Şahmatçıların Azərbaycan çempionatı keçiriləcək

post-img

Azərbaycan Şahmat Federasiyası eləcə də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə kişi və qadınlar arasında Azərbaycan çempionatı keçiriləcək.  

Fevralın 6-dan 22-dək təşkil olunacaq Azərbaycan çempionatı “Landmark” otelinin “Rotunda” zalında baş tutacaq. 

Kişi şahmatçılarda 30, qadınlarda isə 16 iştirakçı mübarizə aparacaq. Şahmat Federasiyasından verilən məlumata görə,  çempionat olimpiya sistemi üzrə FİDE oyun qaydaları əsasında təşkil olunacaq. 

Ötən il olduğu kimi bu ildə Azərbaycan çempionatında ölkənin əksər şahmatçıları mübarizə aparacaq. Kişilərin yarışında çempionluq uğrunda rapid və 20 yaşlılar arasında dünya çempionu, komandalar arasında üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov, altıqat Azərbaycan və komandalar arasında üçqat Avropa çempionu Rauf Məmmədov, milli komandanın heyətində qitə çempionatının qalibi Eltac Səfərli, qadınların mübarizəsində isə son ölkə çempionu Günay Məmmədzadə, şəxsi Avropa çempionatının qalibi Ülviyyə Fətəliyeva, 20 yaşlılar arasında dünya çempionu Gövhər Beydullayeva və digərləri mübarizə aparacaqlar. 

Azərbaycan çempionatının ümumi mükafat fondu 92 min manat təşkil edir. Bu məbləğdən 62 min manat kişilərin, 30 min manat isə qadınların çempionatına aiddir.

Azərbaycan çempionatının açılış mərasimi fevralın 6-da keçiriləcək.

Qabil YUSİFOĞLU 
XQ

İdman