PKK xəyanətkar oyundan çıxarıldı

post-img

Türkiyədə tarixin yeni səhifəsi açılıb

Türkiyə Respublikasında terrorla mübarizənin 47 illik mərhələsində tarixi dönüş nöqtəsi yaşanır. İraqın Süleymaniyə şəhərində PKK-nın bir qrup üzvünün rəsmi şəkildə silahları təhvil verməsi və bunun ardınca Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Tarixdə yeni bir sayfa açılıb” bəyanatı təkcə ölkə daxilində deyil, regionda da sülh və təhlükəsizlik üçün yeni ümidlər doğurur.

Ankaranın Kızılcahamam rayonunda hakim Ədalət və İnkişaf Partiyasının 32-ci İstişarə və Dəyərləndirmə Toplantısında çıxış edən Prezident Ərdoğan bildirib ki, terrorla mübarizədə əvvəllər buraxılmış strateji səhvlər PKK-nın güclənməsinə zəmin yaradıb. 1984-cü ildən bu yana on minlərlə insanın həyatını itirdiyini və ölkə iqtisadiyyatına 2 trilyon dollardan çox ziyan dəydiyini vurğulayan dövlət başçısı “bu səhifə artıq bağlanır” mesajını verib: “Biz türklər, kürdlər, ərəblər və bütün xalqlar olaraq birgə yaşamın, dialoqun və qarşılıqlı hörmətin zəminində güclənə bilərik. Bütün problemlər zorakılıqla deyil, demokratik yollarla həll olunmalıdır.”

Prezident vurğulayıb ki, Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraq sərhədlərində keçirdiyi lokal antiterror əməliyyatları ölkənin təhlükəsizliyini gücləndirib. Türkiyə istehsalı olan silah və texnologiyaların istifadəsi isə xarici asılılığın azalmasına və əməliyyatların effektivliyinin artmasına səbəb olub. Cənab Ərdoğanın sözlərinə görə, PKK artıq Türkiyənin içərisində əvvəlki kimi təsir gücünə malik deyil və mülki vətəndaşlara, dövlət strukturlarına qarşı təhlükə qabiliyyəti ciddi şəkildə zəifləyib.

PKK-nın tərk-silah prosesi hökumət və müxalifət dairələrində müsbət qarşılanıb. MHP sədri Dövlət Baxçeli prosesi “Terrorsuz Türkiyə yolunda sağlam addım” kimi dəyərləndirib. CHP lideri Özgür Özel isə bəyan edib ki, prosesin davamlılığı yalnız “ədalət və şəffaflıq” prinsipləri üzərində mümkündür.

Bu konsensusu daha da gücləndirən addım isə Türkiyə Böyük Millət Məclisində (TBMM) yeni komissiyanın yaradılması barədə razılıqdır. AK Parti, MHP və DEM Partiyanın təmsilçiləri bu komissiyanın işinə cəlb olunaraq, tərk-silah prosesinin hüquqi və ictimai nəzarətini həyata keçirəcək.

Süleymaniyədə baş tutmuş silah təhvilvermə mərasimi yalnız Türkiyə üçün deyil, region üçün də mühüm əhəmiyyət kəsb edir. İraq Kürd Regional Hökumətinin prosesə verdiyi dəstək, Suriya və İraq kürdləri ilə aparılan danışıqlar Ankara-Bağdad-Ərbil üçbucağında yeni diplomatik dinamikaların formalaşdığını göstərir.

Prezident Ərdoğanın “İraq və Suriyadakı kürd qardaşlarımızın məsələsi də bizim məsələmizdir” sözləri Türkiyənin gələcəkdə regional təhlükəsizlik arxitekturasında birləşdirici rol oynamaq niyyətini təsdiqləyir.

Təhlükəsizlik ekspertlərinin fikrincə, PKK-nın silahları təhvil verməsi Türkiyənin cənub-şərqində sosial və iqtisadi canlanma üçün əlverişli mühit yaradacaq. Sərhəd təhlükəsizliyinin möhkəmlənməsi və təhlükəsizlik orqanlarının yükünün azalması, yeni investisiya imkanlarının ortaya çıxmasına səbəb olacaq.

Bundan başqa, parlamentdə yaradılan komissiya isə əvvəlki həll prosesilə müqayisədə daha geniş siyasi iştirak və monitorinq mexanizmləri ilə təchiz olunacaq. Bu da prosesin legitimliyini və davamlılığını təmin edəcək əsas şərtlərdəndir.

Bir sözlə, Süleymaniyədə atılan bu tarixi addım Türkiyənin illərlə davam edən terrorla mübarizəsində dönüş nöqtəsi kimi dəyərləndirilir. Prezident Ərdoğanın “Qardaşlıq, birlik və rifah” çağırışları bu mərhələnin yalnız təhlükəsizlik deyil, həm də ictimai və siyasi konsolidasiya baxımından həlledici rol oynayacağını göstərir. Buna görə də, qardaş ölkənin terrorsuz, güclü və birliyə əsaslanan Türkiyəyə çevriləcəyi gün uzaqda deyil.

Səbuhi MƏMMƏDOV
XQ



Dünya