Arxiv materiallarının xronoloji transkripsiyası, seçmə tərcümələr və şərhlər
(əvvəli 18, 20 və 24 fevral 2026-cı il tarixli saylarımızda)
Bu iclas qurultayın gündəliyinin proqram və məruzələr bölməsidir, elmi və tematik mövzuda kimlərin çıxış edəcəyi müəyyənləşdirilir.
Qurultayın proqramı, gündəliyi və məruzəçilər.
A.Samoyloviç:
Qurultay, ilk növbədə, elmi tədbirdir. Qurultayda əsasən dilçilik, ədəbiyyat, etnoqrafiya və türkologiya sahəsində çalışan alimlər iştirak edəcək. Bununla belə, qurultayın qarşısında SSRİ türkdilli xalqlarının mədəni quruculuğuna dair praktik məsələlərin həlli vəzifəsi də durur.
Qurultay elə təşkil olunmalıdır ki, onun qərarları və tövsiyələri bu sahədə çalışan bütün praktik işçilər üçün rəhbər rolunu oynaya bilsin. Qurultaydan sonra onun sənədləri həm rus, həm də türk dillərində çap olunmalı və respublikalarda, muxtar vilayətlərdə, dairə və qəza səviyyələrində geniş yayılmalıdır. Qurultayın işi əsasən plenar iclaslarda gedəcək. Lakin onun ayrılmış məsələləri, xüsusən də əlifba və yazı islahatı ayrıca bölmələrdə müzakirə olunacaq. Sonda isə həmin bölmələrin yekun sənədləri qəbul olunacaq.
Hazırlıq zamanı aşağıdakı komissiyalar fəaliyyət göstərib:
Təşkilati komissiya (sədr S.Ağamalıoğlu)
Katiblik (Əli Yusif, Quliyev)
Referatlar üzrə komissiya (Samoyloviç, Bartold)
Redaksiya komissiyası
Protokol komissiyası və s.
Əgər əlavə məsələlər də təqdim olunarsa, onların gündəliyə salınması müzakirəyə çıxarılacaq. Hələlik gündəlikdə aşağıdakı məsələlər var:
A.N.Samoyloviç. “Qurultay, əsasən, elmi xarakter daşıyır və ilk növbədə türk dillərinin, onların mənşəyinin, qohumluğunun, türk xalqlarının ədəbiyyatının öyrənilməsi ilə məşğul olan alimlərə həsr olunmalıdır. Eyni zamanda, qurultay SSRİ-də yaşayan türk xalqlarının mədəni quruculuğunun praktiki məsələlərini də əhatə etməlidir.
Qurultay bu və ya digər məsələ ətrafında qərar qəbul edə bilər, lakin bu qərarlar yalnız tövsiyə xarakteri daşıyacaq və heç bir halda icbari olmayacaq. Qurultayın əsas vəzifəsi alimləri bir yerə toplamaq, fikir mübadiləsi aparmaq və türkoloji elmin son nailiyyətlərini müzakirə etməkdir.
Qurultay elmi fəaliyyətlə məşğul olan və türk dilləri, ədəbiyyatı və mədəniyyəti sahəsində çalışan müxtəlif elmi təşkilatların nümayəndələrini bir araya gətirir. Qurultay zamanı bu təşkilatlar arasında əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi vacib məsələdir”.
Əgər başqa təkliflər verilərsə, onlar da nəzərdən keçiriləcək, lakin əsas məsələ aşağıdakı mövzular olacaq:
1. Türk xalqlarının müasir vəziyyəti və onların öyrənilməsi ilə bağlı tarixi perspektivlər;
2. Türk xalqlarının müasir vəziyyəti və onların öyrənilməsi ilə bağlı etnoqrafik perspektivlər;
3. Türk xalqları öz və monqol, tunqus, fin-uqor, yafəs dilləri arasında qohumluq əlaqələri;
4. Türk dillərinin öyrənilməsinin indiyə qədərki nailiyyətləri və gələcək perspektivləri;
5. Texniki və linqvistik baxımdan əlifbanın düzülüşü;
6. Elmi terminlərin sistemi;
7. Türk xalqları arasında ədəbi dillərin inkişafı;
8. Orfoqrafiyanın ümumi kökləri. Türk dillərində
orfoqrafiya məsələləri;
9. Türk dillərinin tədrisində metodiki və pedaqoji
yanaşmalar;
10. Türk xalqlarının ədəbiyyatının öyrənilmə
perspektivləri;
11. Türk xalqları arasında yerli tədqiqat işlərinin
təşkili;
12. Türk xalqları arasında mədəni əlaqələrin son
vəziyyəti.
