AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda tanınmış ədəbiyyatşünas alim Araz Dadaşzadənin anadan olmasının 90 illiyi münasibətilə keçirilən elmi sessiya, tədqiqatçının zəngin elmi irsinin müasir ədəbiyyatşünaslıq baxımından yenidən dəyərləndirilməsi baxımından əlamətdar hadisə kimi yadda qaldı. Tədbir yalnız xatirə xarakteri daşımayıb, alimin irsinin metodoloji və elmi-prinsipial tərəflərinin aktual elmi diskussiyalar fonunda təqdim olunmasına xidmət etdi.
Elmi sessiya çərçivəsində Araz Dadaşzadənin elmi fəaliyyəti, nəşrləri və arxiv materiallarını əks etdirən sərgiyə baxış keçirildi. Sərgi alimin çoxşaxəli tədqiqat istiqamətlərini və Azərbaycan ədəbiyyatının müxtəlif mərhələlərinə həsr olunmuş fundamental araşdırmalarını bir araya gətirməklə onun ədəbiyyatşünaslıq məktəbinin miqyasını nümayiş etdirdi.
Mərasimi giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Araz Dadaşzadənin xüsusilə XVIII əsr Azərbaycan ədəbiyyatının tədqiqində formalaşdırdığı konseptual yanaşmaların bu gün də elmi dəyərini qoruduğunu vurğuladı. Bildirildi ki, alimin Qarabağ ədəbi mühiti, eləcə də Molla Pənah Vaqif yaradıcılığı ilə bağlı apardığı araşdırmalar, Qarabağın azad olunmasından sonra bölgənin tarixi-mədəni irsinin yenidən elmi dövriyyəyə qaytarılması prosesində mühüm elmi istinad mənbəyi kimi çıxış edir.
Məruzədə xüsusilə Araz Dadaşzadənin Vaqif yaradıcılığına həsr etdiyi monoqrafiyanın elmi əhəmiyyəti diqqətə çatdırıldı. Qeyd olundu ki, həmin tədqiqat yalnız faktoloji materialın zənginliyi ilə deyil, eyni zamanda analitik təhlil üsulu, arxiv sənədlərinə söykənən yanaşma və ədəbi prosesi bütöv şəkildə dərk etmək cəhdi ilə fərqlənir. Alimin “XVIII əsr Azərbaycan lirikası” adlı fundamental tədqiqatı isə bütöv bir ədəbi mərhələnin elmi sistemləşdirilməsi baxımından Azərbaycan ədəbiyyatşünaslığında yeni mərhələnin əsasını qoyan əsərlərdən biri kimi qiymətləndirildi.
Elmi sessiyada səsləndirilən fikirlərdə Araz Dadaşzadənin Vaqif obrazını yalnız nikbin poeziya çərçivəsində təqdim edən stereotipləri aşaraq, onun yaradıcılığında realizm, sosial müşahidə və dərin fəlsəfi qatların mövcudluğunu elmi əsaslarla üzə çıxarması xüsusi vurğulandı. Alimin həm Molla Pənah Vaqifə, həm də Molla Vəli Vidadiyə və eyni dövrün digər sənətkarlarına münasibətdə kompleks, çoxistiqamətli yanaşma sərgiləməsi ədəbiyyatşünaslıq metodologiyasına verdiyi mühüm töhfə kimi dəyərləndirildi.
Sessiya çərçivəsində çıxış edən alimlər - filologiya elmləri doktoru Vaqif Yusifli, filologiya elmləri doktoru Cavanşir Yusifli Araz Dadaşzadənin yalnız ayrı-ayrı müəlliflərin yaradıcılığını araşdırmaqla kifayətlənmədiyini, eyni zamanda bütöv ədəbi mühitlərin, tarixi-ictimai şəraitin və poetik düşüncə sistemlərinin qarşılıqlı əlaqəsini təhlil edən elmi model formalaşdırdığını qeyd etdilər. Onun Şakir Şirvani, Vidadi və digər klassiklərin irsi ilə bağlı araşdırmaları klassik ədəbiyyatın yeni interpretasiyası baxımından əhəmiyyətli hesab olundu.
Mərasimdə Araz Dadaşzadənin elmi portreti həm də ensiklopedik fəaliyyət prizmasından təqdim edildi. Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru kimi fəaliyyəti alimin elmi biliklərin sistemləşdirilməsi və cəmiyyətə çatdırılması istiqamətindəki xidmətlərinin mühüm tərkib hissəsi kimi qiymətləndirildi. Bu fəaliyyət onun yalnız tədqiqatçı deyil, həm də milli elmi yaddaşın formalaşmasına töhfə verən təşkilatçı alim obrazını ön plana çıxardı.
Çıxışlarda vurğulandı ki, Araz Dadaşzadənin yaradıcılığına xas olan əsas xüsusiyyətlərdən biri elmi əsaslılıq, dəqiqlik və sistemli təhlil idi. Alimin mətnə, terminologiyaya və elmi nəticələrin formalaşdırılmasına son dərəcə məsuliyyətlə yanaşması, tədqiqat prosesində hər detalın nəzərə alınması onun elmi üslubunu səciyyələndirən başlıca cəhətlər kimi göstərildi.
Elmi sessiya çərçivəsində alimin həyat və yaradıcılıq yolunu əks etdirən videoçarxın nümayişi tədbir iştirakçılarına Araz Dadaşzadənin elmi fəaliyyətini tarixi kontekst daxilində izləmək imkanı yaratdı. Tədbirin sonunda ailə üzvləri – qızı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zümrüd Dadaşzadə və oğlu, filologiya üzrə fəlsəfə doktoru Aqşin Dadaşzadə tərəfindən səsləndirilən minnətdarlıq çıxışları isə alimin xatirəsinə göstərilən ehtiramın həm elmi ictimaiyyət, həm də yaxın çevrəsi üçün dərin mənəvi dəyər daşıdığını bir daha nümayiş etdirdi.
Araz Dadaşzadənin 90 illik yubileyinə həsr olunmuş elmi sessiya onun klassik Azərbaycan ədəbiyyatının öyrənilməsində formalaşdırdığı elmi məktəbin bu gün də aktual olduğunu, müasir ədəbiyyatşünaslıq üçün etibarlı metodoloji baza yaratdığını bir daha təsdiqlədi.
N. Qədimoğlu
XQ






