Azərbaycan cüdoçuları dünya çempionatlarında ən yaxşı ikinci göstəriciyə imza atıblar

post-img

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan millisi mundialı üç bürünc medalla başa vurub.

Yığmanın heyətində Zelim Tçkayev (81 kiloqram), Elcan Hacıyev (90 kiloqram) və Zelim Kotsoyev (+100 kiloqram) fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.

Qazanılan 3 medal Azərbaycanın dünya çempionatlarında say baxımından ən yaxşı 2-ci göstəricisi olub. Yığma ən yaxşı nəticəyə də məhz 2017-ci ildə Budapeştdə keçirilən mundialda nail olub. Həmin zaman milli komanda 2 gümüş, 2 bürünc olmaqla 4 mükafata sahib çıxıb.

Macarıstanda hər 3 medalı kişi cüdoçular əldə ediblər. Bu da kişilər arasında qazanılan medalların sayına görə rekordun təkrarıdır. 2017-ci ildəki dünya çempionatında da medalların 3-ü kişilərin (Rüstəm Orucov, Orxan Səfərov, Elmar Qasımov) aktivində idi.

Budapeştdə fəxri kürsüyə qalxan Zelim Tçkayev (81 kiloqram) və Elcan Hacıyev (90 kiloqram) karyeralarında ilk dəfə mundialda medal sevinci yaşayıblar. Bununla da dünya çempionatlarında medal qazanan cüdoçularımızın sayı 20-yə çatıb.

Cüdo üzrə Azərbaycan millisi 24 ildən sonra dünya çempionatında 81 kiloqram çəki dərəcəsində medal əldə edib. Bu çəkidə son medalı 2001-ci ildə Almaniyanın Münhen şəhərində keçirilmiş mundialda Elxan Rəcəbli (bürünc medal) qazanıb. Tçkayevin əldə etdiyi müküfat həmin çəki dərəcəsində Azərbaycanın cüdo tarixində 2-ci medalıdır.

Bundan başqa, yığmamız 15 ildən sonra dünya çempionatında 90 kiloqram çəki dərəcəsində medala yiyələnib. Bu çəkidə son mükafata 2010-cu ildə Almaniyanın Münhen şəhərində keçirilən mundialda Elxan Məmmədov (bürünc medal) sahib çıxıb.

Zelim Kotsoyev ardıcıl 4-cü dünya çempionatında fəxri kürsüyə yüksəlib. O, daha əvvəl – 2022-ci ildə Daşkənddə və 2023-cü ildə Dohada dünya üçüncüsü olub. Kotsoyev ötən il Əbu-Dabidə isə 100 kiloqram çəki dərəcəsində dünya çempionu adını qazanıb. İdmançı həm də mundialdakı medalların əyarına və sayına görə komanda yoldaşı Hidayət Heydərova çatıb. Heydərov da karyerasında dünya çempionatlarının 1 qızıl (2024, Əbu-Dabi) və 3 bürünc (2018 - Bakı, 2019 - Tokio, 2022 – Daşkənd) mükafatını əldə edib.

Bu dünya çempionatında kişilər arasında 7 çəki dərəcəsinin 5-də (60 kiloqram və +100 kiloqram istisna olmaqla) son Olimpiya çempionları mundiala qatılıb. Onlardan heç biri çempion ola bilməyib. Yalnız Hifumi Abe (Yaponiya, 66 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) bürünc medala yiyələnib. 81 kiloqramda ikiqat Olimpiya çempionu Takanori Naqase (Yaponiya) ilk görüşündə, 90 kiloqramda ikiqat Olimpiya çempionu Laşa Bekauri (Gürcüstan) ikinci qarşılaşmasında məğlub olaraq mötəbər turniri medalsız başa vurub. Qadınlar arasında son Olimpiya çempionlarından 2 cüdoçu mundialda iştirak edib. Onlardan Beatris Souza (Braziliya, +78 kiloqram) ikinci görüşündə uduzaraq medalsız qalıb. Son Olimpiya çempionlarından yalnız Alise Bellandi (78 kiloqram, İtaliya) dünya çempionu olmağı bacarıb.

Ümumiyyətlə, dünya çempionatında mübarizələr olduqca gərgin keçib. Belə ki, 14 çəki dərəcəsinin 10-da yeni dünya çempionları (5 kişi, 5 qadın) olub.

Azərbaycan idmançılarının bəziləri hesabda öndə olduqları görüşləri uduzublar. Bu da bəzi nüanslarda cüdoçularımızın nisbətən geri qalmasından xəbər verir və bu detallar üzərində işlənilməlidir. Əhməd Yusifov (60 kiloqram) 1/16 finalda son Olimpiadanın üçüncüsü Ryuju Naqayama (Yaponiya), Elcan Hacıyev (90 kiloqram) yarımfinalda Qoki Tajima (Yaponiya), Vüqar Talıbov (90 kiloqram) 1/32 finalda Luka Maysuradze (Gürcüstan), Uşanqi Kokauri (+100 kq) üçüncü yer uğrunda Temur Raximov ilə (Özbəkistan) görüşlərdə hesabda öndə olmalarına baxmayaraq, qarşılaşmalardan məğlub ayrılıblar.

Əhməd Yusifovun (60 kiloqram) 1/16 finalda uduzduğu Ryuju Naqayama və Ruslan Paşayevin (66 kiloqram) 1/8 finalda məğlub olduğu Takaşi Takeoka (Yaponiya) sonda dünya çempionu olublar.

Millimizin 3 bürüncdən başqa, bir 5-ci yer (Uşanqi Kokauri) və bir 7-ci yer (Rəşid Məmmədəliyev) də əldə edib. Bu da diqqətəlayiq nəticələrdir. Həmçinin yığmada gənc cüdoçular var. Daha dəqiq desək, komanda yenidən formalaşdırılır. Həmçinin, əsas hədəf gələn il Bakıda keçiriləcək dünya çempionatında yaxşı çıxış etməkdir. Eləcə də, bu dünya çempionatı yeni Olimpiya tsiklinin ilk mundialı idi. Buna görə də əldə edilən 3 bürünc medal gələcəyə ümidlə baxmağa imkan verir.





İdman