Doğma Qarabağımızda 30 il qəlbimizi didib-tökən tarixi haqsızlığa rəşadətli Azərbaycan Ordusu 5 il əvvəl Ali Baş Komandanına, xalqına arxalanaraq son qoydu. Torpaqlarımızı qansız düşmənin əlindən döyüşərək aldı. Diplomatik yollarla mümkün olmayan haqq-ədaləti hərb yolu ilə həll etdi igid Azərbaycan əsgəri. Azadlıq, müstəqillik, suverenlik kimi bəşəri dəyərləri ordumuzun qazandığı zəfərlə doya-doya yaşadıq. Üstündən 5 il keçməsinə baxmayaraq, bu qürurlu anların, hisslərin təsirindən hələ də çıxmamışıq, o hisslər bu gün də qəlbimizi sonsuz sevincə bürüyür, bu gün də bir uşaq kimi onun təsiri altında kövrəlirik.
44 günlük qələbədən sonra təbii ki, mən də Qarabağda olmuşam, Şuşada onu bizlərə yenidən bəxş edən şəhid əsgərlərimizin ruhunu ehtiramla yad etmişəm, Suqovuşanın sularına baxaraq onu yenidən bizə qovuşduran igid oğullarımızın xatirəsinə kövrəlmişəm, Xudafərin körpüsünün yanında Arazın sularına boylanaraq şəhidlərimizin ruhu qarşısında diz çökmüşəm. Xan Arazın sularının sevinclə çağlamasını görmüşəm. Bir də dağıdılan, viran qalan yurd yerlərimizi görmüşəm. İnsan vəhşiliyinin hüdudsuz olduğunu onda bütün varlığımla hiss etdim.
Bütün bunlar qələbədən 1 il sonra idi, Zəfər yolu yenicə istifadəyə verilmişdi və mən də bu yolla Şuşaya gedən ilk qrupun tərkibində idim. O vaxtdan bu günə qədər Qarabağda elə möhtəşəm işlər görülüb ki, onları gözlərimlə görmək, bu işlərdən yazmaq bir jurnalist kimi mənim də boynumun borcu olduğunu bilirəm. Bu gün Qarabağa getmək daha da asanlaşıb. Portaldan qeydiyyatdan keçərək hər kəs bu müqəddəs yerləri ziyarət edə, şəhidlərimizin ruhunu yad edə bilir. Bu dəfə Şuşaya Ağdam istiqamətində getməyi planlaşdırdım. Çünki 44 günlük müharibədən sonra həm Üçtərəfli razılaşma əsasında, həm də antiterror əməliyyatı ilə azad edilən torpaqlarımızda olmamışdım.
Hanı sənin ağ damların, qoca Ağdamım?
Bərdədən yeni çəkilən Ağdam yoluna keçirik. Yolun başlanğıcında bir anlıq işğal dövründə bu yola tökülən qum anbarının qarşısında dayanıb kövrələn, Ağdam istiqamətinə baxaraq göz yaşlarını içinə axıdan Milli Məclisin deputatı Aqil Abbasın ekranın bu tayında bizləri də kövrəldən halını xatırladım. Evin-eşiyin bir addımlığında ola, yurdun-yuvanın həsrətini çəkəsən, amma əlin çatmaya. Bəlkə də bizlərə bu sınaq lazım idi. Bu sınaq çox qaranlıqların üstünü açdı, bu sınaq hər şeydən əvvəl gözümüzü açdı. Öz insanpərvərliyimiz, humanizmimiz bizləri lap kor edibmiş.
