Dövlət Proqramı çərçivəsində müsahibə mərhələsinə start verilib

post-img

2025-2026-cı tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”çərçivəsində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbulu mərhələsi başa çatıb.

10 aprel - 15 iyun tarixlərini əhatə edən sənəd qəbulu mərhələsində Dövlət Proqramı çərçivəsində xaricdə təhsil üçün dünyanın 19 ölkəsinə aid 94 ali təhsil müəssisəsi üzrə 1147 namizəd müraciət edib. Müraciət edən namizədlərin 310 nəfəri dünya reytinq cədvəllərində ("Times Higher Education", "QS World University Rankings", “Academic Ranking of World Universities (Shanghai)”) ilk top10-da yer tutan ali təhsil müəssisələrindən qəbul əldə edib. Namizədlər tərəfindən daha çox müraciət olunan ölkələr sırasında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Türkiyə, ABŞ, Avstraliya, İtaliya yer alır. Namizədlərin seçimlərinə əsasən daha çox müraciət olunan ixtisas istiqamətləri isə informasiya texnologiyaları, dövlət idarəetməsi, mühəndislik, iqtisadiyyat, maliyyədir. 

Dövlət Proqramının iştirak tələblərinə cavab verən və I mərhələdə sənədlərini uğurla təqdim edən namizədlərlə 25 iyun tarixindən müsahibə mərhələsinə start verilib. Müsahibə mərhələsinə dair məlumatlar namizədlərin portal.edu.az platformasındakı şəxsi kabinetləri üzərindən təqdim ediləcək. 

Qeyd edək ki,  sözügedən Dövlət Proqramı 2022-ci ildən etibarən həyata keçirilir. Proqram çərçivəsində ümumilikdə 1252 tələbə xaricdə təhsil almaq hüququ qazanıb.

Proqram iştirakçılarından 196 nəfər müvafiq beynəlxalq reytinq cədvəllərində universitetlər üzrə top10-da yer alan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Proqram çərçivəsində təhsilini başa vuraraq ölkəyə qayıdan 351 nəfər Dövlət Proqramı məzunu adını qazanıb.

Elm