Türkiyə-ABŞ işçi qrupu:  Təhlükəsiz, sabit və terrorsuz Suriya qurulacaq

post-img

Türkiyə və ABŞ regionda daxili təhlükəsizliyi və sabitliyi təmin etməyə və mehriban qonşuluq münasibətlərini qorumağa qadir olan Suriyaya dair ortaq baxışı paylaşırlar. Bu barədə Suriya üzrə Türkiyə-ABŞ işçi qrupunun iclasının nəticələri ilə bağlı birgə bəyanatda deyilir. Xəbəri “Anadolu” verib. 

Bəyanatda deyilir ki, Türkiyə və ABŞ prezidentlər Rəcəb Tayyib Ərdoğan və Donald Tramp tərəfindən yaradılmış çərçivəyə uyğun olaraq Suriyada sabitlik və təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlıq və koordinasiyanı dərinləşdirmək niyyətindədirlər. İşçi qrupunun yeni iclasına Türkiyə xarici işlər nazirinin müavini Nuh Yılmaz və ABŞ dövlət katibinin müavini Kristofer Landau başçılıq ediblər. Görüşdə Türkiyənin Vaşinqtondakı səfiri Sedat Önal və ABŞ-ın Ankaradakı səfiri Tomas Cozef Barak da iştirak edib.

Bəyanatda deyilir ki, nümayəndə heyətləri Suriya üzrə ümumi prioritetləri, o cümlədən prezident Trampın göstərişinə uyğun olaraq sanksiyaların ləğvi, həmçinin terrorun bütün formalarına qarşı birgə mübarizəni müzakirə ediblər. Vurğulanıb ki, milyonlarla suriyalı öz vətənlərinə qayıdacaq, qonşuları ilə sülh içində yaşayan sabit Suriya qurulacaq. Suriyanın ərazi bütövlüyünün qorunması prinsipinə sadiqlik də təsdiqlənib. 

ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus bildirib: “Landau ABŞ və Türkiyə arasında güclü ikitərəfli münasibətlərin tərəfdaşlığın yeni mərhələsinə qədəm qoyduğunu və iki ölkə arasında əməkdaşlığın sülhdən ticarətə qədər geniş spektrdə genişləndiyini vurğulayıb”.

P.ƏMİRCANOV
XQ

Dünya