Ramazan – imanın qalxanı, şeytanın qandalı

post-img

On bir ayın sultanı dediyimiz Ramazan ayını möminlərin əməl və ibadətlərini bərəkətləndirən, onların savablarını artıran yaz yağışına bənzədə bilərik. Quranın nazil olduğu, nur damcıların qəlbləri paklaşdırdığı bir ayda sırf Allah rizası üçün oruc tutan bəndə qəlbində məhz Onun lütfünü qazanma düşüncəsini daşıyar. Oruclu iftara qədər gözləyər, bu müddətdə təkcə nəfsini deyil, əlini, dilini, gözünü haramdan qoruyar və bununla Rəbbinə qulluğunu və sevgisini göstərər. Oruc ibadətində nümayişkarlıq yoxdur. Buna görə üləmalar orucu bəndə ilə Tanrı arasında gizli təmasa bənzədiblər. Ətrafdakıların tanımadığı və kimsənin görmədiyi bir yerdə orucu pozmamaq mükəmməl imanın ifadəsidir.

İman saflığının sınağa çəkildiyi bu müqəddəs ayda tutulan oruc möminin şeytan adlı nəfsə qarşı cihadı, onun Şər əməllərinə sipəridir. Təsəvvüf alimlərinin əksəriyyəti Ramazanı imanlının qalxanla qorunduğu, şeytanın isə qandallandığı ay kimi dəyərləndirib. Peyğəmbərimiz (s.ə.s) hədislərinin birində buyurur: “Hər şeyin zəkatı var, bədənin də zəkatı orucdur. Oruc isə səbrin yarısıdır”.

Bu əməllər orucu batil edər

→ Yemək və içmək. İstər az, istərsə çox, istər bərk, istərsə maye, istər yeyilən, istərsə yeyilməyən qidanı qəbul etmək orucu pozar;

→ Hər cür qatı toz və tüstünü udmaq. Məsələn, un tozu, siqaret tüstüsü, su buxarı və s. qatı halda olarsa, onları udmaq orucu pozar;

→ İnsan qəsdən Allahın, peyğəmbərlərin və imamların adından yalan danışsa, yəni Quran ayələrini qəsdən təhrif etsə, orucu batil olar;

→ Siqaret çəkən insanın ciyərinə qatı tüstü getdiyindən orucu batil hesab olunur;

→ İstər kişi, istərsə də qadın cinsi əlaqədə olarsa, tutduğu oruc pozular.

Hansı hallarda oruc pozulmaz?

→ Oruc tutan şəxsin ağız suyunu udması orucu pozmaz;

→ Diş çəkdirərkən insan qan, su, yaxud dərman udmazsa, orucu düzgün sayılır.

→ Xəstələnmiş şəxsin bədəninə iynə vurulması orucu pozmaz. Yalnız qidalandırıcı təyinatlı ampulalar orucu pozar;

→ Oruc tutan şəxsə çimmək arzuolunmaz əməl sayılır, amma çimməklə oruc batil olmaz. Çimən şəxs başını su ilə tam islatmamalı, damcıları udmamalıdır.

→ Evdar qadın xörək bişirərkən oruc tutduğunu unudub, xörəyin dadına baxsa, orucu pozulmaz.

Kimlər üçün oruc vacib deyil?

Dörd təbəqədən olan adamlar oruc tutmaya bilərlər. Onlar həm qəza orucundan, həm də kəffarədən azaddırlar:

→ Həddi-büluğa çatmamış uşaqlar;

→ Psixi cəhətdən qeyri-sağlam şəxslər;

→ Qocalıb əldən düşmüş insanlar;

→ Aclıq və susuzluğa tab gətirə bilməyən xəstələr.

Bu sualı tez-tez eşidirik: namaz qılmayan şəxsin oruc tutması düzgündürmü? Müsəlman yetkinlik yaşına çatan gündən həm namaz qılmalı, həm də növbəti Ramazan ayından başlayaraq oruc tutmalıdır. Amma bu iki ibadət bir-birindən asılı deyil. Yəni namaz qılmayan şəxs oruc tuta bilər və bu ibadət qəbuldur.

Şəriətimizə görə, Ramazana təsadüf edən yas məclislərində ehsan süfrəsi iftar vaxtı açılmalıdır. Ümumiyyətlə, oruclu müsəlmanı iftara dəvətin çox böyük savabı var. İmam Sadiq bu barədə buyurub: “Hər kəs oruc tutan şəxsə iftar versə, özü də oructutan qədər savab qazanar”.

Uca Yaradan bu müqəddəs ayda tutulan orucları, edilən ibadətləri, verilən zəkatları qəbul eləsin. İbadətlərimizdə şəhidlərimizin ruhuna dua oxumağı, qazilərimizə şəfa diləməyi unutmayaq. Tanrıdan Vətənimizin, Türk dünyasının daim sülh və əmin-amanlıq içində olmasını diləyək.

İ.HƏSƏNQALA
XQ

Sosial həyat