“Qarabağ” nəhənglər meydanında çıxışlarını davam etdirir

post-img

Qeydlərimizə ötən ilin yayından bəri UEFA Çempionlar Liqası turnirində uzun, çətin, mürəkkəbdən də mürəkkəb bir yol keçən və hələ də nəhənglər meydanında çıxışlarını davam etdirən "Qarabağ"a, Qurban Qurbanov başda olmaqla məşqçilər heyətinə, klubun bütün əməkdaşlarına təşəkkürlər, var olun nidaları ilə başlamağı özümüzə borc bilək.

Azərbaycan təmsilçisinin Avropa klub yarışlarının zirvəsi olan turnirdə 36 rəqibin mübarizəsində ən yaxşı 24 kollektiv sırasında yer alması dərin fəxarət hissi yaşadan nəticə, təkzibolunmaz nailiyyətdir. Ağdam komandası 8 illik fasilədən sonra nəinki tarixində ikinci dəfə Çempionlar Liqasında qrup mərhələsi sınaqlarının iştirakçısıdır, həm də indi daha böyük uğur qazanaraq xalqımıza əsl zəfər gecələri yaşatmış, pley-off mərhələsinin də qapısını açmağa özündə güc, qüvvə tapmışdır. Bu zaman bir sıra ciddi çətinliyə baxmayaraq (onların hamısını siz yaxşı bilirsiniz) böyük işlər görülmüşdür. Nəticə də göz qabağındadır: bu gün Avropanın ən güclü 24 klubundan biri "Qarabağ" Azərbaycandır!

Qazanılmış uğurun məğzini, mahiyyətini layiqincə qiymətləndirmək üçün çox sübuta, təsdiqə ehtiyac yoxdur. Təkcə bir məqamı xatırlamaq kifayətdir. Əsas mərhələnin yekununda turnir cədvəlinin 25-36-cı pillələrində dayanmış və yarışla vidalaşmış 12 komandadan 5-i rəqiblərimiz olmuş "Atletik", "Napoli", "Kopenhagen", "Ayaks" və "Ayntraxt"dır. Bu klubların təmsil etdikləri İspaniya, İtaliya, Danimarka, Niderland və Almaniyanın necə qüdrətli futbol ölkələri olduğu azarkeşlərə yaxşı məlumdur.

İspaniya, İtaliya, Almaniya milliləri ən böyük futbolun – dünya çempionatlarının qızıl medallarının hədsiz sevincini yaşamış ölkələrin komandalarıdır, Niderland və Danimarka da mundiallarda özləri haqqında xoş təəssürat yaratmışlar. Azərbaycan isə çox təəssüf ki, dünya çempionatlarının heç həndəvərinə belə yaxınlaşa bilmir, hər dəfə seçmə yarışlarında sonuncu yerlərlə kifayətlənməklə bütün ümidlərimizi heçə çıxarır.

Hərdən "Qarabağ"ın qarşılaşdığı komandaların tarixini, heyətlərini, stadionlarını, təlim-məşq bazalarını, maliyyə imkanlarını, ötəri də olsa, götür-qoy edəndə adama elə gəlir ki, onların hamısı ağır çəkili və çox zəhmli boksçulardır. Belə bir vəziyyətdə nəhənglərdən açıq-aşkar geri qalan və yüngül çəkili boksçunu xatırladan "Qarabağ"ın rəqiblərdən hər hansı biri ilə görüşdə qələbə qalsın bir yana, heç-heçəyə nail olması da fövqəladə hadisə, möcüzə kimi dərin əks-səda yarada bilər.

Bu gün Bakı vaxtı ilə gecəyarısı, saat 00:00-da "Qarabağ" 2025/2026-cı illər mövsümündə Çempionlar Liqasında böyük ehtimalla sonuncu dəfə azarkeşlər qarşısına çıxacaq. Bir həftə əvvəl "Tofiq Bəhramov"da "Nyukasl" ilə pley-off mərhələsinin ilk oyununda qeydə alınmış ağır məğlubiyyət (1:6) səfərdə cavab matçından sonra İngiltərə klubunun səkkizdəbir finala vəsiqəni rəsmiləşdirəcəyinə elə bir şübhə yeri qoymur. Bununla belə, komandamızın evdəki uğursuzluqdan fərqli, rəqib meydanında FİFA-nın italiyalı hakimi Davide Massanın idarə edəcəyi görüşdə istər müdafiədə, istərsə də hücumda fəal mübarizə aparacağına da ümidimizi itirmirik.

Başlıcası, Azərbaycan çempionu Ağdamın "Qarabağ" komandası indiki turnirdə vəzifəsini inamla yerinə yetirmiş, Çempionlar Liqasının pley-off görüşlərinin iştirakçısı olmuş, dünya da onun oyununa biganə qalmamışdır.

Biz "Qarabağ"ın qardaşı "Qalatasaray"ı da unutmamışıq. Pley-off mərhələsinin ilk görüşündə İtaliyanın "Yuventus" komandasına üç top fərqlə qalib gələn (5:2) İstanbul klubu səkkizdəbir finalda mübarizəni davam etdirmək üçün özünə yaxşı zəmin, kifayət qədər möhkəm top ehtiyatı yaratmışdır. Lakin tam arxayınlaşmaq üçün hələ tezdir. Hər şey Turində "Yuventus"–"Qalatasaray" oyunundan sonra qəti məlum olacaq. Sabah keçiriləcək və gərgin mübarizə vəd edən görüşü maraqla gözləyək.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

İdman