Təşkilati məsələlər:
1. Türk xalqlarını sistematik şəkildə öyrənəcək planın hazırlanması;
2. Türk xalqlarını öyrənmək üçün fond yaradılması;
3. Nəşriyyat məsələlərinin müzakirəsi.
Yuxarıdakı məsələlərlə bağlı Təşkilat Komissiyası aşağıdakıları məruzəçi və məsul şəxslər kimi seçir:
1-ci məsələ üzrə: akademik V.Bartold, professor İ.Borovdin və dosent Q.Qubaydulin;
2-ci məsələ üzrə: professor L.Tenberq, Budapeşt Milli Muzeyin direktoru Mesaro.
3-cü məsələ üzrə: professor Çobanzadə, N.Poppe, akademik N.Marr.
4-cü məsələ üzrə: professor Samoyloviç, N.Aşmarin.
* * *
Bu sənəddən qurultayın konseptual və ideoloji təhlili göstərir ki, SSRİ-nin məqsədi türkdilli xalqlar arasında vahid mədəni və elmi sistem qurmaq, latın əlifbasına keçidi əsas texniki dayaq nöqtəsi olaraq təqdim etmək və son nəticədə ideoloji layihəsini həyata keçirməkdir. Elmi ictimaiy-
yətin canlı üzvlərinin cəlb edilməsi elmi legitimlik yaratmaq istəyindən xəbər verir. Samoyloviçin qeyd etdiyi kimi, qərarlar tövsiyə xarakterlidir, lakin praktik təsiri yüksəkdir. Tətbiq mexanizmi yerli komissiyalar və təhsil strukturları vasitəsilə qurulur. Elmi əlaqələndirməyə gəldikdə, qurultay türk dilləri və mədəniyyətləri sahəsində elmi sinxronlaşma aparmaq, metodoloji vahidlik yaratmaq məqsədi daşıyır. Demək, bir tərəfdən türkoloji sahədə elmi əlaqələndirmə tədbirləri keçirilir, digər tərəfdən isə mədəni-siyasi inteqrasiya və sovetləşdirmə platforması gücləndirilir: latınlaşma siyasətini legitimləşdirməklə türkdilli xalqlar arasında ideoloji ortaq kod, türkoloji elmi sistemləşdirmək üçün strukturlaşdırılmış mexanizm yaradılır.
4 yanvar 1926-cı il Türkoloji Qurultayın Çağırılması üzrə Təşkilat Komissiyasının I Ümumittifaq Türkoloji Qurultay ilə əlaqədar yerli komitə nümayəndələrinin S.Ağamalıoğlunun sədrliyi, Zifeldin katibliyi ilə 3 yanvarda həmin heyətdə keçirilən I Plenum iclasının protokolu:
İlk məsələ bölmələr və reqlament haqqındadır. H.Cəbiyev məlumat verir ki, əvvəldən qurultayın əsas praktiki məsələlər üzrə 4 seksiyaya bölünməsi nəzərdə tutulurdu. Lakin bakılı yoldaşlarla leninqradlılar arasında aparılan danışıqlar nəticəsində qurultayda yalnız 2 əsas – nəzəri və praktik seksiyaların yaradılmasının zəruri olduğu qənaətinə gəlinmişdir.
Proqram, hazırda qəbul olunmuş şəkildə, seksiyalara bölünmədən həyata keçirilə biləcək vəziyyətdədir və xüsusi seksiyalara ehtiyac yoxdur. Proqram elə şəkildə tərtib olunmuşdur ki, bir məsələ digərindən doğur və növbəti məsələyə, bir növ, giriş rolu oynayır. Qurultayın məsələlərinin həlli ilə həm türkoloq alimlər, həm də pedaqoqlar və ictimai xadimlər eyni dərəcədə maraqlıdır. Buna görə də H.Cəbiyev qurultayın seksiyalara bölünməsindən imtina edir.
C.Qorxmasov hesab edir ki, bəzi məsələlərin daha ətraflı işlənməsi baxımından seksiyaların təşkili zəruridir.
Müzakirələrdə aşağıdakı şəxslər iştirak etdilər:
M.İ.Pavloviç, A.R.Zifeld, V.Çobanzadə, C.Qorxmasov, V.V.Tomaşevski, C.Peninov, Oldenburq, B.F.Berdıyev,
B.Baytursun, A.Samoyloviç.
