Milli şəhərsalma irsimiz tarixin yaddaşında

post-img

2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı 22 dekabr 2025-ci il tarixli sərəncam maddi-mədəni irsimizin qorunmasında, ənənəvi və innovativ dəyərlərin sintezi müstəvisində inkişaf etdirilməsində mühüm əhəmiyyət daşıyır. Sərəncamda deyilir: “Azərbaycan şəhərsalma və memarlıq sənətinin bariz nümunələri olub daim yüksək inkişaf səviyyəsinə görə seçilən tarixi şəhərlərimiz ötən dövrlərin memarlıq tendensiyalarına uyğun böyüyüb genişlənməklə bərabər, yerli mədəniyyətin əsas xüsusiyyətlərini qoruyub saxlamışdır”.

Hazırda isə tarixi şəhərlərimiz keçmişlə müasir impulsları bir arada yaşadan mədəniyyət tolerantlığının başlıca mərkəzlərinə çevrilmişdir. Qədim dövrdən mövcud olmuş şəhərsalma və memarlıq ənənələri şəhərlərimizin tarixi simasını müəyyənləşdirməyə, keçilən inkişaf yolunu xronoloji ardıcıllıqla izləməyə və müasir şəhərlərimizdə ənənəviliklə innovativliyin harmoniyasının əhəmiyyətini qlobal miqyasda ortaya çıxarmağa stimul verir.

Azərbaycanda Tunc dövründən formalaşan şəhərsalma mədəniyyəti Dəmir dövrü, Antik dövr, Orta əsrlər dövrünün tələblərinə uyğunlaşaraq müxtəlif funksiyalar əxz etməklə yanaşı, tarixin hər mərhələsində özünəməxsus elementləri ilə də qlobal dəyərləri zənginləşmişdir.

Qədim şəhərlərimiz sənətkarlıq və ticarət mərkəzləri olaraq ortaya çıxmış, “Boyalı qablar mədəniyyəti”nin ən gözəl sənət nümunələri ilə dünya mədəniyyətinə töhfə vermişdir. Naxçıvan, Şahtaxtı, Qızılburun, II Kültəpə ilkin şəhər sənətkarlığının formalaşdığı başlıca mərkəzlərdən olmuşdur. Yaxın Şərq-Anadolu-Cənubi Qafqaz üçbucağının qovşağında yerləşməsi iqtisadi-ticari əlaqələri artırdığı qədər bu əlaqələrin başlıca mərkəzləri olan şəhərlərin də burada erkəndən ortaya çıxmasına şərait yaratmışdır. Bu dövrdə yaşayış məskənləri planlı tikinti elementləri, müdafiə qurğuları və ictimai məkanların mövcudluğu ilə seçilir, şəhərlər əsasən təsərrüfat, sənətkarlıq və ticarət mərkəzləri kimi formalaşırdı. Tunc dövründən şəhər mədəniyyətinin formalaşdığını göstərən faktlar II Kültəpə, Şahtaxtı, Naxçıvan, Qızılburun kimi qədim yaşayış məskənlərində aparılmış arxeoloji qazıntılar zamanı üzə çıxarılmışdır. Bu abidələr özünəməxsus şəhərsalma ənənələri ilə yanaşı, “Boyalı qablar mədəniyyəti” fenomenini formalaşdıran nəfis keramika məmulatları ilə də diqqət çəkmişdir. Məhz xüsusi ustalıqla hazırlanan belə qabların bir qismi günümüzədək gəlib çatmış və dünya muzeylərində qədim Azərbaycan mədəniyyətini uğurla təmsil etmişdir.

Antik dövrdə formalaşan paytaxt şəhərləri Azərbaycanda qədim dövlətçilik ənənələrinin varliğını təsdiq edən maddi mənbələr olaraq mühüm əhəmiyyət daşıyır. Antik dövr Azərbaycan şəhərlərinin funksiyasında nəzərəçarpacaq dəyişikliklər baş vermişdir. Bu dövrdə Qafqaz Albaniyasının paytaxt şəhərinə çevrilən Qəbələnin qədim tikili qalıqları şəhərlərin iqtisadi əhəmiyyətinə artıq yeni impulsun – siyasi funksiyanın əlavə olunduğunu göstərir. Eramızdan əvvəl I minillikdən başlayaraq eramızın ilk əsrlərinədək davam edən bu zaman kontekstində şəhərsalma daha da inkişaf etmiş, ictimai sənətkarlıq mərkəzləri olmaqdan çox siyasi-inzibati mərkəzlərə çevrilmişdir. Bu dövrdə Qəbələ, Bərdə, Şamaxı kimi şəhərlər Qafqaz Albaniya dövlətinin siyasi və iqtisadi mərkəzləri olmuş, küçə şəbəkəsi, ictimai binalar və müdafiə divarları ilə seçilmişdir. Şəhərlərin planlaşdırılmasında relyef və müdafiə amili ön plana çıxmışdır. Bu dövrdə şəhərlər əlavə müdafiə divarlarının olması ilə diqqəti cəlb edirdi. Bu da həmin dövrdə şəhərlərin sənətkarlıq mərkəzləri olmaqdan daha çox siyasi-inzibati mərkəzlərə çevrildiyini, siyasi əhəmiyyətinin artdığını göstərirdi. Qafqaz Albaniyasının Qəbələ və digər şəhər yerlərindən, Antik Naxçıvan şəhər yerindən, Oğlanqalanın Antik mərhələsindən, həmçinin 2024-cü ildə II Xələc abidəsinin Son Antik dövr təbəqəsindən aşkar olunan ictimai tikili qalıqları və sütun altlıqları bu dövrdə şəhərlər və ətrafındakı yaşayış yerlərində xüsusi plana malik memarlıq əlamətlərinin formalaşdığını təsdiq edir.

