Bütün dövrlərdə gənclər cəmiyyətin və dövlətin aparıcı qüvvəsi kimi çıxış edərək ictimai tərəqqinin əsas hərəkətverici qüvvəsi olmuşdur. Sirr deyil ki, ölkənin qurulması, müstəqillik və azadlıq ideyalarının cəmiyyətə aşılanması, milli ideologiyanın formalaşdırılması və möhkəmləndirilməsi prosesində gənclərin rolu daim həlledici olub. Dövlətin yaradılması və davamlı şəkildə yaşadılması istiqamətində qarşıya qoyulan məqsədlərin reallaşdırılmasında da məhz gənc nəslin təşəbbüskarlığı və yeniliyə açıq düşüncə tərzi mühüm əhəmiyyət kəsb edib.
Atatürk gəncliyin əsas vəzifəsini türk istiqlalını, cümhuriyyətini əbədi qorumaq və müdafiə etməkdə görürdü. Türk dünyasının digər böyük lideri Heydər Əliyev müstəqil Azərbaycanı gənclər ölkəsi kimi formalaşdırdı, gəncləri isə Azərbaycanın gələcəyi adlandıraraq onların ölkəmizin ictimai-siyasi həyatında daha fəal iştirakı üçün hərtərəfli şərait yaratdı. İttifaq dövrünün bütün çətinliklərinə baxmayaraq Heydər Əliyev SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrinə azərbaycanlı gənclərin göndərilməsinə nail oldu və bu yolla geniş intellektual potensiala malik kadrlar ordusu formalaşdırdı. Məhz həmin gənclər gələcəkdə Azərbaycanın müstəqilliyinin ideoloji və kadr bazasının yaranmasında mühüm rol oynadı. Müstəqillik dövründə də bu siyasi xətti ardıcıl şəkildə davam etdirən Ulu öndər gənclərimizin sözü, şüarı və inam mənbəyinə çevrildi. Heydər Əliyev gənclərə daim xüsusi diqqət və qayğı göstərdi, onların bilik və bacarıqlarını reallaşdırması üçün möhkəm hüquqi və institusional baza yaratdı. Gənclərin təhsil alması, idarəetmə sistemində və ictimai-siyasi proseslərdə fəal iştirakı üçün geniş imkanlar təmin etdi. Heydər Əliyevin Azərbaycan gəncliyi qarşısında göstərdiyi xidmətlər misilsizdir. Gənclər forumlarının müntəzəm təşkili, 2 fevralın Gənclər Günü kimi təsis edilməsi, gənclərin dövlət qayğısı ilə əhatə olunması, Gənclər və İdman Nazirliyinin yaradılması bu xidmətlərin bariz nümunələridir.
Sonrakı illərdə Prezident İlham Əliyev gənclər siyasətinə xüsusi məzmun qataraq bu prosesi yeni mərhələyə yüksəltdi. 2007-ci ilin “Gənclər ili” elan olunması gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da artması ilə müşayiət olundu. Bununla yanaşı gənclər siyasətinin daha intensiv və müasir əsaslar üzərində qurulması güclü və vətənpərvər ordunun formalaşmasına zəmin yaratdı. Bu siyasət gənclərin milli-mənəvi dəyərlərə bağlı, savadlı və məsuliyyətli vətəndaş kimi yetişməsində mühüm rol oynadı. Dövlətin gənclərə göstərdiyi davamlı diqqət və qayğı onların gələcəyə inamını daha da gücləndirdi. 44 günlük müharibə zamanı dünya bir daha bu həqiqətin şahidi oldu ki, Vətəni Azərbaycan gənci kimi sevmək lazımdır. Düşmən ən qaynar döyüş nöqtələrində və informasiya cəbhəsində yetkin, qəhrəman Azərbaycan gəncliyi ilə qarşılaşdı. Onlar əmin oldular ki, bu gənc qəhrəmanlara həyatın heç bir sahəsində qalib gəlmək mümkün deyil. Azərbaycan dövlətinin uğurlu siyasətinin nəticəsi olaraq torpaq uğrunda ön cəbhəyə irəliləyənlərin əksəriyyətini məhz gənclər təşkil edirdi.
Qalib ölkənin qalib liderinin ətrafında Azərbaycan uğrunda birləşən gənclərimiz bütövləşən məmləkətimizin daha da qüdrətlənməsində mühüm pay sahibi oldular. Azərbaycan üçün ölməyi şərəf sayan gənclərimiz Vətən üçün yaşamağın, çalışmağın və qalib gəlməyin əsl nümunəsini göstərdilər. Bu gün ölkəmizdə və dünyanın dörd bir yanında gənclərimizin uğurlarını görürük. Onlar bayrağımızla qoşa addımlayır, onu layiq olduğu zirvələrə ucaldırlar, olduqları hər məkanda Azərbaycanın səsini eşitdirir, dövlətimizin etibarlı müdafiəçiləri olduqlarını sübut edirlər. Vətən eşqi ilə yaşayan qüdrətli Azərbaycan gəncliyi bu gün öz lideri ilə birlikdə tarixin qəhrəmanlıq səhifəsini möhürləyib, gələcəyini isə böyük inamla qurur, doğru yolda Azərbaycan uğrunda addımlayırlar. Düşmən bu addım səslərindən belə narahatdır.
Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı

