“Bizim Əliş müəllim”

post-img

Bu il iyulun 22-də milli mətbuatımızın 150 illik yubileyi geniş qeyd olunub. Bu əlamətdar hadisə ilə əlaqədar bir çox elm, təhsil ocaqlarında, ayrı-ayrı redaksiyalarda keçirilən toplantılarda milli jurnalistikamızın dünəni, bu günü və sabahı ilə bağlı geniş müzakirələr olub, dəyərli fikirlər səsləndirilib.

Milli mətbuatımızın yubileyi ərəfəsində bir çox istedadlı, fədakar qələm sahibləri, haqqında yazılar dərc olunub, radio və televiziyalarda yayımlanan verilişlərdə adlı-sanlı qələm sahibləri xatırlanıb. KİV haqlı olaraq Bakı Dövlət Universitetində (BDU) onillər boyu “jurnalistlər ordusu” yetişdirən müəllimlərin də əməyini unutmayıb.

Təəssüf ki, bəzən yaddan çıxanlar da olub. Hesab edirəm ki, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində qəzetçilərin bir neçə nəslinə dərs demiş filologiya elmləri doktoru, professor Əliş Nəbili də haqqında ürəkdolusu söz açmağa layiq şəxsiyyətlərdəndir. Bu kiçik yazıda ona vəfa borcumu verməyə çalışacağam.

Əliş Nəbili BDU-da bizə “Qəzet tərtibi” fənnindən dərs demişdi və bu fənn üzrə ilk əhatəli dərsliyin müəllifi özü olmuşdu. Müəllim adına hörmət gətirən çox ləyaqətli ziyalı idi! Müəllim yoldaşları, çox sayda tələbələri insani keyfiyyətlərinə görə istisnasız olaraq onu çox istəyirdilər. Elə bu günün özündə də Əliş müəllimdən söz açanda, demək olar ki, hamının ilk sözü bu olur:

– Bizim Əliş müəllimi deyirsən? O, çox saf, gözəl insan idi!

Bəli, hər birimizin dərin rəğbət bəslədiyimiz, düzgünlüyünə, səmimiyyətinə zərrə qədər şübhə etmədiyimiz bir şəxsiyyət idi hörmətli Əliş müəllim! Heç vaxt ədalətsizlik etməz, tələbələri incitməzdi. Ona görə ki, ideal şəkildə təmənnasız idi.

Tələbələrin onun fənnindən kəsilmək qorxusu yox idi. Amma Əliş müəllim var qüvvəsi ilə çalışırdı ki, “uşaqlar fənni yaxşı mənimsəsinlər”. İmtahanda tələbələrin cavablarını adətən azı bir bal yuxarı qiymətləndirərdi ki, təqaüd ala bilsinlər. Üstündən az qala yarım əsr keçəndən sonra sidq-ürəklə etiraf etmək istəyirəm ki, Əliş müəllimin imtahanında verdiyim cavaba görə mənə ən yaxşı halda “bir kök 4” düşürdü, amma əvvəlki imtahanlardan qiymətlərimin əla olduğunu nəzərə alıb məni əlaçılıqdan salmadı. Üstəlik, buna görə nə imtahan zamanı, nə də sonrakı illər ərzində bir dəfə də olsun minnət qoymadı.

...1977-ci ilin mart ayı idi. Məni artıq 1 il idi ki, BDU-nun Elmi Şurasının qərarı ilə təhsilimi davam etdirmək üçün Moskva Dövlət Universitetinə (MDU) göndərmişdilər. Universitetin “DAS” (tərcüməsi “Aspirantlar və Tələbələr Evi” mənasını verir - müəllif) adlanan 2 böyük korpusdan ibarət yataqxanasında qalırdım. Bir gün səhər fakültəyə gedərkən Əliş müəllimi yaxınlıqdakı trolleybus dayanacağında görəndə çox sevindim. Öyrəndim ki, sevimli müəllimim təzəcə MDU-ya 4 aylıq təcrübəyə gəlib. O da bəlli oldu ki, yataqxanada bir binada, lakin ayrı-ayrı mərtəbələrdə qalırıq.

