Respublika Şahmat Mərkəzində kişi və qadınlar arasında şahmatın rapid və blits növü üzrə təşkil edilən Azərbaycan çempionatına yekun vurulub.
4 gün davam edən çempionatda 32 kişi və 20 qadın şahmatçı mübarizə aparıb. Qalib rapid və blits nəticələrin cəminə əsasən müəyyənləşib.
Qadınların yarışında iki turnirin cəminə əsasən 13 xal toplayan Türkan Məmmədyarova birinci yeri tutub. Eyni xala malik Mələk İsmayıl əlavə göstəricilərə əsasən ikinci yerlə kifayətlənib. Üçüncü yerdə 12 xal toplayan Ləman Hacıyeva qərarlaşıb.
Kişilərin yarışında isə qalib adını yığmanın liderlərindən olan Rauf Məmmədov qazanıb. Cari ildə klassik şahmatda da Azərbaycan çempionu olan R.Məmmədov 14 xalla bütün rəqiblərini geridə qoyub. Çempiondan 1 xal az toplayan Murad İbrahimli ikinci yerdə qərarlaşıb. Hərəyə 12.5 xal toplayan Read Səmədovla Aydın Süleymanlı yarışı müvafiq olaraq 3-4-cü yerdə başa vurub.
Həm kişilərin, həm də qadınların turnirində ilk üç yeri tutan şahmatçılar 25-31 dekabrda Qətərin paytaxtı Dohada keçiriləcək Dünya Çempionatında ölkəmizi təmsil edəcəklər.
Qabil YUSİFOĞLU
XQ

