“Ağıllı” kimya istehsalatına media-tur

post-img

Dünən SOCAR-ın təşəbbüsü ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə “SOCAR Karbamid” zavoduna media-tur təşkil olunub. 30-a yaxın media qurumundan nümayəndələrin iştirak etdiyi turda əvvəlcə SOCAR-ın media, ictimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəisi İlahə Novruzova media-tur iştirakçılarını 22 iyul Milli Mətbuat Günü münasibətilə təbrik edib.

Departament rəisi Prezident İlham Əliyevin müvafiq sərəncamı milli mətbuatın yaranmasının 150 illiyinin ölkəmizdə təntənəli şəkildə qeyd olunduğunu bildirib. Bu xüsusda SOCAR-ın təşəbbüsü ilə “SOCAR Karbamid” zavoduna media-turun və bayram tədbirinin təşkil olunduğunu qeyd edib.

Media-tur iştirakçıları təhlükəsizlik qaydaları ilə tanış olduqdan sonra “SOCAR Karbamid” zavodunun “ağıllı” kimya və “açıq” anbar sahələrində olub, burada rəqəmsal texnologiyalardan istifadə olunmaqla həyata keçirilən istehsalat prosesi barədə məlumat əldə ediblər.

Zavodun baş texnoloqu Şöhrət Mirzəyev, baş metroloqun müavini İlkin Hacıyev tərəfindən media nümayəndələrinə müəssisənin ümumi fəaliyyəti, rəqəmsal transformasiya layihəsi, istehsalat proseslərinin avtomatlaşdırılması üzrə görülən işlərə dair məlumat verilib, müvafiq təqdimat edilib.

Daha sonra media nümayəndələri muğam triosunun ifasında konsert proqramını izləyiblər.

Sonda media nümayəndələrinə xatirə hədiyyələri təqdim olunub, birgə foto çəkdirilib.

 

İqtisadiyyat