Xatırladım ki, MDU-nun jurnalistika fakültəsi bu dünyaşöhrətli ali təhsil ocağının köhnə binasında, şəhərin mərkəzində yerləşirdi. Həmin səhər ikimiz də fakültəyə gedirdik. Trolleybusa mindik, salona daxil olan kimi, tez konduktora tərəf 1-2 addım atıb, özümün və Əliş müəllimin yol pulunu ödədim. O illərdə trolleybus bileti ya 4, ya da 5 qəpik idi. Əliş müəllim bu hərəkətimdən çox narazı qaldı, hətta bərk əsəbiləşdi. Düzü, bunu gözləmirdim. İlk dəfə idi ki, onun hirsləndiyini görürdüm. Tələsik cibindəki xırda pulları çıxarıb zorla paltomun cibinə tökdü. Üstəlik, məni məzəmmətləyərək dedi:

– Sən nə edirsən? Axı sən tələbəsən! Səndə pul haradandır? Bir də belə şeyləri eləmə! İnciyərəm səndən!

Necə deyərlər, matım-mutum qurudu. Hətta qayıdıb deyə bilmədim ki, siz mənə bir biletin pulunun əvəzinə az qala bir həftəlik yol pulu verdiniz. Baxışlarından hiss etdim ki, cibimə tökdüyü xırda pulları geri qaytarmağa cəhd etsəm, daha da əsəbiləşəcək.

Trolleybusda ayaq üstə bir qədər yol gedəndən sonra pərt olduğumu görüb könlümü almağa çalışdı. Bu, artıq nur simalı Əliş müəllim idi! O, mənə doğmalarım, əmim, dayım qədər qədər əziz insan idi. Yəqin ki, onun yerinə olsaydım, məhz mən də belə edərdim. Çünki Əliş müəllim kimi kişilərdən həyat dərsi almışdım. Sonralar “trolleybus əhvalatını”nı tələbə dostlarıma danışanda onlar buna zərrə qədər təəccüb etmədilər. Bircə onu dedilər ki, “Əliş müəllim kristal dərəcədə təmiz adamdır”.

Əliş müəllim Moskvada təcrübədə olduğu dönəmdə bir neçə dəfə məni otağına dəvət etmiş, dərslərim və dolanışığım ilə maraqlanmış, öyüd və nəsihətlərini vermişdi: “Sənə dərslərini yaxşı oxu demirəm, bilirəm ki, çalışqansan, amma özünü soyuqdan və bir də bu taksilərdən qoru!”.

Özümü nə üçün taksilərdən qorumalı olduğumun səbəbini bilirdim. Həmin ərəfədə Moskvada bir içkili taksi sürücüsü idarə etdiyi “Volqa” avtomobili bərk sürdüyündən səkidə dayanan iki günahsız tələbəni ağır yaralamışdı. O günlərdə bu hadisə barədə paytaxt qəzetləri tez-tez yazır, sürücünü ciddi cəzalandırmağı tələb edirdilər.

Yəqin ki, bu hadisə haqqında qəzetlərdən məlumat alan Əliş müəllim oradakı azərbaycanlı tələbələrə görə çox narahat olmuşdu. Mən də, jurnalistika fakültəsində məndən bir kurs yuxarıda oxuyan Ramiz Əskər (BDU-nun professoru olmuşdur - müəllif) də ona söz vermişdik ki, özümüzü taksi və avtobuslardan qoruyacaq və hər dəfə küçəni keçəndə ehtiyatlı olacağıq. Yalnız dilimizdən bu vədləri eşidəndən sonra ürəyi sakitləşmişdi Əliş müəllimin!

Moskvada hiss edirdim ki, Əliş müəllim doğma Bakı, ailəsi, övladları, eləcə də müəllim yoldaşları üçün çox darıxır. Tez-tez fakültədəki müəllim həmkarlarından söz açar, hər biri barədə xoş sözlər söyləyərdi. Belə anlarda simasında xoş bir təbəssüm yaranardı. Mən onun dilindən heç vaxt giley-güzar, qeybət eşitmədim. Paxıllıq, qısqanclıq hissi Əliş müəllimə tamamilə yad idi.

...İllər keçdi, MDU-nu bitirəndən sonra “Bakinski raboçi” qəzetində çalışmağa başladım. Ara-sıra fakültəyə yolum düşəndə mütləq Əliş müəllimlə görüşüb hal-əhval tutardım. Məni çox mehriban qarşılayırdı. Artıq kafedra müdiri idi, amma vəzifə onu zərrə qədər dəyişməmişdi. Əvvəlki kimi çox saf və səmimi bir insan olaraq qalırdı. O, süni, qeyri-səmimi olmağı sadəcə bacarmırdı.