Orta əsrlər dövründə Azərbaycan şəhərləri türk-islam mədəniyyətinə qiymətli memarlıq inciləri bəxş etmişdir. Bu dövrdə Azərbaycan şəhərsalma mədəniyyətinin ən parlaq mərhələlərindən birini yaşamışdır. Şamaxı, Bərdə, Bakı, Gəncə, Naxçıvan, Təbriz paytaxt şəhərlər olaraq inkişaf etmiş, eyni zamanda, beynəlxalq ticarət və mədəniyyət mərkəzlərinə çevrilmişdir. Bu dövrdə şəhərlərin siması qala divarları, məhəllə sistemi, bazarlar, karvansaraylar, məscidlər və hamamlarla səciyyələnirdi. Naxçıvandakı Möminə Xatun türbəsi və Bakıdakı İçərişəhər məhz bu şəhərsalma ənənələrinin bariz nümunələridir.

Orta əsrlərdə şəhərlərin funksiyası yeni bir məna kəsb etməyə başlayır. Onların memarlıq quruluşu təkcə müdafiə məqsədi daşımır, eyni zamanda, türk-islam memarlığının özünəməxsus əlamətləri ortaya çıxırdı. Bu əlamətlər daha çox şəhərin aparıcı şəxslərinə həsr olunan türbələrdə əks olunurdu. Həmçinin xüsusi memarlıq ənənələrinin ortaya çıxmasına rəvac verirdi. Və bəzən də belə memarlıq ənənələri ayrı-ayrı şəhərlərin simvoluna çevrilirdi.

Tarixin müxtəlif dövrlərindən yaxşı məlum olan bəzi abidələr var ki, onların adı çəkiləndə yerləşdikləri şəhərləri dərhal müəyyən etmək olur: Kolizeyin Roma şəhərini, Eyfel qülləsinin Parisi, Boğaz körpülərinin İstanbulu simvolizə etdiyi kimi Azərbaycanın tarixi-memarlıq abidələri də şəhərlərimizin simasına çevrilmişdir: Qız qalasının Bakını, Möminə Xatun türbəsinin Naxçıvanı, Xan sarayının Şəkini təmsil etməsi Orta əsr şəhər memarığının başlıca atributu olaraq tanınmışdır.

Ümummilli lider Heydər Əliyev müasirliklə milli-mənəvi dəyərlərin vəhdətini əsas prinsip kimi irəli sürməklə şəhərlərimizin inkişaf dinamikasında yeni mərhələ açmışdır. Bu mərhələdə şəhərlərimizdə abadlıq-quruculuq işləri geniş vüsət almış, təkcə iqtisadi baxımdan deyil, tarixi-memarlıq irsimizin qorunmasına da xüsusi diqqət yetirilmiş, dünya mədəni irsində əhəmiyyətinin müəyyən edilməsi üçün vacib tədbirlər görülmüşdür. Bu sahədə ardıcıl həyata keçirilən mərasimlərin nəticəsi olaraq tarixi şəhərlərimizdən Bakı şəhəri İçərişəhərlə, Şəki şəhəri Xan sarayı ilə birlikdə UNESCO tərəfindən Ümumdünya İrs Siyahısına, Memar Əcəmi sənətinin şah əsəri olan Möminə Xatun türbəsi Ümumdünya İrsi üçün namizəd siyahısına daxil edilmişdir.

2025-ci ildə Prezident İlham Əliyevin imzaladığı sərəncamlar tarixi-memarlıq abidələrinin qorunması və təbliği prosesinə töhfədir. Naxçıvan şəhərində yerləşən Möminə Xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında dövlət başçısının 22 may 2025-ci il tarixli sərəncamı Azərbaycanın Orta əsr memarlığının bu qiymətli incisinə yeni həyat bəxş etməkdə nə qədər əhəmiyyət daşıyırsa, Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi haqqında 30 dekabr 2025-ci il tarixli Prezident sərəncamı uzun əsrlər arxasından bu günə gəlib çatmış mədəniyyət zənginliklərimizin beynəlxalq arenada tanıdılmasında bir o qədər mühüm əhəmiyyət kəsb edir.

Müasir Azərbaycan şəhərləri tarixi-mədəni irsi, keçmişlə gələcək arasında innovativ sintez yaradan memarlıq quruluşu ilə ümumdünya mədəniyyətini zənginləşdirməkdədir. Onlar tarixlə müasirliyin ən yaxşı memarlıq xüsusiyyətlərini özündə ehtiva edir. Bu gün qabaqcıl yanaşmalar və milli təcrübələri özündə birləşdirən memarlıq ənənələri innovativ arxitekturanın unikal nümunəsi olan Heydər Əliyev Mərkəzi, Alov qüllələri, Ağ şəhər memarlıq kompleksi ilə tarixiliyin qiymətli nümunələrindən olan Qız qalası, Şirvanşahlar sarayı ilə birlikdə İçərişəhər memarlıq kompleksinin yaratdığı əvəzolunmaz harmoniya timsalında paytaxtımızda ən gözəl şəkildə əks olunmuşdur.

2026-cı ildə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasının (WUF13) Bakı şəhərində keçirilməsi qərarı Azərbaycan şəhərsalma mədəniyyətinin tarixi ənənələri və inkişaf dinamikasındakı innovativ nailiyyətlərin beynəlxalq müstəvidə təqdir edilməsinin təzahürüdür.

Zeynəb QULİYEVA,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix elmləri doktoru





Sosial həyat