Salyan limonu: yeni ünvan, fərqli dad

post-img

Kür-Araz ovalığının mərkəzi hissəsində yerləşən Salyanı şöhrətləndirən digər amillərlə yanaşı, burada zəhmət adamlarının yetişdirdikləri məhsulların da xüsusi yeri vardır. Rayonun üzümü, heyvası, narı, bostan məhsulları adla deyilir və hər süfrənin bəzəyidir. İsti Muğan düzündə keyfiyyətli və bol limon yetişdirmək isə hər oğulun işi deyil ki, həvəskar bağban Gülməmməd Məhərrəmov buna nail ola bilib. Onun yetişdirdiyi limon ağaclarının hər biri 300 kiloqramdan çox məhsul verir.

Bildiyimiz kimi, limon əsasən subtropik bölgələrdə yetişir. Amma bağban Gülməmməd kişi Kür çayının sahilində, qədim yaşayış məskənlərindən biri olmuş Babazanan dağının adını daşıyan massivdə bu arqumenti inkar edə bilib. O, burada açıq və istixana şəraitində çoxlu sayda ənənəvi və subtropik meyvə sortları, gül kolları yetişdirməyi bacarır. Çəkilən çoxillik zəhmət, iradə və səbir nəticəsində indi bu meyvə bağının şöhrəti hər tərəfə yayılıb. Xüsusilə bağbanın yetişdirdiyi limondan hər kəs almaq, dadmaq və pay vermək istəyir. Gülməmməd kişi də səxavətlidir. Qapısı hər gələn qonaq üçün açıqdır.

O, calaq üsulu ilə ərsəyə gətirdiyi limon, portağal, narıngi ağacları barədə həvəslə məlumatlar verir. Deyir ki, yerli şəraitdə yetişən məhsullar insana daha xeyirlidir. Sağlamlığımızın qorunmasında bu meyvələrin əvəzsiz rolu var. Bir də bağ salmaq, təsərrüfat yaratmaq həm insana maddi fayda verir, həm də təbiətimizin zənginləşməsinə vətəndaş dəstəyidir.

Gülməmməd kişini yaxından tanımayanlar, bəlkə də elə bilir ki, o kənd təsərrüfatı mütəxəssisidir və ya təbiətşünaslıq üzrə pedaqoqdur. Əslində isə təqaüddə olan neftçidir. Neft və qazçıxarma müəssisələrində elektrik çilingəri olub. Ömrünün 70-ci baharını ötən il qeyd etmiş bağbanın torpaqla, təbiətlə dostluğu isə lap uşaq yaşlarından başlanıb. Təsərrüfat işlərində valideynlərinə yardımçı olmaqla bərabər, tərəvəz və meyvəçiliyə xüsusi maraq göstərib. Ömür boyu istirahət günlərini torpaqla həsbi-halda keçirib, son 20 ildə isə özünün qaynaq yolu ilə inşa etdiyi istixanada ən yaxşı meyvə-tərəvəz sortlarının artırılması ilə məşğul olub. Subtropik meyvələrə marağı daha da güclənib.

Hazırda həvəskar bağbanın uzunluğu 12, eni 6, hündürlüyü isə 5 metrə yaxın olan istixanasında 10-a yaxın məhsuldar limon sortu, portağal, mandarin və digər subtropik meyvələr var. Fədakar zəhmətinin nəticəsidir ki, mövsüm ərzində buradakı limon ağaclarının əksəriyyətindən 300–400 kiloqram can dərmanı olan ətirli, keyfiyyətli məhsul götürür.

Gülməmməd kişinin dediyinə görə, həyətində yetişdirdiyi və yanında şəkil çəkdirdiyi limon ağacları Gürcüstan mənşəlidir, yerli şəraitə uyğunlaşdırılıb. Bu sortdan dadanlar ətrinə, zərif qabığına və şirəsinə görə məşhur Ordubad limonuna bənzədirlər.

İstixanada olarkən çoxlu sayda calaq edilmiş limon tinglərini də müşahidə etdik. Bağban dedi ki, bu da bir işdir. Əkib-becərmək istəyənlərin sifarişi ilə hazırlayıb. Bu günlər limon məhsulunun toplanan vaxtıdır. Məhsul tam yetişib, istehlak üçün hazırdır. İstəyənləri boş qaytarmarıq. O, həm sifarişçilərin tələbatını ödəyir, həm də məhsullarını pay verməkdən zövq alır.

Rüstəm MƏLİKOV,
“Ana Kürüm” qəzetinin məsul redaktoru

Sosial həyat