Gələn il bu məqsədlərə 5,6 milyard manat xərclənəcək
Hesablama Palatasının məlumatına əsasən, Azərbaycanda gələn il dövlət büdcəsindən “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasına 5,6 milyard manat ayrılması nəzərdə tutulur.
“2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, həmin vəsaitin 4 milyard manatının və yaxud 72,6 faizinin işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına, 1,1 milyard manatının və yaxud 20 faizinin investisiya xərclərinə, 409 milyon manatının və yaxud 7,4 faizinin isə cari xərclərə yönəldiləcəyi nəzərdə tutulur.
Azərbaycan dövləti bu gün 2022‒2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsini yaşayır. Bu dövrdə yeni nəsil struktur və institusional islahatlar vasitəsilə iqtisadi artımın müasir və dayanıqlı mənbələrinin hərəkətə gətirilməsi, milli iqtisadiyyatın innovasiya yönümünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsi qarşıya mühüm vəzifə kimi qoyulur. Elə bu məqsədlə də təsdiq edilən “Azərbaycan‒2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsaslanaraq hazırlanan “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın reallaşması ilə ölkədə iqtisadi artımın tamamilə yeni keyfiyyət amilləri bazasında formalaşacağı, xüsusilə prioritet sahələrdə artım templərinin sürətlənəcəyi, iqtisadiyyatın və məşğulluğun dayanıqlığının daha da güclənəcəyi proqnozlaşdırılır. Bu gözləntinin gerçəkləşəcəyi əminliyi, həm də adıçəkilən strategiyanın icrasına yönəldilən vəsaitin ildən-ilə artırılmasından irəli gəlir. Keçən il bu məqsədlə 2,4 milyard manat xərclənməsi də deməyə əsas verir ki, qarşıya qoyulan vəzifə uğurla həyata keçirilir.
Xatırladaq ki, Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda 2022─2026-cı illərdə yeni sosial-iqtisadi inkişaf modelinin ölkəmizdə çoxsahəli inkişafın yeni keyfiyyət səviyyəsini müəyyənləşdirəcəyi vurğulanır və bu mərhələdə yüksək, dayanıqlı, inklüziv iqtisadi artım templərini bərpa etməklə hər bir vətəndaşın sabit təminatlı həyat səviyyəsinə nail olmaq qarşıya başlıca vəzifə kimi qoyulur. Həmçinin bu zaman başlıca vektor artımının səviyyəsindən çox, onun keyfiyyətinə əsaslanılacağı bildirilir.
Sənəddə strateji dövrdə yeni artım modelinin özəl təşəbbüslərə, keyfiyyətli və sağlam insan kapitalına söykənəcəyi, dayanıqlı, inklüziv inkişafı gerçəkləşdirən özəl təşəbbüslər və rəqabətqabiliyyətli açıq iqtisadiyyat modeli müasirləşmə strategiyasının əsas qüvvəsi olacağı diqqətə çatdırılır.
Strategiyada, eyni zamanda, bütün bunlarla yanaşı, rəqabətliliyin ölkədə adambaşına düşən milli gəlirin uzunmüddətli dövrdə sabit artmasına və insanların həyat standartının yüksəldilməsinə imkan yaradacağı, iqtisadiyyatın rəqabətliliyi əsas təməl olan məhsuldarlığın dərinləşəcəyi əminliyi ifadə edilir. Bu strateji dövrdə özəl və məhsuldar investisiyalar, keyfiyyətli institutlar, müasir bilik və bacarıqlara malik insan kapitalı, sağlam cəmiyyət, innovasiya və yeni texnologiyalar, həmçinin makroiqtisadi sabitlik sayəsində yüksək məhsuldarlığa nail olunacağı inamı xatırladılır.
Sosial-iqtisadi inkişaf Strategiyasının icrasına başlandığı vaxtdan özəl sektorun, o cümlədən mikro, kiçik və orta sahibkarlığın inkişafı yeni səmərəli stimullar hesabına sürətlənib, özəl və xarici investorların ölkə iqtisadiyyatında fəallığı güclənib, qeyri-xammal ixracı genişlənib. Qeyri-neft sektorunun, xüsusilə ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsini reallaşdıran, ixrac potensialının artırılmasına töhfə verən rəqabətqabiliyyətli aqrar istehsalda yüksək göstəricilər əldə edilib. Bu sahəyə dövlət dəstəyi, investisiyalar və innovasiyaların cəlbi gücləndirilib. Dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin iqtisadi səmərəsi yüksəldilib.
