Dünən AMEA Rəyasət Heyətində Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində Azərbaycan dilinin saflığının qorunması istiqamətindəki çağırışlarına həsr olunmuş müşavirə keçirilib.
Müzakirədə dövlət başçısının növbəti dəfə Azərbaycan dilinin saflığının qorunması ilə bağlı tələbindən irəli gələn vəzifələrdən söz açan AMEA prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev hər zaman Azərbaycan dilinin və onun saflığının qorunmasını dövlət siyasəti səviyyəsinə qaldırmışlar.
Bu əməli fəaliyyət bu gün qloballaşan dünyada dilimizin kənar təhlükələrdən mühafizə edilməsində mühüm rol oynayıb.
Ötən illər ərzində bu istiqamətdə bir sıra rəsmi sənədləri imzaladığını deyən akademik İsa Həbibbəyli, həmçinin Prezident İlham Əliyevin çıxışlarında bu məsələyə xüsusi diqqət yetirildiyini qeyd edib. Bildirilib ki, Prezident İlham Əliyev AMEA-nın 80 illik yubiley yığıncağındakı nitqində Azərbaycan dili ilə bağlı alimlərimiz qarşısında mühüm vəzifələr qoyub və bundan irəli gələrək dərhal dilçi alimlərlə AMEA-nın Rəyasət Heyətində iclas keçirilib, müvafiq qərarlar qəbul olunub, tapşırıqlar verilib, əməli addımlar atılıb.
Dövlət başçısının yerli televiziya kanallarına müsahibəsi zamanı Azərbaycan dilinin saflığının qorunması ilə bağlı növbəti çağırışının da alimlər qarşısında mühüm vəzifələr qoyduğunu deyən akademik İsa Həbibbəyli dillə bağlı məsələlərin AMEA-nın əsas prioritet istiqamətlərindən olduğunu bildirib. Akademiya rəhbəri çıxışında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda mövcud ştat vahidləri və daxili imkanlar hesabına müasir Azərbaycan dili şöbəsinin bazasında müasir Azərbaycan dili və nitq mədəniyyəti şöbəsinin yaradılmasının məqsədəuyğun olduğunu bildirib.
Müşavirədə çıxış edən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli Azərbaycan dili ilə bağlı müəssisədə görülən işlər barədə ətraflı məlumat verib. O, dövlət başçısı tərəfindən Azərbaycan dilinin saflığının qorunması ilə bağlı qarşıya qoyulan tələblərə uyğun olaraq dilimizin daxili imkanlar hesabına zənginləşdirilməsi, eləcə də dilimizin təhlükəsizliyinin qorunması və ona olan müxtəlif növ təhdidlərin qarşısının alınması və internet mühitində gedən proseslərin tənzimlənməsi sahəsində elmi kollektivlərin üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edib.
Bildirilib ki, hazırda Dilçilik İnstitutunda “Azərbaycan dilinin orfoqrafiya lüğəti” və “Azərbaycan dilinin orfoepiya lüğəti” hazırlanır, həmçinin milli dil korpusu yaradılır. Professor Nadir Məmmədli bu istiqamətdə işıq üzü görmüş bir sıra nəşrlər barədə məlumat verib.
Müşavirədə AMEA Rəyasət Heyəti aparatının elm və təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru Sərxan Xavəri, Humanitar Elmlər Bölməsinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Arzu Məmmədxanlı və Mərkəzi Elmi Kitabxananın direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov dilimizin daxili imkanlar hesabına zənginləşdirilməsi, tədqiq olunması, ana dilinin qorunmasına vətəndaş münasibətlərini əks etdirən əsərlərin yazılması, xarici təsirlərdən qorunmasından danışıb, təkliflər səsləndiriblər.
Sonda akademik İsa Həbibbəyli Azərbaycan dili tədqiqatlarının müxtəlif istiqamətlər üzrə daha da genişləndirilməsi, alınmış elmi nəticələrin monoqrafiya səviyyəsində geniş elmi ictimaiyyətə çatdırılması, həmçinin kiçikhəcmli maarifləndirici broşürlərin çap edilib yayılmasının vacibliyini diqqətə çatdırıb.
Dilçilik İnstitutunun, AMEA-nın elmi bölmələrinin və AMEA-nın Gənclər Akademiyasının birgə təşkilatçılığı ilə orta məktəblərdə olimpiadaların keçirilməsinin qərara alındığını bildirən akademik İsa Həbibbəyli AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan dili ilə bağlı daimi kitab sərgisinin, o cümlədən virtual sərginin təşkili ilə bağlı tapşırıqlarını diqqətə çatdırıb.
Həmçinin yaxın günlərdə AMEA və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan dilinin saflığının qorunmasına həsr olunmuş müzakirələrin aparılacağını söyləyib.
Qabil YUSİFOĞLU
XQ

