Xaricdə təhsil üçün Dövlət Proqramına yeni tədris ili üzrə qəbul çərçivəsində müsahibə mərhələsinə başlanılır

post-img

2025/2026-cı tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”na qəbul çərçivəsində II mərhələ sayılan müsahibə mərhələsinə bugündən etibarən start verilir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova deyib. O bildirib ki, aprelin 10-dan iyunun 15-dək davam edən sənəd qəbulu mərhələsi çərçivəsində Dövlət Proqramına dünyanın 19 ölkəsinə aid 94 ali təhsil müəssisəsi üzrə 1147 namizəd müraciət edib: “Müsahibə mərhələsinə dair məlumatlar namizədlərin “portal.edu.az”da yer alan şəxsi kabinetləri üzərindən bildiriləcək. Müsahibə zamanı verilən qiymətin yuxarı həddi 50 baldır. Minimum 40 bal toplamış namizədlər meyarlara uyğun hesab edilir və müsabiqədə iştirak hüququ qazanır”.

Turan Topalova qeyd edib ki, gənclərin 310-u dünya reytinq cədvəllərində ("Times Higher Education", "QS World University Rankings", “Academic Ranking of World Universities (Shanghai)”) ilk TOP10-da yer tutan ali təhsil müəssisələrindən qəbul əldə edərək Dövlət Proqramına müraciət edib: “Namizədlər tərəfindən daha çox müraciət olunan ölkələr sırasında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Türkiyə Respublikası, Amerika Birləşmiş Ştatları, Avstraliya İttifaqı, İtaliya Respublikası yer alır. Namizədlərin seçimlərinə əsasən daha çox müraciət olunan ixtisas istiqamətləri isə informasiya texnologiyaları, dövlət idarəetməsi, mühəndislik, iqtisadiyyat, maliyyə kimi ixtisas istiqamətlərini qeyd etmək olar”.

Qeyd edək ki, Prezidentin 2024-cü il 12 avqust tarixli Sərəncamı rəhbər tutularaq Dövlət Proqramına qəbul üzrə kvota sayı 500 nəfər müəyyən olunub ki, kvotanın 25 faizindən çox olmayan hissəsi bakalavriat səviyyəsini, 20 faizindən çox olmayan hissəsi doktorantura, qalan hissəsi isə magistratura səviyyəsini əhatə edəcək.

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” 2022-ci ildən etibarən həyata keçirilir. Proqram çərçivəsində ümumilikdə 1252 nəfər tələbə təhsil almaq hüququ qazanıb.

Proqram iştirakçılarından 196 nəfər müvafiq beynəlxalq reytinq cədvəllərində (“Times Higher Education”, “QS World Unıversıty Rankings” və “Academic Ranking of World Universities (Shanghai)”) universitetlər üzrə top10-da yer alan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Proqram çərçivəsində təhsilini başa vuraraq ölkəyə qayıdan 351 nəfər Dövlət Proqramı məzunu adını qazanıb.

Təhsil