“Omnibus”dan “BakuBus”a gələn yol

post-img

Çar III Aleksandr Gəncəyə nə üçün gəlmişdi?

III MDB Oyunları ərəfəsində Gəncəyə yüzlərlə yeni, müasir avtobuslar gətirildi və müxtəlif marşrutlara buraxıldı. “Bakubus” xətti ilə fəaliyyətə başlayan bu nəqliyyat vasitələri ilk günlər müəyyən narazılıqlar yaratsa da, vəziyyət tezliklə nizama düşdü.

Şəhər nəqliyyatının yenilənməsi dövrün zərurəti idi. Gəncənin adına, tarixinə yaraşmayan, köhnəlmiş və sıradan çıxmış avtobusların şəhərdə görünməsi təəssüf doğururdu. İndi isə həmin mənzərə artıq keçmişdə qalıb. Yeni salınmış asfalt yollarda kart sistemi ilə işləyən rahat avtobusları görəndə insanın ürəyi açılır.

Bəs bu qədim şəhərdə illər, əsrlər öncə ilk ictimai nəqliyyat necə olub? Bu sual, yəqin ki, oxucu üçün də maraqlıdır. Elə söhbətimiz də bu barədədir.

Gəncədə ictimai nəqliyyatın ilk növü sayılan “omnibus” 1883-cü ilin 1 iyun tarixində fəaliyyətə başlayıb. Belə bir nəqliyyat vasitəsinin istifadəyə verilməsinə səbəb dəmiryol stansiyasının şəhər mərkəzindən təxminən beş kilometr uzaqda yerləşməsi idi. Şəhər sakinlərinin çoxsaylı müraciətlərini nəzərə alan Nəqliyyat Nazirliyi stansiyanı şəhərlə birləşdirən yeni yol çəkərək həmin marşrutda “omnibus” nəqliyyatını istifadəyə verib.

“Omnibus” Gəncədə iki istiqamətdə hərəkət edirdi. Hər iki marşrut dəmiryol stansiyasından başlayırdı: birinci istiqamət şəhər mərkəzinə, ikinci isə Hacıkənd qəsəbəsinə uzanırdı. Hacıkənd marşrutu Göygöl və o dövrdə “Helenendorf” adlanan alman koloniyasından keçirdi. Bu marşrut yalnız yay aylarında fəaliyyət göstərirdi.

Gedişhaqqı şəhər mərkəzinə qədər 20 qəpik, hər pud (təxminən 16 kiloqram) baqaj üçün isə 10 qəpik idi. Helenendorfa qədər bilet 20 qəpik, Hacıkənd istiqamətində isə 50 qəpik təşkil edirdi. Hər pud baqaj üçün bu istiqamətdə əlavə 20 qəpik ödənilirdi.

Atların dartdığı çoxoturacaqlı “omnibus”lar o dövr üçün Gəncədə, eləcə də ümumilikdə Azərbaycanda ictimai nəqliyyatın ilk forması hesab olunur. Bu nəqliyyat növü təkcə Gəncədə deyil, Şəki, Ağstafa, Şuşa, Zaqatala və Yevlaxda da fəaliyyət göstərib.

XX əsrin əvvəllərində “omnibus”ların fəaliyyəti dayandırılsa da, onlar Gəncənin nəqliyyat tarixində silinməz iz buraxıblar. 19-cu əsrin sonlarında Gəncə (o dövrdə Yelizavetpol) sürətlə böyüyürdü. Dəmir yolu stansiyası şəhər mərkəzindən bir neçə kilometr aralıda idi və insanlar artıq bu məsafəni piyada qət etmək istəmirdilər.

1888-ci ilin 10 oktyabrında Rus imperatoru III Aleksandr və həyat yoldaşı Mariya Fyodorovna Qafqaz səfəri çərçivəsində Yelizavetpol stansiyasında (indiki Gəncə Dəmiryol Vağzalında) 20 dəqiqəlik dayanaraq şəhərə gəlmişdilər. Onları şəhər qubernatoru knyaz Nakaşidze, şəhər başçısı və digər rəsmi şəxslər qarşıladılar. Stansiya bayraqlar və güllərlə bəzədilmiş, uşaqlar “A III” monoqramı hazırlamışdılar. Səfər zamanı imperator Aleksandr “Xan bağı”nın yeni planını təsdiqləmiş və bağ üçün ağaclarla gül kollarının gətirilməsini tapşırmışdı.

Cəmi yeddi il sonra, 1895-ci ildə, Gəncədə Qafqazın ən uzun atlı dəmir yolu – konka istifadəyə verildi. Relslər üzərində hərəkət edən bu vaqonları atlar dartırdı və onlara “dəmiryol atları” deyilirdi. Atların çəkdiyi iri taxta arabalar şəhər mərkəzi ilə dəmiryol stansiyasını birləşdirir, bəzən isə Hacıkəndə qədər uzanırdı. Arabaya minənlər təkərlərin xışıltısını, atların dırnaqlarının ritmini və arabaçının səsini lap uzaqdan eşidirdilər.

XX əsrin əvvəlləri Gəncənin nəqliyyat sisteminə yeni nəfəs gətirdi. 1923-cü ildə buxarla işləyən tramvay – camaatın “kukuşka” adlandırdığı nəqliyyat vasitəsi relslərdə görünməyə başladı. Şəhər getdikcə sənaye mərkəzinə çevrilirdi. 1933-cü il mayın 1-də isə elektrik tramvay xətti istifadəyə verildi.

Cəmi 17 il sonra, 1950-ci illərdə, bu estafeti trolleybuslar aldı. 1976-cı ildə isə tramvay xətləri artıq tarixə çevrildi.

1970-1980-ci illərdə Gəncənin trolleybus şəbəkəsi 8 marşrutdan ibarət idi və xətlərin ümumi uzunluğu 100 kilometri ötürdü. Lakin zaman dəyişdi. 2004-cü ildə trolleybuslar da səhnəni tərk etdi. Onların yerini müasir avtobuslar tutdu.

Bu gün şəhərdə hər növ nəqliyyat vasitəsi mövcuddur. Gəncə–Mingəçevir–Ağstafa istiqamətində gündəlik qatarlar hərəkət edir. Beləcə, relslərin, təkərlərin və elektron sistemlərin sintezindən ibarət müasir Gəncə nəqliyyatı formalaşıb.

...“Omnibus”un taxta təkərləri, konkaların relsləri, tramvayın zəngi, trolleybusun cızıltısı, avtobusların mühərrik səsi – hamısı bir zəncirin həlqələridir. Bu zəncir Gəncənin keçmişini bu günü ilə birləşdirir.

Gəncə bu gün də yol üstündədir, həm tarixlə gələcəyin, həm də ənənə ilə yeniliyin yolunda. Şəhərin nəqliyyatı dəyişir, amma bir şey eyni qalır: Gəncə hər zaman hərəkətdədir.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Gəncə

Sosial həyat