Əliş Nəbili 1990-cı ildə 20 Yanvar faciəsi zamanı sovet ordusunun Bakıda törətdiyi azğınlığına qarşı etiraz edənlərin ön sıralarında olmuşdu. Faciənin ertəsi günü sovet tanklarının birindən açılan atəşə tuş gələrək ağır yaralanmışdı. Yaxşı ki, professoru dərhal xəstəxanaya çatdıra bilmişdilər. Yadımdadır, bir neçə həftə “kolxozçu xəstəxanası”nda müalicə olundu. Jurnalistika fakültəsinin tələbələri “komendant saatı”nın sərt tələblərinə məhəl qoymadan xəstəxanaya axın edərək onu yoluxurdular. Mən də ona baş çəkmişdim. Gəlişimə sevinmişdi.

Fikrimcə, sevimli müəllimimizə sevgi və sədaqətini hamımızdan çox istedadlı jurnalist Adil Qaçayoğlu ifadə etmişdi. Belə ki, o, əməkdaşı olduğu “Azərbaycan gəncləri” qəzetində “Yalvarıram, tez sağalın, Əliş müəllim” sərlövhəli yazı dərc etdirmişdi. Rəhmətlik Adil yazıda hiss və duyğularını dilə gətirərək hamımızı çox kövrəltmişdi. Deyilənlərə görə, Əliş müəllim “kollektiv surətdə müraciətlərini nəzərə alaraq tez sağalacağını vəd etmişdi”. Unudulmaz müəllimimiz Əliş Nəbili 2003-cü ildə haqq dünyasına qovuşub.

BDU-nun jurnalistika fakültəsində uzun illər “Cümhuriyyət dövrünün mətbuatı”ndan dərs demiş, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Məmmədismayıl Mehdiyev Əliş müəllim haqqında yazmağa hazırlaşdığımı biləndə telefonda bunları dedi:

– Əliş Nəbili yüksək mənəviyyat adamı idi. Bu gözəl insandan yazmaq təkcə vəfa borcu deyil, həm də çox savab işdir. Belə insanların sayı, təəssüf ki, ilbəil azalır.

Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədri, Əməkdar jurnalist Tahir Aydınoğlunun fikirləri də Əliş müəllimin portret cizgilərini dolğun təsvir etmək üçün çox yerinə düşdü. Tahir müəllim söylədi ki, professor Əliş Nəbili fakültə partiya təşkilatının katibi olduğu dövrdə bir neçə imkanlı ailənin övladları üçün “yuxarılar”ın israrlı xahiş və təzyiqlərinə məhəl qoymadan Ağdamın ucqar bir kəndində sürücü işləyən sadə bir insanın oğlunu partiya sıralarına daxil olunmasına kömək etmişdi.

Bəli, Əliş müəllim vəzifədə qalmaq naminə yuxarılar qarşısında əyilənlərdən deyildi. O, yüksək mənəviyyat adamı idi və yalnız haqqa, ədalətə tapınırdı.

Tahir Aydınoğlu sevimli müəllimi barədə saatlarla, nəfəs dərmədən danışmağa hazır idi. Müəllimi barədə düşüncələrini bu sözlərlə bitirdi: “Əliş müəllimə Allah rəhmət eləsin, mən o kişiyə çox borcluyam. O, həyatda tanıdığım ən təmiz, vicdanlı ziyalılardan biridir!”.

Tanınmış yazıçı-publisist Səməd Məlikzadə illər öncə Əliş müəllimdən bəhs edən bir yazısını bu sözlərlə başlayıb: “Çox sadə insan idi. Bu sadəlik ilk baxışda onun davranışında, geyimində, insanlara münasibətində duyulurdu. Başqa sözlə desək, Əliş müəllim olduğu kimi görünən adam idi. O, nə danışığında, nə gülüşündə, nə də hər hansı məsələyə münasibətində fərqlilik, saxtalıq etməzdi. Belə demək olarsa, Əliş müəllimin “Bizim Cəbiş müəllim” filminin baş qəhrəmanına oxşar cəhətləri çox idi!”.

Düşünürəm ki, həyatda Əliş Nəbili kimi gözəl, əvəzsiz bir pedaqoqun tələbəsi olmaq, onun məruzələrini dinləmək, söhbətlərini eşitmək, bu dəyərli ziyalının qəlbinin saf və geniş olduğunu müşahidə etmək, bundan fəxarət duymaq, həqiqətən, böyük bir şansdır. Əziz Əliş müəllim, ruhun şad olsun, biz sizi heç vaxt unutmayacağıq!

Məsaim ABDULLAYEV
XQ



Mədəniyyət