65 yaşlı foto nələri xatırladır?
Tarixi fotodur. “Neftçi”–70. Unudulmayan keçmiş. 1937–2007” kitabında (müəllifləri–Səbuhi Səfiyarlı və Elçin Rüstəmov) dərc olunub. 1960-cı il iyunun 2-də onda hələ Stalinin adını daşıyan Respublika Stadionunda keçirilmiş 22-ci SSRİ çempionatının “Neftçi”–“Dinamo” (Kiyev) görüşündən bir anı əks etdirir. Təəssüf ki, fotonun müəllifi göstərilməyib. Amma ağlıma ilk gələnlər sonralar Azərbaycan idman fotojurnalistikasında dərin iz buraxmış mərhumlar Faiq Rəcəbli və Leonid Bedoşvilidir.
Fotoda top uğrunda mübarizə aparan rəqiblər kiyevlilərin sol kənar hücumçusu Valeri Lobanovski və bakılıların müdafiəçisi Akif Manafovdur. “Neftçi” futbolçusu var gücü ilə “Dinamo”nun hücumçusunun qarşısını almağa çalışır. Onların “top davası”nın necə qurtardığını demək çətindir, hərçənd hücumçu üstün vəziyyətdə görünür.
Əvəzində görüşün nəticəsi haqqında ətraflı danışa bilərik. Bu oyunda kiyevlilər 3:0 hesabı ilə qalib gəliblər və qollardan birinin müəllifi Lobanovski olub. Hesabdan da göründüyü kimi, A.Manafov, onun müdafiəçi yoldaşları Adil Babayev, Vyaçeslav Semiqlazov, Robert Çançaleyşvili, qapıçı Çingiz İsmayılov və komandanın digər oyunçuları həmin illərdə ölkənin ən güclü kollektivlərindən biri kimi tanınan Kiyev “Dinamo”suna o qədər də ciddi müqavimət göstərə bilməyiblər.
Sonralar Ukrayna paytaxtının klubu daha da məşhurlaşdı, Valeri Vasilyeviç Lobanovski isə əvvəlcə futbolçu, sonra da doğma kollektivinin və SSRİ yığma komandasının baş məşqçisi kimi dünya futbolunun ən görkəmli nümayəndələrindən birinə çevrildi.
Bakılı müdafiəçi Manafova gəldikdə, statistika Akifin “Neftçi”də qısa müddətdə, 2 il ərzində (1960–1961) çıxış etdiyini və 14 oyunun iştirakçısı olduğunu “yadda saxlayıb”. Amma, hər halda, o da ötən əsrin 60-cı illərindən “Neftçi”nin tarixində özünə yer edib.
Həmin 22-ci çempionatda qeydə alınmış bizim üçün çox fərəhli bir nəticə də yada düşür. Çempionatda Bakı komandası ən gurultulu qələbələrindən birini kiyevlilərlə qarşılaşmadan 24 gün sonra, iyunun 26-da Moskvada “Spartak”la oyunda qazanıb. Kiyev klubu kimi bu komanda da ölkə çempionatlarında daim qızıl medallara iddialı olub. Bu səbəbdən də 65 il əvvəl “Neftçi”nin səfər matçında, moskvalı azarkeşlərin gözü qarşısında Yuri Kuznetsov və Anatoli Qryazevin vurduqları 2 qolla “Spartak”ı 2:1 hesabı ilə məğlubiyyətə uğratması bir qədər gözlənilməz olmuşdu. Oyunda baş hakim funksiyasını isə kuybışevli (indi Samara) Ümumittifaq dərəcəli hakim N.Krılov yerinə yetirmişdi.
Onu da xatırlamaq yerinə düşər ki, “Spartak”la görüşdə komandamızı sevindirən qollardan birinin müəllifi Y.Kuznetsov xatirələrdə Azərbaycan futbol məktəbinin ən məşhur yetirmələrindən biri kimi yaşayır. XX əsrin 50-60-cı illərində yüksək texnikası ilə fərqlənmiş bu mərkəz hücumçusu həmyerlisi Ələkbər Məmmədovla birlikdə Moskva “Dinamo”sunda da oynamış, bu komandanın heyətində iki dəfə SSRİ çempionluğunu bayram etmiş, Əməkdar idman ustası adına layiq görülmüş, bir neçə görüşdə Sovet İttifaqı yığma komandasının da şərəfini qorumuşdu. “Neftçi”də də, “Dinamo”da da onunla yaxşı tandem təşkil etmiş Ələkbər Məmmədov isə həyatı dördqat SSRİ çempionu kimi tərk etmişdir.
Sonda o uzaq illərin ölkə çempionatlarındakı “Neftçi”dən indiki UEFA Çempionlar Liqasının əsas mərhələsində Azərbaycanı şərəflə, ləyaqətlə təmsil edən Ağdamın “Qarabağ” komandasına keçib, ikicə cümlədə böyük qürur və dərin minnətdarlıq hissi ilə qeyd edək ki, noyabrın 5-də dünyanın ən böyük klublarından biri “Çelsi” (İngiltərə) ilə oyunumuza cəmi bir həftə qalır.
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

