Qiyamçı “Vaqner” ruplaşmasının əsas zərbə dəstələrinin Belarusda yerləşməsi bu ölkə ilə qonşu olan dövlətləri, xüsisilə Polşada ciddi təşvişə səbəb olur. Varşavada və Baltikyanı ölkələrin paytaxtlarında hesab edirlər ki, “vaqnerçilər” Belarusda qaldıqca, onlardan hər an arzuolunmaz hərəkətlər gözləmək mümkündür.
Dünən bu məsələ ilə bağlı Polşa və Baltikyanı dövlətlərin daxili işlər nazirləri Varşavada görüşüblər. Orada “Vaqner”dən gözlənilən “sürpriz”lərlə bağlı danışıqlar aparılıb. Bir neçə saat davam edən müzakirələrdən sonra nazirlər mətbuat konfransı keçiriblər.
Polşanın daxili işlər naziri Mariuş Kaminski jurnalistlərə bildirib ki, son həftələr ərzində NATO-nun şərq cinahında gərginlik xeyli artıb və bunun da əsas səbəblərindən biri “Vaqner”dən qaynaqlanan təhlükədir. Həmçinin bildirib ki, muzdlulardan ibarət qrup ilə bağlı “kritik insident” baş verərsə, Polşa və Baltikyanı ölkələr Belarusla sərhədlərini dərhal tamamilə bağlayacaq.
Qeyd etmək lazımdır ki, Belarusla ümumi sərhədi bölüşən Avropa İttifaqı və NATO ölkələri olan Latviya, Litva və Polşa “Vaqner” qrupunun Belarusa gəlməsindən sonra sərhədlərinin təhlükəsizliyi ilə bağlı narahat olduqlarını gizlətmir və rəsmi Minskdən muzdluları təcili çıxarmağı tələb edirlər. Belarus hökuməti isə bu tələbləri gözardı edir.
Bundan əlavə, Belarus son aylar, əsasən, böyük hissəsi Yaxın Şərq və Afrikadan olmaqla, sayı getdikcə artan miqrantların Avropa İttifaqınin Şərq dövlətlərinin sərhədlərini keçməsinə şərait yaratmaqda ittiham olunur. Belarus rəsmiləri bu ittihamları da təkzib edirlər.
Vəziyyət isə günbəgün gərginləşir. Belarus Prezidenti A.Lukaşenko bu yaxınlarda ölkədə 10 minə yaxın “Vaqner” döyüşçüsü saxlamaq niyyətində olduğunu bəyan edib. Lakin qruplaşmanın Rusiya, yaxud Belarus tərəfindən maliyyələşdiriləcəyi məlum deyil. Analitiklər hesab edirlər ki, böyük ehtimalla “Vaqner”in yükünü Rusiya çəkməli olacaq.
Xatırladaq ki, Polşa əsilli jurnalistin Belarusda həbs edilməsi və Polşa diplomatlarının ölkədən çıxarılmasından sonra Polşa bu il Belarusla bir sərhəd keçid məntəqəsindən başqa hamısını bağlayıb. Bir müddət əvvəl isə Belarusun hərbi təyyarələrinin Polşanın hava məkanını pozduğu barədə məlumatlar yayılmışdı.
Ən qəribəsi bu idi ki, NATO rəhbərliyi Belarusla hərbi münaqişə baş verəcəyi təqdirdə Polşanın tərəfindən vuruşmayacağını elan etdi. Bu xəbər Belarus ictimaiyyətində dərin məyusluq doğurdu. Bu tərəfdən “Vaqner”in Polşanın “qulağının dibində” olması ölkə əhalisində təşviş yaradıb.
Atamoğlan MƏMMƏDLİ,
BDU-nun professoru, siyasi şərhçi
– Artıq il yarımdan çoxdur ki, Rusiya–Ukrayna müharibəsi başlayıb və o vaxtdan bu ağır silahlı münaqişənin böyüyərək Avropanın şərqinə doğru genişlənib-genişlənməyəcəyi gündəmdədir. Bir müddət əvvəl “Vaqner” özəl hərbi qruplaşmasının Belarus ərazisində yerləşməsi bu problemi daha da aktuallaşdırıb.
Qərbdə hesab edirlər ki, Rusiya 2022-ci ilin 24 fevralında beynəlxalq norma və qaydaları kobud surətdə pozub. Rusiya Ukraynada gözlədiyi və ümid etdiyi böyük hərbi uğura nail ola bilməyib. Bununla bərabər, müharibə günbəgün uzanır və münaqişənin gələcək taleyi barədə proqnozlar vermək çətindir.
ABŞ və müttəfiqləri Kiyevə kifayət qədər maliyyə və hərbi yardım göstərsə də, Ukrayna Silahlı Qüvvələri hələlik cəbhədə ciddi dönüş yarada bilmir. Bu səbəbdən Qərbdə münaqişəni dondurmağın vaxtının çatdığı fikirini dəstəkləyənlərin sayı artır.
Məlumdur ki, “vaqnerçilər” Ukraynadan əvvəl Afrikada, oradan qabaq isə Suriya və Liviyada vuruşaraq Rusiyanın qlobal maraqlarına xidmət ediblər. Rusiya–Ukrayna müharibəsi başlanandan bir müddət sonra “Vaqner”in əsas zərbə qüvvəsi Ukrayna cəbhəsinə gətirilib.
Lakin Ukraynadakı döyüşlər “vaqnerçilər” üçün Afrikadakı qədər asan olmayıb. Burada muzdlular fədakar Ukrayna xalqının ciddi müqaviməti ilə üzləşiblər. “Vaqnerçilər”in Ukrayna torpağında ağır zorakılıqlar törətdiyi bildirilir.
Qruplaşma Donetsk vilayətinə daxil olan Baxmut şəhəri uğrunda döyüşlərdə ağır itkilər verib, lakin şəhəri ələ keçirməyə müvəffəq olublar. Bundan sonra qrupun başçısı Yevgeni Priqojin ilə Rusiya Ordusunun rəhbərliyi arasında ixtilaf yaranıb və məlum qiyam baş verib.
Əslində, “Vaqner” təkcə Polşa və Baltikyanı ölkələr üçün təhlükə törətmir, onun Ukraynanın şimalından yenidən bu ölkəyə qarşı hücuma keçəcəyi istisna edilmir. Hər halda, başçısız qalan muzdlu dəstənin müharibənin taleyinə ciddi təsir göstərəcəyi inandırıcı görünmür.
Məsaim ABDULLAYEV, “Xalq qəzeti”


