2025-ci ilin ilk yarısında Azərbaycandakı KOB evlərində sahibkarlara, ümumilikdə, 208 min 194 xidmət göstərilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23,2 faiz çoxdur.
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) verilən məlumata əsasən, hesabat dövründə “Yevlax KOB evi” üzrə 31,2 faiz, “Xaçmaz KOB evi” üzrə 6,8 faiz, “Bakı KOB evi” üzrə isə 6,7 faiz artım qeydə alınıb. Bununla yanaşı, cari ilin yanvar-iyun aylarında KOB evlərində sahibkarlara göstərilmiş dövlət – biznes və biznes – biznes xidmətlərinin ümumi sayında da müvafiq olaraq 22,8 faiz və 26,7 faiz artım baş verib.
Qeyd edək ki, KOB evləri ölkəmizdə kiçik və orta sahibkarlığın stimullaşdırılması məqsədilə ölkəmizdə yaradılıb. Artıq Bakı, Xaçmaz və Yevlax şəhərlərində belə məkanlar fəaliyyət göstərir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin struktur bölməsi olan KOB evləri sahibkarlara dövlət və biznes xidmətlərinin təqdim olunduğu vahid məkandır. Sahibkarlar bu məkana daha çox biznes fəaliyyəti üçün zəruri sənədlər, vergi və gömrük məsələləri, kommunal xidmətlər üçün müraciət edirlər. KOB evlərinə sahibkarların marağının artması, onların bir məkanda müxtəlif xidmətlərə asan çıxış əldə etməsi, prosesin sürətli, şəffaf və sahibkar məmnunluğu prinsiplərinə əsaslanmaqla təşkil olunması, həmçinin biznes subyektlərinin vaxt və xərclərinə qənaət imkanı ilə bağlıdır.
Yeri gəlmişkən, 2024-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi Azərbaycanın KOB evi modelini qabaqcıl innovativ təcrübə və nümunəvi model kimi qiymətləndirərək tətbiqini təşkilata üzv ölkələrə tövsiyə edib. Artıq bir sıra ölkələr Azərbaycanın KOB evi modelinə maraq göstərir. Belə ki, KOB evləri ilə bağlı təcrübə mübadiləsi məqsədilə
KOBİA və Qazaxıstanın Beynəlxalq Sahibkarlar Birliyi “KIT” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.