VII. Reqlament haqqında
Cəbiyev qeyd etdi ki, qurultayda müzakirə olunacaq məsələlər əslində yerlərdə keçirilən diskussiyalarda, mətbuatda, türkoloji topluda və s. artıq əvvəlcədən kifayət qədər işıqlandırılıb. Buna görə də Qurultayın özündə vaxtla qənaətli davranmaq mümkündür. O, qurultayın ümumi müddətinin maksimum 10 gün olmasını, məruzəçilərə 45 dəqiqə, opponenlərə isə 3 dəqiqə vaxt verilməsini təklif etdi.
M.İ.Pavloviç və S.F.Oldenburq 10 günlük müddətə etiraz etdilər.
A.N.Samoyloviç təklif etdi ki, məruzəçilər Qurultaya qədər öz tezislərini və ya məruzələrini yazılı şəkildə Təşkilat Komissiyasına təqdim etsinlər.
VIII. Sərgilər haqqında
A.R.Zifeld məlumat verir ki, bir sıra təşkilatlar qurultay üçün öz nailiyyətlərinin nümayişinə hazırlaşır. Belə ki, professor Köprülüzadə Türkiyədən müəllifi olduğu ən yeni elmi və tədris ədəbiyyatını kitab sərgisi üçün gətirəcəyinə söz verdi. Bəzisi isə özlərinin bütün nəşrlərini gətirəcəklərini bildirdilər
“Kommunist” qəzeti son 50 ilin türk mətbuat nümunələrini təqdim edəcək. Arzu olunur ki, digər respublikalar da bu nümunəni izləsinlər.
Eyni zamanda türk xalqlarının incəsənət sərgisinin təşkili nəzərdə tutulur. Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti tərəfindən türk xalqlarının yazı nümunələrindən ibarət sərgi hazırlanır, bu sərgidə qədim dövrlərdən başlayaraq son layihələrə qədər müxtəlif – ərəb, rus və latın əlifba formaları nümayiş olunacaq.
Azərbaycan Arxeologiya Komitəsi qədim yazı nümunələri, memarlıq abidələri barədə albom hazırlayır. Leninqrad elmi təşkilatları qurultay üçün etnoqrafik və tarixi xəritə, kitabələrə dair albom, maddi mədəniyyət nümunələri və türk əlyazmalarının şəkillərindən ibarət albom təqdim edəcəklər.
İclaslararası fasilələrində türk xalqlarının xalq mahnısı, rəqsi və dram sənətinin nümayiş etdirilməsi tövsiyə olunur.
S.F.Oldenburq A.R.Zifeldin təklifini dəstəkləyərək, türk xalqlarının incəsənət nümunələri sərgisinin növbəti qurultaya qədər təxirə salınmasını tövsiyə edir, çünki onun təşkili üçün çoxlu vaxt tələb olunur.
C.Qorxmasov istəyini bildirir ki, türk xalqlarının yazı nümunələrindən ibarət albomlar hazırlanaraq nümayəndələrə paylansın və yerlərə göndərilsin.
IX Bülleten və topluların nəşri haqqında
A.R.Zifeld: Təşkilat Komissiyası hesab edir ki, qurultaya qədər Təşkilat Komissiyasının bülleteninin biri nəşr edilməlidir. Birinci buraxılışda qurultayın ümumi məsələləri üzrə nəzəri məqalələr, xronika və biblioqrafiya olmalıdır. Bu “Bülleten” nümayəndələr üçün zəruri arayış vəsaiti olacaq və onlara Qurultayda təqdim ediləcək fərqli baxışlarla öncədən tanışolma imkanı verəcəkdir.
Təşkilat Komissiyası qurultaya qədər ilk Türkoloji Toplunun hazırlanmasını da təklif edir. Bu topluda qurultay iştirakçılarının mövzu, məqsəd və vəzifələrə dair məqalələri yer almalıdır. Bu toplu öz növündə ilk olacaq və qurultaydan sonra bütün SSRİ və xaricdəki türkoloqları birləşdirən və davamlı nəşrə çevrilə bilər.
S.Oldenburq təklif edir ki, bülletenlərə arayış bölməsi də əlavə olunsun və orada türkologiya ilə bağlı olan
SSRİ-dəki bütün elmi, tədris və mədəni-maarif təşkilatlarının siyahısı verilsin. Qurultaydan sonra bu arayış materialı dövri şəkildə də nəşr olunmalıdır.
