edilməsini şərtləndirib. Bir sözlə, Versal kimi dünya əhəmiyyətli abidələrin bərpasına dəstək göstərmək Azərbaycanın qlobal miqyasda mədəni diplomatiyasının davamlılığını sübut edib.
Strasburq da beynəlxalq aləmdə mədəniyyətlərarası dialoqun rəmzi kimi tanınır. Burada Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihələr, xüsusilə mədəniyyət günləri, sərgilər və musiqi tədbirləri Azərbaycanın Avropa mədəni məkanında fəal iştirakından xəbər verir.
Göründüyü kimi, Azərbaycanın Luvrdan Strasburqa uzanan bu mədəni missiyası bir daha sübut edir ki, mədəniyyət sərhədləri aradan qaldıran ən güclü vasitədir. Heydər Əliyev Fondunun təşəbbüsləri, Mehriban xanım Əliyevanın humanist baxışı və dövlətin ardıcıl siyasəti nəticəsində Azərbaycan bu gün sivilizasiyalararası dialoqun aparıcı tərəflərindən biridir.
***
Mehriban xanım Əliyevanın humanitar sahədəki fəaliyyəti BMT, UNESCO və digər beynəlxalq qurumlar tərəfindən də dəfələrlə yüksək qiymətləndirilib. Onun təşəbbüsləri sübut edir ki, Azərbaycan təkcə enerji resursları ilə deyil, həm də mədəni dəyərlərin qorunması, sülh və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi ilə dünyanın diqqət mərkəzinə çıxır.
Azərbaycan qədim dövrlərdən etibarən Şərq və Qərb sivilizasiyalarının qovuşduğu məkandır. Bu coğrafi və mədəni üstünlük bu gün də dövlət siyasətində öz əksini tapır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən multikulturalizm siyasəti, müxtəlif dinlərin və xalqların dinc birgəyaşayışına əsaslanan milli model artıq beynəlxalq nümunəyə çevrilib.
Vaqif BAYRAMOV
XQ