Dövlət Bayrağı Meydanında avtoidman şöhrəti

post-img

Bakıda US Legend Cars və Kartinq üzrə Final Yarışları keçirilir

18–19 iyul tarixlərində Dövlət Bayrağı Meydanı yenidən mühərrik səsi ilə səslənəcək. Azərbaycan Avtomobil Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə paytaxtda US Legend Cars və Kartinq üzrə final mərhələsi baş tutacaq.

Peşəkarlar Mübarizəyə Hazırdır

US Legend Cars yarışı artıq üçüncü dəfədir ki, Bakıda təşkil olunur. Bu il yarışda 12 peşəkar pilot müasir texnologiya ilə təchiz edilmiş klassik tərzli avtomobillərlə 25 dövrə boyunca bacarığını nümayiş etdirəcək. Gecə saatlarında keçiriləcək yarış izləyicilərə xüsusi atmosfer və həyəcan yaşadacaq.

Gənc Pilotlar Finalda

Kartinq üzrə yarışlarda 12–15 yaş arası gənc pilotlar iştirak edir. 12–16 iyul tarixlərində Baku City Karting trekində keçirilən test yürüşlərindən sonra seçilən 20 iştirakçıdan yalnız 10-u 19 iyulda keçiriləcək 15 dövrəlik final mərhələsinə yüksələcək. Bu yarış gənclərə ilk real trek təcrübəsini qazandıracaq.

Şoular və rekordçular

Tədbir çərçivəsində təşkil olunacaq şou proqramlar da azarkeşlər üçün sürprizlərlə doludur. Drift-şou, stunt nümayişləri və motosiklet şousu tədbirə xüsusi dinamika qatacaq.

Əsas ulduzlar arasında dünyaca məşhur avtokaskadyor, 20-dən artıq dünya rekordçusu Terri Qrant, Böyük Britaniyanın freestyle motosiklet çempionu Li Bauers və İrlandiyanın peşəkar drift pilotu Neyl Qan da var.

Bu nüfuzlu yarış həm yerli gənclər üçün inkişaf platforması, həm də Bakının beynəlxalq avtoidman səhnəsində mövqeyini gücləndirən mühüm tədbir kimi dəyərləndirilir.

Səbuhi MƏMMƏDOV

Cavid QAÇAYEV (foto)

XQ















İdman