Ağdam yolu indi bizi azad, lakin daşı daş üstə qalmayan Ağdama aparırdı. Yola söz ola bilməz, yolboyu hələ də mina təhlükəsi olduğundan girişi qadağan olunan torpaqlarımızın payız büsatını seyr edirik. Ağdama çatırıq. Ağdam dağıntılardan kənarda yenidən inşa edilir. Ağdamın Ağ damlarından əsər-əlamət qalmayıb. Respublikanın ən abad, ən firavan şəhəri olan Ağdamdan bu gün yalnız xarabazarlıqlar qalıb. Ağdamlılar bu 30 ildə nələr yaşadılar bir özləri bilirlər. Təkcə ağdamlılarmı? Bu işğal, eyni zamanda, muğam beşiyimiz olan Ağdama bir zərbə idi. Milli-mənəvi dəyərlərimizə bir zərbə idi. Həmkarlarımdan biri o illərdə yazmışdı ki, çadır şəhərində Qədirlər, Saralar doğulmaz. İlk qarşımıza çıxan yenicə inşa edilərək istifadəyə verilən Ağdam Muğam Mərkəzi oldu. 2023-cü ildə inşasına başlanan bu bina bu il may ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılıb. Burada 474 yerlik konsert zalı var. Muğam Mərkəzinin ərazisində 615 tamaşaçı tutumu olan açıq amfiteatr da inşa edilib. Mərkəz Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin özünə qaytarılmasında böyük rol oynayacaq.
Əriyən nisgillər
Ağdam Cümə məscidini 1868-1870-ci illərdə Memar Kərbəlayi Səfixan Qarabaği tikmişdir. 1993-cü il işğalından sonra digər tarixi abidələrimiz kimi, Ağdam Cümə məscidi də yandırılıb, ciddi dağıntılara məruz qoyulub. 2022-ci ildə burada konservasiya və restavrasiya işləri aparılıb. Ağdam məscidinə digər ziyarətçilər kimi mən də daxil oluram. Əvvəlcədən burada namaz qılmağı niyyət etmişdim. Lakin elə ilk duanı oxumuşdum ki, məni qəhər boğdu, özümü ələ almağa nə qədər çalışsam da mümkün olmadı. Hər iki əlimlə üzümü tutdum və bu hisslərimi başqalarından gizlətməyə çalışdım. Çünki məscidin içi insanlarla dolu idi, bəziləri namaz qılır, bəziləri isə bu anları əbədiləşdirmək üçün şəkil çəkdirirdilər.
Kövrək xatirələr məni 1993-cü ilin aprel ayına aparmışdı. O illərdə Azərbaycan radiosunda çalışırdım. Qarabağda baş verənlər hamımızı sarsıdırdı. Ağdama gəlmişdim, buradan silsilə verilişlər hazırlamalı idim. Mənimlə gələn mədəniyyət işçiləri döyüşçülər qarşısında çıxış edəcək, onların döyüş ruhunu qaldıracaqdılar. Bizi Rayon Partiya Komitəsində qarşıladılar və döyüş bölgələrinə getmək üçün bələdçi verdilər. Lakin dönə-dönə bildirdilər ki, bu çox təhlükəlidir və düşmən Ağdamın bir addımlığındadır.
Biz Muğanlı və Papravənd kəndlərində olduq, qəhrəman döyüşçülərlə, könüllülərlə görüşdük. Bu döyüşçülər bu cür təminatla, bu cür idarəetmə ilə irəli getməyin mümkün olmadığını bilsələr də, bir addım geri dayanmırdılar. Papravənddə könüllü diviziyanın yerləşdiyi məktəbin həyətində bir ədəd tankı görüb sevinmişdik, lakin bu sevinc uzun sürmədi. Tank döyüşçülərin işinə yaramamışdı, xarab idi. Ağdamın girişində 1 nömrəli məktəbdə yerləşən hərbi hospitalda da olduq. Əgər bunu hospital adlandırmaq mümkün olarsa... Heç bir şəraiti olmayan bu divarlar arasında vaxtında ilkin yardım göstərmək mümkün olmadığından onlarla igid oğlumuz dünyasını dəyişmişdi. Qarabağdan, Ağdamdan ürəyimdən ağır bir daş asılmış kimi qayıtdım.