S.F.Oldenburq bildirir ki, qurultayda zamanımızın görkəmli alimlərindən biri, türkoloji sahənin veteranı professor Vilhelm Tomson iştirak edə bilməyəcək. Dağılışmadan öncə Təşkilat Komissiyası adından ona təbrik teleqramı göndərilsin (Təklif alqışla qarşılanır).
12 məsələ haqqında L.Jirkov, C.Məmmədzadə, B.Çobanzadə, A.Qordlevski, T.Menzel, M.Pavloviç, F.Köprülüzadə, S.Oldenburq, Haalimcan İbrahimov, F.Ağazadə, C.Əfəndizadə və başqaları çıxış etdilər.
S.F.Oldenburq hesab edir ki, orfoqrafiya məsələsi əlifba məsələsindən öncə müzakirə olunmalıdır, çünki bu, problemi pedaqoji və tədris texnikası baxımından daha yaxşı müzakirə etməyə kömək edər. Onun fikrincə, orfoqrafiya məsələsi, türk-tatar dillərində düzgün tələffüz (orfoepiya) məsələsinin önündə gəlməlidir.
V.A.Qordiyevski hesab edir ki, qurultay proqramına SSRİ-dəki türkoloji elmi müəssisələrin materialları daxil edilməlidir.
IV. Yardım komitələrinin məruzələri
a) Moskva Yardım Komitəsinin məruzəsi – yoldaş Pavloviç
b) Krım Yardım Komitəsinin məruzəsi – yoldaş Odabaş
c) Qazaxıstan Yardım Komitəsinin məruzəsi – yoldaş Bayturusun
ç) Özbəkistan Yardım Komitəsinin məruzəsi — yoldaş Abd. Cabbarov
d) Türkmənistan Yardım Komitəsinin məruzəsi – yoldaş Berdiyev
e) Leninqrad Yardım Komitəsinin məruzəsi – A.N.Samoyloviç
g) Dağıstan Yardım Komitəsinin məruzəsi – C.Qorxmasov
h) Azərbaycan Yardım Komitəsinin məruzəsi– C.Məmmədzadə
Baytursun belə bir sualla həmkarlarına müraciət edir ki, əgər Azərbaycanda əlifba ilə bağlı artıq yeni vəzifələr üzrə müstəqil fəaliyyətə başlanılıbsa, qurultayı çağırmağa ehtiyac varmı? Sədr cavab verir ki, qurultayın qarşısında əlifba və yazıdan əlavə çoxlu sayda məsələlər durur və bu qurultay yalnız müzakirə deyil, eyni zamanda, elmi və praktik informasiya mübadiləsi, birgə qərarların formalaşdırılması məqsədi daşıyır. Qurultay icbari qərarlar qəbul edən orqan deyil, inzibati funksiyaları yoxdur, hər hansı məsələni qiymətləndirməsi yalnız elmi və mənəvi xarakter daşıya bilər.
V. Nəvainin yubileyi haqqında
Professor Çobanzadə təklif edir ki, Qurultay çərçivəsində Əlişir Nəvainin 500 illik yubileyi qeyd edilsin, onunla bağlı toplu nəşr olunsun və türkoloji elmi-tədqiqat institutlarından birinə onun adı verilsin. Həmçinin Nəvainin yaradıcılığını öyrənmək üçün xüsusi komitə və dərnəklər yaradıla bilər.
S.F.Oldenburq çıxış edərək bildirir ki, Nəvainin dövrünü xarakterizə edən bioqrafiyası bir neçə dildə çap olunsun və qurultay çərçivəsində keçiriləcək axşamlardan biri onun xatirəsinə həsr edilsin.
Cəbiyev təklif edir ki, bu arzular prinsip etibarilə qəbul olunsun və Təşkilat Komissiyasına onların ümumiləşdirilməsi və qurultaya əlavələr şəklində hazırlanması tapşırılsın.
Sədr: Yoldaşlar, aramızda tanınmış alman türkoloqu, professor Menzel iştirak edir. O, bizim qurultaya o qədər böyük maraq göstərir ki, vaxtını gözləmədən əvvəlcədən təşrif gətirib və bütün məsələləri üzrə bizə kömək etmək istəyir. Professor Menzeli alqışlarla salamlayıram (Sürəkli alqışlar).
