Azərbaycanda metroloji infrastrukturun gücləndirilməsi və yeni ölçmə imkanlarının artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Görülən tədbirlər ölkədə keyfiyyət infrastrukturunun gücləndirilməsi, ixrac potensialının artırılması və rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafına hədəflənib.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı çərçivəsində Azərbaycan Metrologiya İnstitutunda yeni laboratoriya şəbəkəsinin qurulmasına başlanılıb. Bu məqsədlə Azərbaycan Metrologiya İnstitutu ilə Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının Milli Metrologiya İnstitutu arasında müqavilə imzalanıb. Müqaviləni Azərbaycan Metrologiya İnstitutunun baş direktoru Xamis Seyranov və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının Milli Metrologiya İnstitutunun rəhbəri Mustafa Çetintaş imzalayıb. Bu barədə XQ-yə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, imzalanma mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov, Türkiyə Respublikasının sənaye və texnologiya nazirinin müavini Muhammet Kasım Gönüllü, Türkiyə Elmi və Texnoloji Tədqiqat Təşkilatının Milli Metrologiya İnstitutunun rəhbəri Mustafa Çetintaş, Milli Məclisin komitə sədri Azər Əmiraslanov, Prezident Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev, Nazirlər Kabinetinin şöbə müdiri Elşən Hacızadə, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün və Azərbaycan Metrologiya İnstitutunun baş direktoru Xamis Seyranov çıxış edərək tərəflər arasında metrologiya sahəsində strateji əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.
Mərasimdə beynəlxalq standartlara cavab verən laboratoriyaların məhsulların xarici bazarlara sərbəst çıxışına töhfə verəcəyi, bununla da ölkənin ümumi ixrac potensialının artırılmasına müsbət təsir göstərəcəyi qeyd edilib. Həmçinin iki qardaş ölkə ilə metrologiya sahəsində əməkdaşlığın hazırda uğurla həyata keçirildiyi və gələcəkdə də davam etdiriləcəyinə əminlik ifadə olunub.
Qeyd edək ki, müqaviləyə əsasən, Azərbaycan Metrologiya İnstitutunun nəzdində 10 yeni laboratoriyanın qurulması, həmçinin 4 mövcud laboratoriyanın təkmilləşdirilməsi işləri nəzərdə tutulub. Yeni laboratoriyalarda qazlarda və mayelərdə kalorifik dəyərlər, qaz metrologiyası, üzvi və qeyri-üzvi kimya, akustik, fırlanma anı, qaz və su sərfiyyatı, gərginlik və cərəyan üzrə ölçmə və kalibrlənmə işləri həyata keçiriləcək. Bundan əlavə, sənəddə yeni laboratoriyaların cihaz və avadanlıqlarla təchiz olunması, proqram təminatının tətbiqi və əməkdaşların müvafiq sahələr üzrə təlimlərə cəlb edilməsi də nəzərdə tutulub.
Yeri gəlmişkən, 2023-cü il dekabrın 26-da Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının Milli Metrologiya İnstitutu ilə imzalanmış müqaviləyə əsasən, Azərbaycan Metrologiya İnstitutunda 12 yeni laboratoriyanın qurulması prosesi uğurla davam etdirilir. Belə ki, layihə çərçivəsində ötən ilin noyabr ayında həcm, tibb, müqavimət, vaxt və tezlik, paylanma parametrləri və radiotezlik gücünün ölçmələri üzrə 5 yeni laboratoriya istifadəyə verilib. Digər 7 laboratoriyanın isə bu ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.