Yəməndə humanitar böhran

post-img

Yaxın Şərqin səssiz harayı olan Yəmən, artıq onilliklərdir ki, qan içində boğulur. Bu ölkənin dağılmış şəhərləri, yerlə-yeksan məktəbləri, bomboş süfrələri və səssiz qalmış beşikləri bu günümüzün ən dərin insan dramlarından birinə şahidlik edir.

Söhbət, sadəcə müharibədən getmir, bir xalqın göz görə-görə məhv edilməsindən, bir vətənin böyük güclərin oyun masasına çevrilməsindən gedir. Yəməndə 2014-cü ildə başlanan və bu günə qədər sönməyən vətəndaş müharibəsi rəsmi şəkildə daxili qarşıdurma adlansa da, gerçəkdə bu, bölgənin geosiyasi rəqiblərinin birbaşa müdaxilə etdiyi müasir kolonial müharibədir.

Məlum olan bir tərəfdən Yəməndə şiə məzhəbinə aid olan husilər silahlandırılır, digər tərəfdən isə sünni koalisiyası adı altında hava zərbələri endirilir, blokadalar yaradır. Ortada isə nə şiə qalır, nə sünni, yalnız aclıqdan gözləri bərəlmiş uşaq meyitləri, anaların fəryadı, dağılmış xəstəxanalar və viranə şəhərlər... Bura artıq bir poliqondur. Silahların sınaqdan keçirildiyi, qlobal geosiyasətin nəbzinin tutulduğu, insan həyatının isə heçə sayıldığı bir yer.

Yəməndə davam edən faciə, dini kimliklər üzərindən aparılan siyasətin necə böyük bir vəhşətə çevrilə biləcəyinin canlı sübutudur. Əsrlərdir bir arada yaşayan insanlar indi sırf hansı məzhəbdə olduqlarına görə bir-birini qırırlar, ya da buna zorla məcbur edilirlər. Məzhəbçiliyin siyasi məqsədlərin alətinə çevrildiyi bu coğrafiyada insan öz insanlığını itirir. Bu, dinin deyil, din adı altında yalanın və ikili standartların qələbəsidir.

Dünya isə Yəməni ya görmür, ya da görmək istəmir. BMT-nin sönük çağırışları, Qərbin selektiv insan haqları ritorikası bu dəhşətli səssizliyə haqq qazandıra bilməz. İnsanlıq Yəməndə bir dəfə yox, hər gün ölür. Bu ölümlərə susmaq, bu dağınıqlığa göz yummaq birbaşa iştirak qədər ağır günahdır. Yəmən, sadəcə, bir ərəb ölkəsi deyil, o, insanlığın birgə imtahanıdır.

Bu torpaq bizə yad deyil. Əsrlər əvvəl Osmanlı əsgərləri də bu torpaqlarda can veriblər. İmperiyanın uzaq sərhədlərində döyüşən türk əsgərlərinin xatirəsi hələ də Yəmən torpaqlarında dolaşır. Onların acı taleyini “Yəməndə hava isti” deyə başlayan o kədərli türkü nə qədər gözəl ifadə edir:

Yəməndə hava isti
Gül açmır, bülbül ötməz
Şəhid olan əsgərlərə
Bir acı fatihə yetməz…

Bu gün Yəmən təkcə Yaxın Şərqin deyil, bəşəriyyətin ümumi dərdidir. Bu dərdi unutmaq insanlığa və vicdana xəyanət etməkdir.

Qoy, Yəməndə gül açmasa da, bir gün ədalət çiçək açsın. Bu məzlum xalq öz evində, öz yurdunda yaşamağa layiqdir. Odur ki, dünya səssizliyini pozmalı, Yəmənə yalnız kənardan baxmamalı, onun əlindən tutmalıdır.

Samir ƏSƏDLİ

Dünya