Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişaf yolunda olduğunu, bölgəmizdə sülh və əmin-amanlıq üçün zəruri addımlar atıldığını qeyd edən Dövlət Komitəsinin sədri Rövşən Rzayev işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin sürətlə aparıldığını, keçmiş məcburi köçkünlərin doğma yurd yerlərinə böyük həvəslə qayıtdıqlarını bildirib.
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərə səfərlərinin, Böyük Qayıdışla bağlı tədbirlərin icrasının daim nəzarətdə saxlanılmasının keçmiş məcburi köçkünlərdə dərin razılıq və minnətdarlıq hissi doğurduğu vurğulanıb.
XQ xəbər verir ki, kollegiya iclasında Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə yenidən salınan və bərpa olunan yaşayış məntəqələrinə qayıdışın təşkili və həyata keçirilməsi, məcburi köçkünlərə göstərilən kommunal xidmətlərin vəziyyəti, vahid aylıq müavinətin verilməsi, vətəndaşların qəbulu və müraciətlərinə baxılması, statusla bağlı sənədləşmə işlərinin təkmilləşdirilməsi, Mənzil İstismar Departamentinin balansında olan qəsəbələrdəki vəziyyət və digər məsələlər müzakirəyə çıxarılıb. Müvafiq struktur bölmələrinin rəhbərlərinin məruzələri dinlənilib, iradlar, rəy və təkliflər səsləndirilib.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkə rəhbərinin tapşırıqlarının və qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün daha böyük məsuliyyətlə çalışmağın vacibliyini vurğulayaraq bildirib ki, məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışının təşkili üzrə müəyyənləşdirilən kompleks tədbirlərin ardıcıllıqla və vaxtında icra edilməsi təmin olunmalıdır.
Kollegiyada müzakirə edilən məsələlər üzrə müvafiq qərarlar qəbul olunub və tapşırıqlar verilib.



