Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin və “Laçın Abadlıq Xidməti” ASC-nin birgə təşkilatçılığı ilə Laçın şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Qış möcüzəsi – Laçın 2026” adlı silsilə bayram tədbirləri təşkil olunacaq.
XQ xəbər verir ki, tədbir proqramına əsasən, gün ərzində müxtəlif yaş qruplarını əhatə edən mədəni və əyləncəli proqramlar təqdim ediləcək. Saat 17-də Həkəri çayının sol kənarında yerləşən bulvarda “Qış nağılı” yarmarkası fəaliyyətə başlayacaq.
Axşam “Lacinema” kinoteatrında Həmrəylik Günü və Yeni ilə həsr olunmuş klassik vokal gecəsi, bulvarda “Yeni il möcüzəsi” adlı animasiya proqramı və DJ şou təşkil ediləcək.
Tədbirlər saat 21-də bulvarda baş tutacaq möhtəşəm atəşfəşanlıqla yekunlaşacaq.