Bütün bu sadalanan uğurlar statistik göstəricilərdə də öz ifadəsini tapıb. Belə ki, cari ilin birinci yarısında ölkədə 60 milyard manatlıq, o cümlədən qeyri-neft sektorunda 36 milyard manatlıq Ümumi Daxili Məhsul (ÜDM) istehsal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə ÜDM real ifadədə 0,5 faiz, qeyri-neft sektoru üzrə isə 3,1 faiz artıb. Bu ilin 9 ayında isə ÜDM istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən 98,5 faiz artaraq 34 milyard 647 milyon manata çatıb. ÜDM istehsalının 41,6 faizi sənaye, 9,5 faizi ticarət, 6,4 faizi kənd təsərrüfatı, 6 faizi nəqliyyat, 5 faizi tikinti, 2,3 faizi turistlərin yerləşdirilməsi, 1,7 faizi informasiya–rabitə sahələrinin, 18 faizi isə digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,5 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 8 min 949 manata yüksəlib.
Cari ilin ilk yarısında orta illik inflyasiya göstəricisi isə 12,7 faiz səviyyəsində qeydə alınıb. Hesabat dövründə ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksində ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 11,4 faiz artım müşahidə edilib. Yeri gəlmişkən, 2023-cü ilin yanvar-avqust aylarında orta illik inflyasiya 11,7 faiz, illik inflyasiya isə 8 faiz olub.
Onu da qeyd edək ki, son bir il ərzində əldə edilən uğurlarda əvvəlki dövrün iqtisadiyyatında yaradılan makroiqtisadi sabitlik və dayanıqlıq baza rolunu oynayıb. Bu məsələyə milli iqtisadiyyatın aparıcı sahələrində müasir texnologiyaların geniş tətbiqi və keyfiyyətli insan kapitalının cəlbi nəticəsində məhsuldarlığın artması, iqtisadiyyatın sürətlə şaxələnməsi və daxili istehsalın qlobal dəyər zəncirinə səmərəli inteqrasiyası da müsbət təsir göstərib.
“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ümumi dövlət borcunun azaldılması da prioritet vəzifə kimi qarşıya qoyulub. Bununla bağlı sənəddə 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-də payının 30 faiz, o cümlədən xarici dövlət borcunun 10 milyard ABŞ dollarını üstələməməsi hədəflənib.
Rəsmi proqnozlarda “2024-2027-ci illərdə xarici dövlət borcunun 8 milyard 898,7 milyon manat (5 milyard 234,5 milyon dollar) və ya ÜDM-in 7,5 faizi həcmində, daxili dövlət borcunun isə 2024-cü ilin sonuna 18 milyard 779,4 milyon manat və ya ÜDM-in 15,9 faizi həcmində olacağı gözlənilir.
Gələn ilin sonuna isə Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 27 milyard 678 milyon manat səviyyəsində olacağı proqnozlaşdırılır və 118 milyard 383,3 milyon manat məbləğində gözlənilən ÜDM-in 23,4 faizini təşkil edəcək.
Qeyd edək ki, cari ilin sonuna Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 26 milyard 803,6 milyon manat səviyyəsində olacağı gözlənilir. Bu, 119 milyard 650 milyon manat məbləğində proqnozlaşdırılan ÜDM-in 22,4 faizini təşkil edəcək. Həmin dövrdə xarici dövlət borcu 10 milyard 848,2 milyon manat (6 milyard 381,3 milyon dollar) və ya ÜDM-in 9,1 faizi həcmində, daxili dövlət borcu isə 15 milyard 955,4 milyon manat və ya ÜDM-in 13,3 faizi həcmində olacağı proqnozlaşdırılır.
Beləliklə, ümumilikdə yeni çağırışlarla əlaqədar yaranan əlavə maliyyə tələbatının təmin edilməsi üçün icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisinin hədəflənən yuxarı həddinin 2024-cü ilin sonuna 24 faiz müəyyənləşdirilməsi, ortamüddətli dövrün sonuna (2027-ci il) 17,5 faiz, dövlət borcunun ÜDM-ə nisbət göstəricisi üzrə isə 2027-ci ilin sonuna hədəflənən yuxarı həddinin 30 faiz səviyyəsində olması təklif edilir.
Vaqif BAYRAMOV
XQ