Bir neçə ay sonra Ağdam işğal olundu, mənim görüşdüyüm könüllülərin sağ qalanı demək olar ki, olmadı. Bunu dəqiq bilirəm, çünki onlar Zaqataladan olan könüllülər idi. İndi mən Ağdam məscidində bunları xatırlayaraq hıçqırıqlarımı içimə tökürdüm. Qoy bu hıçqırıqlarım şəhidlərimiz qarşısında ibadətim olsun.
20 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri Ağdam şəhərinə daxil olur. Bununla Ağdam şəhərinin işğalına son qoyulub. Prezident İlham Əliyev Ağdamın işğaldan azad edilməsi ilə bağlı xalqımıza müraciətində demişdir: “Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir”.
... Ağdam məscidindən Ağdam Şəhidlər xiyabanına gəlirik. İşğaldan sonra Ağdama gələn hər bir ağdamlının ilk işi doğmalarının məzarlarını axtarmaq olmuşdur. Təəssüf ki, yağı düşmən qəbiristanlıqları elə bir hala salmışdır ki, orada hər hansı bir qəbiri müəyyən etmək çox çətin idi. Qəbirlərin mərmər daşları sökülərək daşınmış, “goreşənlər” bununla da kifayətlənməmiş, qəbirləri qazaraq meyitlərin üzərindəki qızıl əşyaları, xüsusilə qızıl dişləri söküb götürmüşdülər. Ətrafdakı dağıntılardan elə sarsılmışıq ki, heç kəs dinib-danışmırdı. Ağdam işğal olunandan qabaq Ağdam məscidində nə qədər ölü kəfənlənmişdi, bunun sayı-hesabı yoxdur. Bəs Milli Qəhrəmanımız Allahverdi Bağırovun düşmən əsarətindən qurtardığı insanların, müxtəlif yollarla dəyişdiyi insan cəsədlərinin sayı varmı? Bu cəsədlər də məscidə gətirilir və orada doğmalarına təhvil verilirdi.
Ağdam Şəhidlər xiyabanında bu igid insanın qəbrini ziyarət edirik. Bir faktı yazmaq istəyirəm, Allahverdi Bağırov üç gün ərzində təkcə 1003 xocalılını əsirlikdən xilas etmişdi. Bundan başqa, o, həm də Ağdamın “Qarabağ” futbol klubunun şərəfini qoruyub. 1976-cı ildə klubun baş məşqçisi təyin olunub və həmin ildə keçirilmiş Ümumittifaq birinciliyində Azərbaycanın 4-cü yeri tutmasında böyük səy göstərib. Bu gün “Qarabağ” futbol komandası dünyanı heyran qoyur. Ağdam Şəhidlər xiyabanını hər gün yüzlərlə insan ziyarət edir, şəhidlərin ruhuna dualar oxuyur.
Xankəndi, sən bizimsən!
Ağdamdan sonra Əsgəran yolu ilə Xocalı, Xocavənd yaxınlığından keçərək irəliləsək də, xalqımızın yaşadığı faciənin miqyasını elə buradan da görmək mümkün olur. Bu ərazilər Xocalı faciəsinin törədildiyi yerlərdir. XVIII əsrdə Pənahəli xanın öz xanlığının şərq sərhədində tikdirdiyi “Əsgəran qalası” adı ilə tanınan sədd, Qarqarçayın bu gün aramla axan suları o faciənin əbədi şahidləridir. Xocalının azad edilməməsi bir nisgil kimi ürəyimizdə qalmışdı. 2023-cü il sentyabr ayının 19-dan 20-nə keçən gecə həyata keçirilən antiterror əməliyyatı xalqımıza ikinci dəfə qələbə sevinci yaşatdı. Bu əməliyyat nəticəsində torpaqlarımız işğaldan tam azad edildi, müstəqilliyimiz, suverenliyimiz tam bərpa olundu. Nəinki Xocalı, Xanın kəndi belə öz azadlığına qovuşdu. Xankəndidən ermənilərin bir nəfər kimi baş götürüb getməsi çox təbii idi. Çünki orada elə bir erməni yox idi ki, onun əli azərbaycanlıların qanına bulaşmış olmasın. Ali Baş Komandan qəti şəkildə bildirirdi ki, biz bu cinayətləri bilirik, cinayətkarların hər birinin adı bizə məlumdur.
