Pakistan ərazisində “ASAN xidmət” mərkəzinin istifadəyə verilməsi iki ölkə arasında ikitərəfli münasibətlərin tarixində dönüş nöqtəsidir və dövlət idarəçiliyi paradiqmasında transformativ dəyişimi təcəssüm etdirir. Bu mühüm təşəbbüs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən liderliyinin və strateji baxışının birbaşa təzahürüdür. Məhz Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan idarəetmə innovasiyaları sahəsində qlobal mərkəzə çevrilib. Dünya miqyasında tanınan “Azərbaycan modeli”nin Pakistanda tətbiqi ilə biz vətəndaşın vaxtını və ehtiyaclarını dövlət institutlarının diqqət mərkəzinə gətirən idarəçilik fəlsəfəsinin praktik icrasının şahidi oluruq.
Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə vəkili, pakistanlı ekspert Qaiser Navab bildirib.
O deyib ki, bu əlamətdar hadisənin əhəmiyyəti sadəcə inzibati prosedurların sadələşdirilməsi ilə məhdudlaşmır. Bu, Pakistan və Azərbaycan arasında sarsılmaz qardaşlıq münasibətlərinin güclü sübutudur:”Bu münasibətlər müasir geosiyasi mənzərədə ən unikal tərəfdaşlıqlardan biridir. Əməkdaşlığımız yalnız ortaq strateji maraqlara deyil, həm də dərin mədəni yaxınlığa, qarşılıqlı etimada və dəyişməz dəstəyə əsaslanır. Bu təşəbbüs beynəlxalq ictimaiyyətə aydın mesaj verir: Pakistan-Azərbaycan qardaşlığı xalqına real və davamlı faydalar gətirən yetkin və institusionallaşmış ittifaqa çevrilməkdədir”.
Qaiser Navab bildirib ki, Pakistanda ASAN modelinin tətbiqi, həmçinin BMT-nin DİM-i ilə, xüsusilə də Sülh, Ədalət və Güclü İnstitutlar (DİM 16) məqsədi ilə uzlaşan genişmiqyaslı əməkdaşlıq və bilik mübadiləsi üçün yeni imkanlar açır. Bu model bir sıra əsas istiqamətlər üzrə əməkdaşlıq üçün bir platforma yaradır. Bunlara texnoloji mübadilə və İT sahəsində əməkdaşlıq, akademik və elmi-tədqiqat əməkdaşlığı, potensialın artırılması və institusional inkişaf daxildir.
Pakistanlı ekspert qeyd edib ki, ASAN çərçivəsi rəqəmsal sahədə güclü tərəfdaşlığı təşviq edəcək, qabaqcıl proqram təminatlarının, kibertəhlükəsizlik təcrübələrinin və elektron hökumət həllərinin mübadiləsinə şərait yaradacaq:”Bu, Azərbaycanın “Rəqəmsal Pakistan” təşəbbüsündə əsas tərəfdaş kimi mövqeyini möhkəmləndirir və Sənaye, İnnovasiya və İnfrastruktur (DİM 9) məqsədinə birbaşa töhfə verir”.
O vurğulayıb ki, bu təşəbbüs hər iki ölkənin tədqiqatçıları, siyasət üzrə ekspertləri və tələbələri üçün ASAN modelinin sosial-iqtisadi təsirlərinin öyrənilməsi baxımından yeni imkanlar yaradacaq. Birgə seminarlar, təqaüd proqramları və tədqiqat mübadilələri dövlət siyasəti sahəsində diskursu zənginləşdirəcək və transsərhəd intellektual əməkdaşlıq vasitəsilə Keyfiyyətli Təhsil (DİM 4) məqsədinin reallaşmasına xidmət edəcək.
Həmçinin “ASAN xidmət” mərkəzinin açılması peşəkar təlim proqramları və ixtisasartırma seminarları üçün geniş imkanlar yaradır. “Bu proqramlar Pakistanın dövlət qulluqçularına ictimai xidmətlərin göstərilməsində inqilabi dəyişikliklərə nail olmuş azərbaycanlı mütəxəssislərin təcrübəsindən birbaşa faydalanmağa imkan verəcək. Bu əməkdaşlıq DİM üzrə Tərəfdaşlıq (DİM 17) ruhunun bariz nümunəsidir”, - deyə ekspert diqqətə çatdırıb.
Qaiser Navab bildirib ki, nəticə etibarilə, bu təşəbbüs Azərbaycanın dövlətçilik məktəbinin uğurunun təntənəsi və Prezident İlham Əliyevin Cənub–Cənub əməkdaşlığına sadiqliyinin bariz nümunəsidir:”Prezident İlham Əliyevin liderliyi sayəsində Pakistan kimi qardaş ölkələr gələcəyə sıçrayış etmək imkanı əldə edirlər. “ASAN xidmət” mərkəzi sadəcə inzibati bir qurum deyil, ortaq taleyimizin rəmzidir və Pakistan–Azərbaycan dostluğunun irsinin tərəqqi, innovasiya və xalqlarımızın birgə rifahı ilə yadda qalmasını təmin edir”.

