Pakistanda musson yağışları 33 nəfərin həyatına son qoyub

post-img

Pakistanda güclü musson yağışlarının səbəb olduğu daşqınlar son bir həftədə 33 nəfərin həyatına son qoyub. Bu barədə Pəncab Fəlakətlərin İdarə Olunması İdarəsi (PDMA) məlumat yayıb. Xəbəri “Anadolu” verib. 

Məlumata görə, avqustun 23-dən 31-dək daşqınlar nəticəsində 33 nəfər ölüb, daha 8 nəfər xəsarət alıb. Fəlakətdən 2 milyona yaxın insan əziyyət çəkir, onlar üçün 506 humanitar düşərgə yaradılıb. Xilasetmə qrupları 760 min insanı və 516 min heyvanı təhlükəsiz ərazilərə təxliyə edib.

Pakistanın Milli Fəlakətlərin İdarə Olunması İdarəsi (NDMA) xəbərdarlıq edib ki, İslamabad və Pəncabın bəzi bölgələrində sentyabrın 1-dən 3-dək güclü musson yağışları müşahidə olunacaq ki, bu da daşqın riskini artıra bilər.

Pəncabın yüksək rütbəli naziri Məryəm Aurangzeb su səviyyəsinin rekord səviyyəyə qalxdığını qeyd edərək, hadisəni “Pəncab tarixindəki ən pis daşqın” adlandırıb.

Pakistanda bu il iyunun 26-dan bəri baş verən daşqınlar 800-dən çox insanın həyatına son qoyub, Hindistanın Himaçal-Pradeş əyalətində isə iyunun əvvəlindən bəri təxminən 300 nəfər ölüb.

P.ƏMİRCANOV
XQ

Dünya