Bu gün Bakıda məhkəməsi gedən Dağlıq Qarabağ hərəkatının liderlərinin dəmir barmaqlıqlar arasındakı “aciz” durumları da buna sübutdur. Hər məhkəmədə onlarla şahid danışır, bu insanabənzər vəhşi xislətlilərin üzünə onların törətdikləri cinayətləri bir-bir deyirlər. Artıq dünya bunu inkar edə bilmir. Çünki şahidlərimiz sağdır, çünki törədilən cinayətlər qeyri-insanidir və onlar ədalət məhkəməsi qarşısındadırlar.
Sevincimiz nə qədər çox olsa da, bu ağır düşüncələrdən xilas olmaq mümkün deyildir. Çünki bunlar müharibə cinayətləri idi və Qarabağın hər qarış torpağında onun izləri qalmaqdadır. Bu yaranı sarımaq üçün bizə hələ uzun illər lazım gələcək. Yaranı sarıyacağıq, şəhərləri yenidən tikəcək, kəndlərə yenidən həyat verəcəyik, lakin bir daha keçmişi unutmayacağıq. Çünki unutqanlığın dərsləri çox ağır olur. Uzaqdan gördüyümüz XANKƏNDİ sözləri üzümüzü güldürdü. Bu, gerçəyə çevrilən yuxu idi. Bu, Tanrının bir lütfü idi. Bu, niyyəti saf, qəlbi təmiz Azərbaycan xalqının sidqi-ürəkdən apardığı mübarizənin Tanrı tərəfindən verilən bir mükafatı idi. Xankəndi öz övladlarına qovuşan müdrik bir qoca kimi hər gün yüzlərlə qonaq qəbul edir, qoynunda onlara yer verir. Biz də o müdhiş sevinci yaşayırdıq. Şuşadan sonra Xankəndi qələbənin tamamlanması, bütövlənməsi idi. Xankəndidə bayrağımızın dalğalanması haqqın-ədalətin zəfər çalması idi.
Təsadüfə bax ki, biz Xankəndiyə orada şəhər gününün keçirildiyi bir vaxtda qədəm basırdıq. Öncə Qarabağ Universitetinin qarşısında dayanırıq. Universitet binasının özü belə möhtəşəmdir. Dərslər yenicə başlandığından universitetdə həyat qaynayırdı. Universitetin qarşısındakı bağda əyləşərək ətrafı seyr edirəm. Hər tərəf yamyaşıldır. Bu yaşıllığın içərisindən isə qızılı payız boylanır. Təbiətin bu əsrarəngiz gözəl çağında gənc tələbələrin böyük fəxrlə bu universiteti seçmələrinin nə qədər doğru yol olduğunu düşünür və onlara həsəd aparıram. Əgər gənc olsaydım, mən də bu seçimi edərdim deyə düşünürəm. Bu ab-havadan içimə doyunca çəkərək bu günləri bizlərə bəxş edən Ali Baş Komandana, igid əsgərlərimizə, şəhidlərimizə, qazilərimizə nə qədər minnətdarlıq borcumuzun olduğunu bir daha xatırlayıram. Qarabağ Universiteti elə ilk gündən aparıcı elm mərkəzləri ilə bir sırada addımlamağa başlayıb. Onun məzunlarının sorağının gələcəyin ən nüfuzlu ünvanlarından gələcəyinə heç şübhəm yoxdur.
