Təhsil krediti tələbələrə dövlət dəstəyidir

post-img

Təhsil tələbə krediti ali təhsilin maliyyə yükünü azaltmaq və gənclərin maddi imkanlardan asılı olmayaraq təhsil almaq hüququnu qorumaq məqsədilə tətbiq edilən dövlət mexanizmidir. Təhsilin maliyyələşdirilməsi minlərlə gəncin gələcəklə bağlı verdiyi qərarların, qurduğu planların göstəricisidir. Bu model çərçivəsində ödənişli əsaslarla təhsil alan tələbələrin təhsil haqqı dövlət tərəfindən qarşılanır, ödəniş isə məzuniyyətdən sonra müəyyən şərtlərlə mərhələli şəkildə həyata keçirilir. 

Təhsil Tələbə Krediti Fondu (TTKF) dekabrın 25-də 4 illik hesabatını açıqlayıb. Fondun İdarə Heyətinin sədri Bəhruz Əzimov qurumun fəaliyyəti və gördüyü işlər barədə mühüm məlumatlar verib. 

Sədr bildirib ki, statistikaya görə, ən çox təhsil tələbə krediti (TTK) rəsmiləşdirilən ali məktəblər sırasında Azərbaycan Dövlət İqtisad Universiteti birinci pillədə yer alır. Burada, ümumilikdə, 4365 gənc təhsil tələbə kreditindən faydalanır. Onların 48 faizi qadın, 52 faizi kişidir. Rəsmiləşdirilən kreditlərin 22 faizi sosial, 78 faizi isə standart kateqoriyaya aiddir. İkinci pillədə olan Gəncə Dövlət Universitetində 4056 tələbə TTK alıb.

Bəhruz Əzimov qeyd edib ki, siyahıda Bakı Dövlət Universiteti (3223 nəfər), Azərbaycan Kooperasiya Universiteti (3169 nəfər), Azərbaycan Dövlət Pedaqoji Universiteti (2711 nəfər), Mingəçevir Dövlət Universiteti (2491 nəfər), Lənkəran Dövlət Universiteti (2488 nəfər), Bakı Biznes Universiteti (2457 nəfər) və Azərbaycan Memarlıq və İnşaat Universiteti (2184 nəfər) var.

Onun sözlərinə görə, TTK üzrə ən çox vəsait ayrılan 10 ixtisas sırasında siyahıya “Biznesin idarə edilməsi” ixtisası liderlik edir. Bu ixtisas üzrə 4647 müqavilə bağlanıb və ümumilikdə 5 milyon 352 min 664,30 manat vəsait ayrılıb. İkinci yerdə qərarlaşan “Sosial iş” ixtisası üzrə 2 203 müqavilə əsasında 1 milyon 931 min 211 manat ödənilib. “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə 2 434 tələbə TTK ilə əhatə olunub, ümumi maliyyələşmə 1 milyon 930 min 330,25 manatdır.

Bəhruz Əzimov vurğulayıb ki, təhsil kreditlərində 90 gündən artıq gecikmə halları valideynlərə heç bir hüquqi və maliyyə məsuliyyəti yaratmır, bütün öhdəlik yalnız tələbənin üzərində qalır. Təqdim olunan təhsil kreditləri zamin və girov olmadan verildiyi üçün valideynlərin kredit üzrə məsuliyyəti yoxdur və bu gecikmələr onların gələcəkdə kredit götürmək imkanlarına təsir etmir. Kreditin geri qaytarılmasına görə isə, yalnız tələbə cavabdehdir. Hazırda 125 tələbənin gecikməsi qeydə alınıb.

Sədr əlavə edib ki, sosial kredit üzrə müraciətlər elektron sistem vasitəsilə yoxlanılır və tələbənin qanunvericiliklə müəyyən edilmiş sosial status meyarlarına uyğunluğu əsas götürülür. Həmin meyarlar təmin olunmadıqda, sosial kredit üzrə müraciət rədd edilir. Standart kreditdə isə qərar yalnız tələbənin təhsil göstəriciləri əsasında verilir. Belə ki, tələbənin ikinci və sonrakı semestrlərdə akademik göstəricisi 71 baldan aşağıdırsa və ya hər iki kredit növündə fənn üzrə kəsiri varsa, bu zaman standart kredit üzrə müraciətinə imtina verilir.

Ümumi orta müvəffəqiyyət göstəriciləri yüksək olan məzunlar üzrə 681 sosial təhsil tələbə krediti müqaviləsinə 50 faiz, 1679 standart TTK müqaviləsinə isə 25 faiz güzəşt tətbiq olunub.

İndiyədək 13 min 254 tələbə TTK-dan yararlanıb. Ümumilikdə, bağlanmış müqavilələrin sayı 34 min 908 təşkil edib. Kreditlərin verilmə qaydasına əsasən normativ təhsil müddətində akademik göstəriciləri yüksək olan məzunların kredit vəsaitlərinin müəyyən hissəsi dövlət tərəfindən qarşılanır. Bu günə qədər 761 min manata yaxın kredit vəsaiti dövlət tərəfindən bağışlanıb.

Əmək bazarına çevik çıxışı dəstəkləmək məqsədilə Təhsil Tələbə Krediti Fondunun 4 illik fəaliyyəti dövründə kreditdən faydalanan 3 mindən çox tələbə və məzun təlim-təcrübə proqramlarına yönəldilib. Fond tərəfindən 400-ə yaxın məzunun işlə təmin olunmasına vasitəçilik edilib. Bu məqsədlə 9 təhsil müəssisəsi, 7 dövlət qurumu, 19 özəl şirkət ilə Anlaşma Memorandumu imzalanıb. 

İndiyədək 2 tələbəsi olan 1667 ailədən ümumilikdə 3334, 3 tələbəsi olan 41 ailədən 123, 4 tələbəsi olan 3 ailədən isə 12 tələbə təhsil kreditindən yararlanıb. 1711 ailəni əhatə edən 3469 tələbə isə kreditlə təmin olunub. 

Elm və Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev vurğulayıb ki, 2030-cu ilə qədər ölkəmizdə 21 peşə təhsili müəssisəsinin yenidən qurulması, 2 peşə təhsili müəssisəsində əsaslı təmir işlərinin aparılması nəzərdə tutulur. Peşə təhsilində əsas problemlərdən biri hesab olunan infrastruktur məsələsi artıq mərhələli şəkildə öz həllini tapır və bu istiqamətdə müsbət gözləntilər var.

Hazırladı:
Fidan ƏLİYEVA
XQ

 





Təhsil