Göytəpənin gözəl çağı...

post-img

Ölkəmizdəki peyk-şəhərlərdən biri də Cəlilabad rayonundakı Göytəpədir. Burada qohumlarımgildə qonaq qalmışam və kiçik şəhərin özəlliklərinə bələd olmuşam. Bir çox sakinləri, parkı, bazarı, abidələri ilə tanışam.

Tarixi mənbələrə görə, bu yerin ilk adı Sibilcan yaylağı olub. Rusiya imperiyası XIX əsrdə Azərbaycan xanlıqlarını ilhaq edəndən sonra bölgəyə Volqaboyundan 250 min nəfərdən çox rus köçürüb. Onların bir hissəsi də Lənkəran qəzasının Astraxanbazar (indiki Cəlilabad) ərazisində yerləşdirilib. Bu məntəqəyə kazak dəstəsinin başçısı Pristan Şilovun adına uyğun olaraq, Prişib adı verilib. SSRİ dağılandan sonra gəlmələrin çoxu Rusiyaya köçüb getsə də, Göytəpədə rus üslubunda tikilmiş palıd evlərin çoxu durur. Rus pravoslav kilsəsi də əsryarımdır ki, köhnə Bakı–Lənkəran yolunun qırağında qorunub saxlanır. Göytəpə 1976-cı ildən şəhər statusu daşıyır. 1992-ci ildə Azərbaycan parlamentinin qərarı ilə şəhərin tarixi adı Göytəpə bərpa edilib. Geniş iqtisadi və sosial infrastrukturu var.

Göytəpəlilər müxtəlif sahələrdə dövlət və özəl müəssisələrdə çalışırlar. Əkinçilik daha çox inkişaf edib. Ərazidə əsasən çiyələk, kartof, üzüm, taxıl, yonca əkilir. Burada yetişdirilən kartof və çiyələk öz dadı ilə seçilir və xarici bazarlara da ixrac olunur. Vaxtilə burada avtotəmir zavodu və digər müəssisələr olub. Şəhərin 3 məktəbi, mədəniyyət evi, seçki dairəsi, Cümə məscidi mövcuddur. Cəlilabad Texniki Peşə Mərkəzi də bu ərazidədir. Xəstəxana köhnə olduğu üçün yenisi tikilib qurtarmaq üzrədir. Bu səhiyyə ocağı 3 mərtəbəli, 60 çarpayıdan ibarət olacaq. Heydər Əliyev Fondu tərəfindən tikilən Vasif Hüseynov adına 2 nömrəli tam orta məktəb isə ötən ay yeni binasında şagird və müəllim kollektivini qəbul edib.

Göytəpə çayının sahilində inşa edilmiş Heydər Əliyev parkı şəhərin əsas istirahət mərkəzidir. 10 il əvvəl Prezident İlham Əliyevin iştirakı ilə bu park-bulvarın açılışı olub. Ərazisində Ümummilli liderin bürüncdən abidəsi ucaldılıb. Məkanının ümumi ərazisi 30 min kvadratmetrdir. Musiqili fəvvarə, müasir işıq dirəkləri, rahat oturacaqlar , yaşıllıq zolağı parkın gözəlliyini artırır.

Yaxınlıqdakı Şəhidlər xiyabanını sakinlər və qonaqlar daim ziyarət edirlər. Yeri gəlmişkən, göytəpəlilər Azərbaycanın Milli Qəhrəmanları Vüqar Mürsəlovun (1963-1992) və Rəşad Abdullayevin (1998-2020), eləcə də digər şəhidlərin həmyerliləri olmaları ilə qürur duyurlar. Xiyabanda görüşdüyümüz şəhər sakini Əhsən Əliyev dedi:

– Allah bütün şəhidlərimizə rəhmət eləsin. Təkcə bizim küçənin 3 şəhidi burada uyuyur. Bunlar Birinci Qarabağ savaşında nəşi tapılmayan, itkin Etiram Əmirxan oğlu Əmirov, Vətən müharibəsində 17 şəhidi, 247 yaralını döyüş meydanından çıxaran həkim leytenant Mirlətif Mirislam oğlu Ağayev və 2022-ci il 16 sentyabrda şəhid olan Kəlbəcər fatehi İsa Rəhim oğlu Kəlbiyevdir. Ərazimizin hər iki hissəsindəki küçələr şəhid adlarını daşıyır. Rayonumuzda əbədiyyət yolçularımızın ruhuna böyük ehtiram bəslənilir.

İctimai fəal, iş adamı Rafiq Abişov şəhid məzarlarının yenidən qurulmasını həyata keçirməkdə aztəminatlı ailələrə maddi dəstək göstərməkdə nümunədir. Vətən müharibəsi zamanı öz maşını ilə cəbhəyə ərzaq yardımları çatdıraraq ordumuzun zəfərinə töhfə verib. Göytəpədə aparılan abadlıq-quruculuq işlərinə də köməyini əsirgəmir.

– Bura bizim doğma ünvanımızdır, – deyə o bildirdi. – Gərək hər birimiz yurdumuzun qədrini bilək, gözəlliklərini artırmağa çalışaq. Rayon rəhbərliyinin Göytəpəyə diqqətindən çox razıyıq.

İnişil Göytəpə şəhərinin yeni Baş planının təqdimatı olub. Qeyd edilib ki, ərazinin kompleks qiymətləndirilməsinə nəqliyyat, su, qaz, istilik və elektrik təhcizatı, kanalizasiya sistemlərinin hazırlanması daxildir və bütün bu işlər Baş plana uyğun aparılacaq. Bu il mayın 16-da Nazirlər Kabineti “Göytəpə şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təsdiq edilməsi haqqında qərar verib.

Ötən ay şəhər ərazisində əhalinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə bir sıra küçə və yollarda asfaltlama işlərinə başlanılıb. Əvvəlki illərdə də davam etdirilən bu layihələr həm nəqliyyat sisteminin ahəngdar işləməsinə, həm də şəhərin səliqə-sahmanının artırılmasına, əhalinin rahatlığının təmin olunmasına xidmət edir. Uzunmüddətli perspektivdə Göytəpənin daha gözəl, təhlükəsiz və yaşanılan məkana çevrilməsinə zəmin yaranır. Artıq Rövşən İsmayılov, İnqilab Niftullayev, Yusif Məmmədəliyev, Akif Xanışov küçələrində, N.Nərimanov küçəsi ilə Savalan küçəsini birləşdirən döngədə və 2 saylı tam orta məktəbin həyətində 1500 metrdən artıq asfaltlama işləri yekunlaşıb...

Ə.DOSTƏLİ
XQ





Sosial həyat