Şirvanda şahmat festivalı

post-img

Son illərdə Azərbaycanın ayrı-ayrı şəhərləri mötəbər tədbirlərin keçirildiyi məkanlara çevrilib. Gəncə, Sumqayıt, Mingəçevir, Lənkəran, Şamaxı, Quba, eləcə də azad Xankəndi, Şuşa davamlı olaraq yaddaqalan beynəlxalq məclislərin, yarışların ünvanı olur. Ötən günlərdə ölkəmizdə keçirilmiş “Shirvan Open 2025” beynəlxalq şahmat festivalı da bu sıradandır.

Şirvanda şahmata maraq güclüdür. Buradakı Şahmat Məktəbinin öz ənənələri var. Gənclərin intellektual bacarıqlarının inkişafına, sağlam rəqabət mühitinin formalaşmasına xidmət edir. Respublika birinciliklərində, Ulu öndərin xatirəsinə, 44 günlük Zəfər yürüşünə həsr olunan turnirlərdə, xaricdə keçirilən yarışlarda şirvanlı gənclər uğurlar qazanıblar.

Azərbaycan Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyi və Şirvan Olimpiya İdman Kompleksinin birgə təşkil etdikləri “Shirvan Open 2025” festivalına 9 ölkədən 250-yə yaxın gənc iti zəka sahibi qatılıb. Bir həftə davam edən festival noyabrın 26-da başa çatıb.

Olimpiya İdman Kompleksinin direktoru Radin Tağıyev bizimlə söhbətində yarışın təşkili, gedişatı və nəticələri barədə fikirlərini bölüşdü:

– Festival Şahmat Federasiyasının “Chess Tour Azerbaijan” layihəsi çərçivəsində şəhərimizdə ilk dəfə düzənlənmişdi. Açılış mərasimində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov çıxış edərək şahmatçılara uğurlar arzuladılar. Festivalda şahmatçılar 4 qrupda mübarizə apardılar.

Ümumi mükafat fondu 22 650 manat olan yarışlar İsveçrə sistemi üzrə 9 turdan ibarət olmaqla təşkil edilmişdi. Festival çərçivəsində, həmçinin rapid və blits yarışları keçirildi. İştirakçıların tərkibinə gəlincə, uşaqlar arasında dünya çempionları, qrossmeysterlər, 16 beynəlxalq usta da vardı. Qonaqlar Türkiyə, Çin, Hindistan, İran, Şri–Lanka, Özbəkistan və digər ölkələri təmsil edirdilər. Ölkəmizin şahmatçıları Xəzər Babazadə, Vüqar Rəsulov, şirvanlılar Yusif Qədirov, Emil Fətullayev və başqaları özlərini ən yaxşı cəhətdən göstərə bildilər.

Gərgin mübarizə şəraitində keçən festivalda ən güclülərin seçilməsi üçün lazımi şərait yaradılmışdı. Şəhərimizin qonaqları – Azərbaycanın təmsilçiləri və xarici ölkələrin 90 nəfərə yaxın nümayəndə heyəti, o cümlədən 55 əcnəbi iştirakçı yetərincə sıx olan turnir cədvəlindən vaxt tapdıqca, öz istəklərinə uyğun dincəldilər və şəhərimizin görməli yerlərini gəzdilər. Yarışların yekununda isə qaliblər böyük pul mükafatları aldılar. Bir sözlə, festival şəhərimizin idman tarixinin gözəl bir səhifəsini təşkil etdi və bölgələrimizdə şahmatın daha geniş yayılmasına vəsilə oldu.

Layihənin sayca 8-ci və bu il üçün sonuncu festival həm də o mənada əhəmiyyət kəsb etdi ki, şahmatçılarımız zəruri beynəlxalq təcrübə topladılar və bu, onların gələcək karyeraları üçün böyük önəm daşıyacaq. Bir həftəlik yarışlar, beləcə, hər kəsdə xoş təəssürat yaratdı.

Ə.ƏLİYEV
XQ





Sosial həyat