Rusiya və Ukrayna arasında sülh sazişi haqqında memorandum layihəsinin hazırlanması bağlı qapılar arxasında aparılır. Bu barədə mayın 21-də Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib. Xəbəri “İzvestiya.ru” yayıb.
“Heç kim prosesin gecikdirilməsində maraqlı deyil. Hamı dinamik işləyir. Biz sizi məlumatlandıracağıq”, - o, brifinqdə deyib. Peskov əlavə edib ki, məlum səbəblərə görə bu iş geniş ictimaiyyət üçün açıq ola bilməz.
Mümkün atəşkəs planına gəlincə, Rusiya prezidentinin mətbuat katibi şərtlərin ayrıca siyahısının təqdim ediləcəyini bildirib. İstanbulda məhz bu barədə razılıq əldə olunub.
Rusiya ilə Ukrayna arasında danışıqlar mayın 16-da İstanbuldakı Dolmabaxça sarayında baş tutub. Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin sözlərinə görə, tərəflər “1000-1000” nisbətində məhbusların mübadiləsi barədə razılığa gəliblər. Ukrayna tərəfi də dövlət başçıları arasında danışıqların aparılmasını təklif edib və Rusiya bu xahişi nəzərə alıb.
P.ƏMİRCANOV
XQ