Sədr S.Ağamalıoğlu
Katib Zifeld
* * *
Göründüyü kimi, başlanğıcda 4 seksiyaya bölünməsi planlaşdırılsa da, H.Cəbiyev və bakılıların təşəbbüsü ilə yalnız 2 əsas – nəzəri və praktik seksiyaların təşkili məqsədəuyğun hesab edildi. Proqramın daxili ardıcıllığı əlavə bölünməyə ehtiyac qoymur.
C.Qorxmasov isə bəzi məsələlərin daha dərin işlənməsi üçün seksiyaların zəruri olduğunu bildirir. Müzakirələrə 10-dan çox görkəmli alim və nümayəndə qatılır (Zifeld, Pavloviç, Çobanzadə, Samoyloviç və b.). Reqlament üzrə qurultayın müddəti maksimum 10 gün, məruzələrə 45 dəq., opponentlərə 3 dəq. vaxt verilməsi təklif olunur. Pavloviç və Oldenburq bu müddətə qarşı çıxırlar. Samoyloviç yazılı tezislərin əvvəlcədən Təşkilat Komissiyasına təqdim edilməsini təklif edir. Qurultay mümkün qədər yığcam və strukturlaşdırılmış formatda keçirilməli, lakin bəzi məruzələrin yazılı formada əvvəlcədən təqdim olunması təşkilati səmərəliliyi artırmalıdır.
Təşkilatçılar sərgi proqramını təqdim edirlər:
– Türkiyədən Köprülüzadə elmi və tədris ədəbiyyatları;
– Azərbaycan yazı tarixindən ərəb, rus və latın əlifba nümunələri;
– Leninqrad – tarixi xəritələr, əlyazmalar və etnoqrafik albomlar;
– “Kommunist” qəzeti – 50 illik türk mətbuatı nümunələri
– S.F.Oldenburq incəsənət sərgisinin növbəti qurultaya saxlanmasını təklif edir.
– Qorxmasov yazı nümunələrindən ibarət albomların nümayəndələrə paylanmasını istəyir.
Qurultay yalnız elmi deyil, mədəni və vizual yaddaş formalaşdıran genişmiqyaslı tədbirə çevrilir. Bəzi sərgilər təxirə salınsa da, əsas məqsəd türk xalqlarının yazılı irsini vahid platformada nümayiş etdirməkdir.
Təşkilat Komissiyası qurultaya qədər bir bülleten və bir elmi toplu buraxmağı planlayır. Bülletendə ümumi nəzəri məsələlər, xronika, biblioqrafiya təqdim olunacaq. İlk Türkoloji Toplu qurultay iştirakçılarının məqalələri ilə tərtib ediləcək və gələcəkdə dövri nəşrə çevriləcək. Oldenburq əlavə olaraq arayış bölməsi və elmi-mədəni qurumların siyahısının daxil olunmasını təklif edir: qurultayın nəşrləri vahid türkoloji elmi mərkəzin informasiya bazasına çevriləcək, bu isə onu SSRİ daxilində və xaricdə türkoloji şəbəkənin əsas dayağına çevirəcək.
S.F.Oldenburqa görə, orfoqrafiya məsələsi əlifba müzakirəsindən öncə qoyulmalıdır; bu, tədris və pedaqoji baxımdan daha faydalıdır. V.A.Qord`levskinin fikri belədir ki, qurultay proqramına SSRİ-dəki türkoloji elmi institutların vəziyyəti və gələcək vəzifələri əlavə edilməlidir. Müzakirələrdə Çobanzadə, Jirkov, Samoyloviç, Köprülüzadə, Pavloviç və başqaları iştirak edir. Beləliklə, qurultay yalnız texniki islahatlar (əlifba) yox, həm də metodoloji, pedaqoji və təşkilati problemləri açıq müzakirə edən platforma rolunu oynayır.
Moskva, Krım, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Leninqrad, Dağıstan və Azərbaycanın Yardım Komitələri çıxış edir. Baytursunun sorğusu birmənalı qarşılanmır: “Əgər Azərbaycanda artıq əlifba islahatına başlanılıbsa, qurultaya ehtiyac varmı?” Sədrin cavabı qaneedicidir: “Qurultay inzibati qərarlar verən orqan deyil, onun məqsədi elmi-praktik müzakirə, informasiya mübadiləsi və fikir birliyi yaratmaqdır”. Deməli, qurultay siyasi yox, mədəni və elmi legitimlik üçün çağırılıb, türk dünyasının gələcəyinə yönələn koordinasiya və əməkdaşlıq mühiti yaradır.
Nadir MƏMMƏDLİ,
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru,
filologiya elmləri doktoru, professor




