Naxçıvanda 5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü qeyd olunub

post-img

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. 

Naxçıvan Hərbi Kollecinin konfrans zalında davam edən tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Tükəzban Quliyeva, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri Tarverdi Məmmədov, Naxçıvan Qızlar Liseyinin  direktoru  İlahə Fərəcova  bu şərəfli yolda səylə çalışan pedaqoqları təbrik edib, onlara peşə fəaliyyətlərində uğurlar arzulayıblar.Qeyd olunub ki, , əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Son illərdə Naxçıvanda  təhsil sahəsində uğurlu nəticələr əldə olunub. Diqqətə çatdırılıb ki, müəllimlərimizin yorulmaz səyləri sayəsində 2025-cü tədris ili şagird nailiyyətləri baxımından Naxçıvan təhsili üçün ən uğurlu illərdən olub. Belə ki, buraxılış və qəbul imtahanlarında şagirdlərimiz tərəfindən son 30 ilin ən yüksək nəticələri əldə edilib.  

Tədbirdə təhsil sahəsində səmərəli fəaliyyətinə görə bir sıra müəllimə  Elm və Təhsil Nazirliyinin və Naxçıvan Muxtar Respubliası Təhsil Nazirliyinin “Fəxri Fərmanı” ları, təhsil sahəsində səmərəli fəaliyyətinə və  gənc nəslin təlim-tərbiyyəsi sahəsində yüksək nailiyyətlər əldə  etdiyinə görə məktəblərin kollektivlərinə  “Təşəkkürnamə”, “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunan müəllimlərə nişan və vəsiqələr təqdim olunub.   

Tədbir bədii hissə ilə davam edib.

Səbuhi HƏSƏNOV

 

 

 















Təhsil