Dünən Azərbaycanın çimərlik voleybolçuları iki beynəlxalq yarışda iştirak etmək üçün Türkiyəyə yola düşüblər.
“XQ” Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçilərimiz ilk olaraq 29 sentyabr-1 oktyabr tarixlərində Türkiyənin Mersin şəhərində təşkil olunacaq “Bioderma Pro Beach Tour” açıq çempionatında qüvvələrini sınayacaqlar. Bu yarışda ölkəmizi bir qadın (“Azərreyl”) və iki kişi komandası (“MUROV AZ TERMİNAL-1”, “MUROV AZ TERMİNAL-2”) təmsil edəcək.
Voleybolçularımızın növbəti sınağı isə Türkiyənin Balıkesir şəhərində olacaq. Burada təmsilçilərimiz CEV klublararası Avropa Kubokunda (Beach Volley European Cup) öz qüvvələrini sınayacaqlar. Yarışda ölkəmizi qadınlardan “Azərreyl” və kişilərdən ibarət “MUROV AZ TERMİNAL” komandaları təmsil edəcək. Kubok oyunları 5-8 oktyabr tarixlərində baş tutacaq.
Elçin ABBASOV
XQ

