Qax rayonunun Heydər Əliyev Mərkəzində Şəki Regional Turizm İdarəsinin Qax rayonu üzrə məsləhətçisi Anar Zehirovun hazırladığı “İlisu Çaykənarı İstirahət Zonası” Turizm İnkişaf Konsepsiyasının təqdimatı olub.
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev mərasimdə bildirib ki, Azərbaycanda turizmin inkişafı, ilk növbədə, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1999-cu ildə Ulu öndərin müvafiq fərmanı ilə təsdiq edilmiş “Turizm haqqında qanun” və 2002-ci ildə həyata vəsiqə almış “2002-2005-ci illərdə Azərbaycanda turizmin inkişafı proqramı” ölkəmizdə turizm sektorunun inkişafına təkan vermişdir. Son 23 ildə isə Prezident İlham Əliyevin təşəbbüsü ilə bu sahədə uğurlu islahatlar həyata keçirilib. Bunun nəticəsində turizm sahəsinin dinamik inkişafı təmin olunub, turizm iqtisadiyyatımızın aparıcı sahələrindən birinə çevrilib.
Bildirilib ki, Qax rayonunun turizm perspektivləri böyükdür. Dövlət orqanları və özəl bölmə bölgədə turizmin daha da inkişaf etdirilməsi üçün birgə səylər göstərməlidirlər.
Şəki Regional Turizm İdarəsinin rəisi Şahin Məlikov regionun turizm potensialı haqqında məlumat verib. Sonra turizm sənayesi nümayəndələrinin rəy və təklifləri dinlənilərək onları maraqlandıran suallar cavablandırılıb, mövcud problem və çətinliklərin aradan qaldırılması yolları barədə fikir mübadiləsi aparılıb.
Mərasimdə rayonda turizm infrastrukturu və xidmətlərinin təkmilləşdirilməsi, turistlər üçün cəlbedici mühitin yaradılması, turizm təşkilatlarının təşviqi və turizm məhsullarının tanıtımı kimi məsələlər də müzakirə olunub.
İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

