Hakan Fidan bu gün Kiyevə gedir

post-img

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynanın xarici işlər naziri Andrey Sıbiqanın dəvəti ilə mayın 29-30-da Ukraynada səfərdə olacaq. Məlumatı “Anadolu” verib. 

Fidanın Ukrayna Prezidenti Vladimir Zelenski və baş nazir Denis Şmıqalla görüşü planlaşdırılır. Türkiyəli nazir ukraynalı həmkarı Sibiqa, Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak və müdafiə naziri Rustem Umerovla da danışıqlar aparacaq.

Diplomatik mənbələrdən verilən məlumata görə, Fidan görüşlər zamanı ticarət, enerji, müdafiə və təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığın inkişafını müzakirə etmək, Ankaranın Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə davamlı dəstəyini bir daha təsdiqləmək niyyətindədir. Türkiyə tərəfi Rusiya-Ukrayna müharibəsinin diplomatiya, ədalət və davamlı sülhün təmin edilməsi yolu ilə dayandırılması zərurətinə diqqət yetirmək niyyətindədir. Ankaranın həmçinin vasitəçiliyi davam etdirməyə, Qara dənizdə naviqasiya təhlükəsizliyi və Türkiyənin Ukraynanın bərpasında iştiraka hazır olduğunu bildirəcək. 

Ankaranın Krım tatarlarının hüquqlarına dəstəyinin vurğulanacağı və Kiyevin bu sahədə qanunvericilik təşəbbüslərinə müsbət qiymət veriləcəyi də gözlənilir. Fidan Ukraynanın xalq deputatı və Krım tatarlarının ümummilli lideri Mustafa Qırımoğlu, Krım tatar xalqı Məclisinin sədri Refat Çubarov və qaqauz icmasının nümayəndələri ilə də görüşəcək.

P.ƏMİRCANOV
XQ

Dünya