2025-ci ildə "Azercell Telecom"un dəstəyi ilə fəaliyyət göstərən "Qadın Dəstək Xətti" 4 minə yaxın qadına dəstək göstərib
Qadınların təhlükəsizliyi, hüquqlarının qorunması və sosial rifahının gücləndirilməsi istiqamətində "Azercell Telecom" MMC-nin dəstəyi ilə fəaliyyət göstərən "Qadın Dəstək Xətti"nə olan müraciətlərin sayı son bir il ərzində əhəmiyyətli dərəcədə artıb. 2024-cü ildə xidmətə 1 623 müraciət daxil olduğu halda, 2025-ci ildə bu göstərici 4 minə yaxın olub. Təxminən 2,5 dəfəlik artım qadınların mövcud dəstək vasitələrinə etimadının gücləndiyini əks etdirir.
Statistikaya əsasən, müraciətlərin əksəriyyəti psixoloji dəstək, zorakılıq halları və hüquqi yardımla bağlı olub. Belə ki, il ərzində qeydə alınan müraciətlərin 1 105-i psixoloji dəstəyə, 655-i zorakılıq halları üzrə daxil olub. Zorakılıqla bağlı müraciətlərin əsas hissəsini məişət zorakılığı təşkil etsə də, kiberzorakılıqla bağlı 101 müraciət qeydə alınıb ki, bu da həmin istiqamət üzrə artımı əks etdirir. Eyni zamanda 583 müraciət hüquqi yardıma, 336 boşanma prosesində yaranan çətinliklərə, 267 sosial və maddi rifah məsələlərinə, 257 sığınacaqla təmin olunma, 207 isə təhsil mövzularına aid olub.
Bununla yanaşı, insan alveri ilə bağlı 77 müraciət qeydə alınıb. Bu müraciətlər əsasən evdən qaçma, diləndirilmə, erkən nikah və əməyin istismarı halları ilə bağlı olub. Səhiyyə hüquqları ilə əlaqədar isə 47 müraciət daxil olub.
Müraciətlərin təhlili göstərir ki, qadınlar fiziki, psixoloji, cinsi zorakılıq və etinasızlıq kimi müxtəlif zorakılıq növləri ilə üzləşirlər. Bir sıra hallarda müraciətçilər yalnız bir zorakılıq növü ilə qarşılaşsa da, əksər müraciətlərdə bir neçə zorakılıq formasının paralel şəkildə müşahidə olunduğu müəyyən edilib. Bu kontekstdə intiharla bağlı 32 müraciətin qeydə alınması qadınların kompleks və çoxşaxəli dəstəyə ehtiyac duyduğunu açıq şəkildə göstərir.
Bunları nəzərə alaraq 2025-ci il ərzində qadınlara dəstək mexanizmlərinin gücləndirilməsi istiqamətində genişmiqyaslı "Oflayn qadınlar" sosial layihəsi də həyata keçirilib. "Azercell" 25 Noyabr – Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü və BMT-nin "Narıncı Gün" təşəbbüsü çərçivəsində "Ümidli Gələcək" İctimai Birliyi ilə əməkdaşlıqda bu təşəbbüsü təqdim edib.
Layihənin əsas məqsədi qadınlara qarşı zorakılıq probleminə ictimai diqqəti artırmaq, eyni zamanda çətin həyat şəraitində yaşayan və mövcud dəstək resursları barədə kifayət qədər məlumatı olmayan qadınlar üçün əlçatan və təhlükəsiz müraciət imkanları yaratmaqdır.
Bu çərçivədə istifadəyə verilən oflaynqadinlar.az platforması zorakılıq, psixoloji, iqtisadi və digər hallar zamanı Azərbaycan qanunvericiliyinə uyğun atılmalı addımlar barədə sistemli və etibarlı məlumat təqdim edir. Platforma qadınlara öz hüquqları haqqında məlumat almaq, videomateriallar vasitəsilə ilkin psixoloji və sosial dəstək imkanları ilə tanış olmaq, psixoloji testlərdən keçmək və onlara yardım göstərə biləcək müvafiq qurumlar barədə dolğun informasiya əldə etmək imkanı yaradır.
2025-ci ildə həyata keçirilən təşəbbüslər çərçivəsində "Qadınlara Dəstək Xətti" broşürü Meksikanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə ispan dilinə tərcümə olunaraq təqdim edilib.
"Azercell Telecom"un təşəbbüsü ilə yaradılan "Qadın Dəstək Xətti" 2022–2025-ci illər ərzində ümumilikdə 12 000-çox müraciət qəbul edib.
"Qadın Dəstək Xətti" layihəsini "Azercell" və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə "Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi həyata keçirir. Qadınların sosial dəstək ekosisteminin genişləndirilməsi "Azercell"in korporativ sosial məsuliyyət strategiyasının əsas prioritetlərindən biri olaraq qalır.

