Türkiyə Liviyanın Homs limanını 99 il müddətinə icarəyə götürüb və burada hərbi bazasını yerləşdirəcək. Bu barədə “TRT Haber” telekanalı məlumat yayıb. Bildirilib ki, bölgədə yaradılacaq hərbi bazada Türkiyənin milli pilotsuz uçuş aparatları (PUA) və hava hücumundan müdafiə sistemləri yerləşdiriləcək.
Türkiyə Dəniz və Qlobal Strategiyalar Mərkəzi qeyd edib ki, icarəyə götürülmüş limanda hərbi bazanın yaradılması Türkiyənin dəniz ərazilərinin profilaktik mühafizəsini, eləcə də ticarət gəmilərinin təhlükəsizliyini təmin edəcək. Materialda həmçinin bildirilir ki, Türkiyə ilə Liviya arasında hərbi əməkdaşlığın yeni səviyyəyə yüksəlməsi çərçivəsində Vatiyə hərbi aviabazasının Türkiyənin istifadəsinə verilməsi də gündəmdədir.
Liviya Milli Birlik Hökumətinin rəsmi nümayəndəsi Məhəmməd Hamuda məlumatı təkzib edib. Onun sözlərinə görə, Liviyanın Homs limanının Türkiyə Müdafiə Nazirliyinə icarəyə verilməsi ilə bağlı yayılan xəbərlər reallığı əks etdirmir: “Bu doğru xəbər deyil”.
Qeyd edək ki, 2019-cu ilin noyabrında Liviya Milli Birlik Hökuməti və Türkiyə iki ölkə arasında dəniz zonalarının delimitasiyasına dair anlaşma memorandumu imzalayıblar. Ötən il oktyabrın 3-də Liviya Milli Birlik Hökuməti Türkiyə ilə neft-qaz sektorunda 2 yeni anlaşma memorandumu bağlayıb. Bu sənədlərdən biri müştərək geoloji kəşfiyyat işlərinin aparılmasını nəzərdə tutur.
P.ƏFƏNDİ, “Xalq qəzeti”

