Elektron xidmətlər genişlənir

post-img

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi elektron xidmətlərin ölkə üzrə vahid sistemlərə inteqrasiyasını davam etdirir.

Muxtar Respublika iqtisadiyyat nazirinin müavini Abbas İsmayılov bildirib ki, qurum vətəndaşlara və sahibkarlara, ümumilikdə, 190 növ xidmət göstərir, onlardan 110-u elektronlaşdırılıb. Nazirlik və onun tabe qurumları 9 elektron informasiya sisteminə inteqrasiya olunub. Bunun nəticəsində vergi orqanlarında məlumatların saxlanılması və emalı asanlaşıb, operativ informasiya mübadiləsi təmin edilib. I rübdə 2023-cü illə müqayisədə “Asan imza” sertifikatlarının sayı 2,2 dəfə artaraq 43 min 643-ə çatdırılıb.

Dövlət əmlakının idarə olunması və daşınmaz əmlakın qeydiyyatı sahəsində informasiya texnologiyalarının tətbiqi və elektronlaşdırma istiqamətində mühüm addımlar atıldığını vurğulayan Abbas İsmayılov qeyd edib ki, 2024-cü il ərzində elektron xidmətlər vasitəsilə daxil olan müraciətlərin sayı 2023-cü illə müqayisədə 4,8 dəfə, 2025-ci ilin ilk 3 ayında isə ötən ilə nisbətən 40,3 faiz artıb.

Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri

 

İqtisadiyyat