Şuşa – ucalığın aynası
...Şuşadan, Cıdır düzündən həsrətlə Xankəndiyə boylandığımız vaxtı xatırlayıram. 4 il əvvəl idi. Təşkilatçılar həmin istiqamətə çox yaxınlaşmağımızı istəməmişdilər, dedilər ki, yüksəkliklərdə erməni postları var, onlara güvənmək olmaz. Hər halda, biz Xankəndi istiqamətinə boylandıq, dağların arxasındakı Əsgəranı, Xocalını nisgillə xatırladıq. Sən demə, bu nisgilimiz nahaq imiş və ordumuz bizi hələ bir çox sürprizlərlə də sevindirəcəkdi. Bütöv Azərbaycanı, suveren Azərbaycanı bizə bəxş edəcəkdi. İndi budur, biz yenə Şuşadayıq, onun dəyişən hüsnünü seyr etməkdən doymuruq.
Şuşa – mədəniyyət mərkəzimiz, Şuşa –duyğularımızın ən kövrək yeri, Şuşa–ucalığın zirvəsi. Onun işğaldan azadolunması da adına layiq oldu. Bu gün burada aparılan işlər də adına layiqdir. “Zəfər yolu”, həqiqətən, zəfərimizi tamamladı. Şuşaya və işğaldan azad olunan şəhər və kəndlərimizə hər gün yüzlərlə insan səfər edir. Bu səfərlərin mənəvi dəyəri çox dərindir. Bu insanları buraya, eyni zamanda igid əsgərlərimizin keçdiyi döyüş yolunu, düşmənin dağıdıb viran qoyduğu yurd yerlərimizi görmək istəyidir çəkib gətirən. Onlar bu vəhşilikləri öz gözləri ilə gördükcə, düşmənə nifrətləri bir az da artır, şəhidlərimizin ruhunu daha böyük ehtiramla yad edirlər. Qarabağda gedən tikinti-quruculuq işləri isə onların qəlbini dağa döndərir.
Dağların döşündə məğrur Laçınım
Şuşa-Laçın yolu. Laçın dəhlizi. Bu yolu getməyi necə arzulayırdıq. Bu yolla Ermənistan separatçıları silah-sursatla təmin edirdi, bu yolla xarici havadarların Qarabağa yardımları daşınırdı. Bu yol cinayətkar qruplaşmaların şah damarı idi. Qarabağın sərvətini də məhz bu yolla talayırdılar. Öncə bu yolda qurulan sərhəd keçid məntəqəsi ermənilərin niyyətlərini pozdu. Sonra təbiətsevərlər və könüllülər bu yolda uzunmüddətli aksiya keçirdilər. Qarabağa və Qarabağdan daşınan yüklərə nəzarəti tələb etdilər. Təbii sərvətlərimizin qanunsuz yolla talan edildiyini bütün dünyaya car etdilər.
Aksiyada iştirak edənlər soyuq, şaxta demədilər, qara, çovğuna dözdülər, çünki onların qəlbini vətən sevgisi isidirdi. Düşmənə nifrət onlara güc verirdi. Nəhayət, 2023-cü ilin sentyabr ayındakı antiterror əməliyyatından sonra erməni separatçıları üçün bu yoldan sonuncu gediş oldu. Bəlkə də ermənilər öz mövcudluqları dövründə ilk dəfə öz cinayətlərini dərk edərək Qarabağı tərk etdilər. Çünki onlar bu qanlı cinayətlərin birbaşa iştirakçıları idilər.
Bu düşüncələrə elə dalmışdım ki, Laçına çatdığımızı fərq etməmişdim. Laçını uzaqdan seyr etmək belə insanı kövrəldir. Laçın həsrətimiz çox böyük idi. Düşmən dədəsinin qoyub getdiyi sərvət kimi Laçına yiyələnmişdi. Laçınlıların evlərinə girib orada rahatca yaşayırdılar. Laçın rayonu Azərbaycan Respublikası BMT-yə üzv qəbul edildikdən (1992-ci il martın 2-si) 77 gün sonra - mayın 18-də işğal edilmişdi. Ermənistan rəhbərliyi belə bir fikiri həmişə aşılanmağa çalışılıb ki, əvvəllər, ümumiyyətlə, ermənilər yaşamayan Laçın rayonu Ermənistana qalmalıdır. Ali Baş Komandan isə deyirdi: “Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, heç bir razılaşma ola bilməz”.
