Qarsdan Naxçıvana polad körpü salınacaq

post-img

Yeni dəmir yolu ilə ildə 5,5 milyon sərnişin və 15 milyon ton yük daşınacaq

Avqustun 22-də Qars – İğdır – Dilucu dəmir yolunun tikintisinə start veriləcək. Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.

Türkiyəli nazir bildirib ki, bu xətt Azərbaycan və Naxçıvan Muxtar Respublikası arasında əlaqəni təmin edəcək Zəngəzur dəhlizinin mühüm hissəsi olacaq. “Bu xətt sayəsində Türkiyə ilə Azərbaycan arasında yeni, fasiləsiz dəmir yolu əlaqəsi təmin ediləcək. Eyni zamanda, Şərqi və Cənub-Şərqi Anadolunun istehsal potensialı xarici bazarlara daha tez çatacaq, Aralıq dənizinin turizm potensialı artacaq. Cənubi Qafqazda iqtisadi əməkdaşlığı artıracaq Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə Pekindən Londona qədər davam edən şərq-qərb xətti daha səmərəli fəaliyyət göstərəcək.”, – deyə o əlavə edib.

Xatırladaq ki, bu ilin əvvəllərində Türkiyənin Maliyyə və Xəzinədarlıq Nazirliyi Qars – İğdır – Aralıq – Dilucu (Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəd əraziləri) dəmir yolu layihəsinə xarici mənbələrdən 2,4 milyard avro məbləğində xarici maliyyə cəlb edib. Yaponiyanın MUFG bankı başda olmaqla kreditorlar qrupu ilə Türkiyə Maliyyə və Xəzinədarlıq Nazirliyi arasında müvafiq razılaşma əldə olunub. Bu müqaviləyə İsveç və Avstriyanın kredit strukturları, o cümlədən EKN və OeKB, həmçinin İslam İnkişaf Bankının ayrı-ayrı bölmələri də qoşulub.

Layihənin məqsədi regionda nəqliyyat şəbəkələri və ticari əlaqələrin inkişafına töhfə verməkdir. Yeri gəlmişkən, iqtisadiyyat naziri Mikayıl Cabbarov bir qədər əvvəl layihə ilə bağlı açıqlamasında bildirmişdi ki, Qars – Naxçıvan dəmir yolunun inşası planı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) yeni bir qolunun yaranması kimi qiymətləndirilməlidir.

Layihənin iqtisadi əhəmiyyətini yüksək dəyərləndirən ekspertlər də hesab edirlər ki, Orta Dəhlizə yeni nəfəs verən yeni dəmiryol xətti Dilucudan Qarsa səyahət müddətini 85 dəqiqəyə endirəcək. Bu da həm sərnişinlər, həm də yük daşımaları üçün böyük rahatlıq yaradacaq. Bununla yanaşı, layihənin icrası regional ticarət və inkişafa təkan verəcək. Belə ki, tikinti mərhələsində bölgədə iş yerləri artacaq və yerli bizneslər üçün yeni gəlir mənbələri yaranacaq. Ekspertlərin gəldiyi daha bir qənaət ondan ibarətdir ki, bu strateji layihə Naxçıvanla Türkiyə arasındakı iqtisadi əlaqələri daha da möhkəmləndirəcək və regionu müasir İpək Yolunun bir hissəsinə çevirəcək. Bütün bunlar isə regional ticarət üçün yeni perspektivlər açacaq. Belə ki, layihə yerli iqtisadiyyata töhfə verməklə yanaşı, həm də beynəlxalq yükdaşıma və ticarət marşrutlarını dəstəkləməklə Avropa və Asiya arasında yeni körpü rolunu oynayacaq. Bütövlükdə isə, Bakı – Tbilisi – Qars dəmir yolu xətti ilə inteqrasiya olunması planlaşdırılan bu marşrut iki qitə arasında ticarət əlaqələrini genişləndirəcək, beynəlxalq yük daşımalarında yeni perspektivlər yaradacaq: “Layihənin icrası beynəlxalq ticarət və logistika sahəsində mühüm dönüş nöqtəsi hesab olunur”.

Qars – İğdır – Aralık – Dilucu dəmir yolu layihəsi Türkiyə Nəqliyyat Nazirliyi yanında infrastruktur investisiyaları üzrə Baş İdarənin xətti ilə həyata keçiriləcək. Layihə çərçivəsində 224 kilometr uzunluğunda dəmir yolunun çəkilməsi, Türkiyə ərazisində 5 stansiyanın inşası, marşrut boyu ümumi uzunluğu təşkil edəcək 11,3 kilometr 5 tunel, 145 yeraltı, 27 yerüstü keçid və 19 açılıb-bağlanan keçid, eləcə də 10 körpü və digər qurğuların tikintisi planlaşdırılır. Ümumilikdə isə, layihə çərçivəsində tikinti-quraşdırma işlərinin 5 ilə tamamlanacağı gözlənilir. Yüksək standartlara cavab verən dəmir yolu xətti saatda 120-160 kilometr sürət üçün nəzərdə tutulub. Bu da Mərkəzi Asiya ilə Avropa arasında sərnişin daşımalarının müddətini 18 gündən 12 günə endirəcək. Yeni dəmir yolu xətti istifadəyə verildikdən sonra bu marşrutla ildə 5,5 milyon sərnişin və 15 milyon ton yük daşımaq mümkün olacaq.

 

 

İqtisadiyyat