Güləş üzrə böyüklər arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib.
Bakı İdman Sarayında təşkil olunan tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarına 3 ildən az vaxt qalıb. Artıq bu ildən lisenziya yarışları başlayır. Bütün idmançılara uğurlar arzulayıram.
Gənclər və idman naziri Fərid Qayıbov güləşin Azərbaycanın ənənəvi idman növü olduğunu söyləyərək, bu çempionatdan da böyük idmançılar çıxacağına əminlik ifadə edib.
Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Namiq Əliyev bu yarışın da uğurlu olacağına inamını ifadə edib. O, güləş həvəskarlarının maraqlı mübarizəyə şahidlik etdiklərini vurğulayıb.
Yunan-Roma və sərbəst güləş üzrə ölkə çempionatına yanvarın 11-də yekun vurulacaq.
Xatırladaq ki, ilk 3 yerin mükafatçıları milli komandaların tərkibinə daxil ediləcəklər.
Qabil YUSİFOĞLU
XQ