10 noyabr razılaşmasına əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu öz yurisdiksiyasına qaytarıldı. Ali Baş Komandan Laçında Azərbaycan bayrağını yüksəltdi. Azad Laçına, gözəl Laçına daxil oluruq. Gözlə görülən həqiqətləri təsvir etməyin çətinliyini indi daha aydın hiss edirəm. Laçın ucalıq mücəssəməsi kimi öz əzəmətini saxlayıb. Bu əzəməti daha da təsirli edən burada gedən yenidənqurma işləridir. Özünəməxsus arxitekturası olan yaşayış binaları, dağların qoynundan qıvrılaraq keçən yollar, möhtəşəm mənzərələr rahatlıqla Avropa şəhərləri ilə iddiaya girə bilər.
Yenə möhtərəm Prezidentimizin sözlərinə istinad etmək istəyirəm: “Düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq”.
Bu reallığı Həkəri çayı sahilində salınan istirahət mərkəzində, Zabux kəndində də gördük. Laçın adının əzəmətini hər gün doğruldur. Burada insan əlləri ilə xarüqələr yaradılır.
Unudulmaz xatirələr
Laçından Zəngilana, Ağalıya doğru irəliləyirik. Hava yağışlıdır. Hərdən yağış dayanır, dağların arxasından boylanan günəşin şəfəqləri ətrafı nura boyayır. Ətrafda payızın min bir rəngini görmək olur. Bu gözəl ovqatımız uzun sürmür, Uzaqdan o məşhur Laçın dəhlizi görünür. Artıq Həkəri çayı sərhəd rolunu oynayır. Biz Qubadlının kəndlərinin xarabalıqlarının arası ilə irəliləyirik. Burada Nizami Gəncəvinin “Nuşirəvan və bayquşların söhbəti” hekayəsi yadıma düşdü. Qısaca demək istəyirəm ki, qızını digər bayquşun oğluna vermək üçün ata bayquş cehiz olaraq çoxlu xarabazarlıq istəyir. Digər bayquş isə deyir ki, nə qədər ki, Nuşirəvan hökmdardır sənə nə qədər istəsən xarabazarlıq verərəm. Nə qədər ki, yer üzündə erməni xislətlilər var, gözəl dünyamızda da belə xarabazarlıqlar olacaq. Ta ki, Azərbaycan əsgəri kimi igidlərimiz onu susdurunca.
Yol Avropa standartları səviyyəsindədir. Yeni salınan kəndləri görəndə ürəyimiz açılır. Ağalı isə bir başqa aləmdir. Ağalı “ağıllı kənd”dir. Onun salınması və idarə olunması müasir tələblərə tam uyğundur. Artıq bir çox dövlətlər şəhərsalmada bu təcrübədən faydalanmaq üçün buraya gəlirlər. Ağalıya çatdığımızda saat 3-ü keçirdi. Kəndin mərkəzindəki yeməkxanada nahar etdik. Zəngilan aşının ləzzəti damağımızda qaldı.
...Yağış ara vermədən yağır. Artıq Bakıya doğru yol almışıq. Bu yol isə Cəbrayıldan, Füzulidən, Araz sahilindən, Xudafərinin bir addımlığından keçir. Qəlbimizdə işğalçıya nifrət hissi ilə yeni tikilən, qurulan yurd yerlərimizi qürurla seyr edirik. Görülən hər bir işə bir dastan həsr etmək olar. 30 illik işğaldan sonra torpağa həyat verilir, yeni məskunlaşma aparılır, işğalın acı görüntüləri göz önündən təmizlənir. Biz indi keçmişi daha aydın xatırlayırıq və həyatın gedişini qiymətləndirməyi daha yaxşı bilirik. Biz yeni tarix yazırıq.
Elmira MEHDİYEVA,
jurnalist
Zaqatala