Mərkəzi Bankın inkişaf gözləntiləri

post-img

9 ayda valyuta ehtiyatları 14,7 faiz artıb

Azərbaycan Mərkəzi Bankı (AMB) bu il ölkə iqtisadiyyatının 2,2 faiz, o cümlədən qeyri-neft-qaz iqtisadiyyatının 3,7 faiz böyüyəcəyini proqnozlaşdırır. Bununla yanaşı, bank gələn il iqtisadiyyatın 2 faiz, qeyri-neft-qaz iqtisadiyyatının isə 4,4 faiz artacağını gözləyir. Bu və digər məsələlər barədə Mərkəzi Bankın faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında ətraflı məlumat verilib.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov bildirib ki, Azərbaycanın strateji valyuta ehtiyatları 81,5 milyard ABŞ dollarına çatıb ki, bu da ilin əvvəli ilə müqayisədə 14,7 faiz çox, ötən 9 ayda isə 10,5 milyard ABŞ dolları artım deməkdir. Ölkəmizin strateji valyuta ehtiyatlarının 37 aylıq idxalı maliyyələşdirməyə kifayət etdiyini vurğulayan bank rəhbəri bunu inanılmaz yüksək göstərici kimi dəyərləndirib: “Həm bizim, həm də Dövlət Neft Fondunun valyuta ehtiyatlarının artması göstərir ki, xarici valyuta bazarında təklif tələbi üstələyir. 9 ayda müsbət saldo 230 milyon ABŞ dolları olub. Yəni əhali daha çox valyuta satır, nəinki alır”.

Manatın dayanıqlılığına şübhə olmadığını vurğulayan bank sədrinin sözlərinə görə, son zamanlar əhalinin milli valyutamıza inamı xeyli artıb. Qeyd olunub ki, hazırda ölkədə dollarizasiya səviyyəsi 29 faizə düşsə də, bu sahədə əsas hədəf prosesi 20-25 faiz səviyyəsində idarə etməkdir. T.Kazımov, həmçinin bildirib ki, hazırda strateji valyuta ehtiyatlarımız geniş manat kütləsini 3,7 dəfə üstələyir.

İnflyasiyanın mövcud səviyyəsindən bəhs edən bank sədri Azərbaycanla ticarət tərəfdaşı olan ölkələrdəki bahalaşmanın ölkə daxilində qiymət artımına bu il 3,12 faiz bəndi artırıcı təsir göstərdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, daxili amillərə gəlincə isə dövlət və ev təsərrüfatlarının istehlakının artması inflyasiyaya 3,35 faiz bəndi, kənd təsərrüfatı məhsullarının bahalaşması 4,28 faiz bəndi artırıcı təsir edib. “Nəzərə alsaq ki, gələn il də dünyadakı qeyri-müəyyənliklər davam edəcək, ola bilər ki, əvvəlki templə olmasa da, qiymət artımı davam etsin”, – deyə o bildirib.

Diqqətə çatdırılıb ki, Azərbaycan Mərkəzi Bankının yenilənmiş proqnozlarına əsasən, ölkəmizdə illik inflyasiyanın 2025-ci ildə 6 faiz, 2026-cı ildə isə 5,7 faiz ətrafında olacağı gözlənilir. Yeri gəlmişkən, bank iyul ayında illik inflyasiyanın bu il 5,7 faiz, gələn il isə 5,3 faiz ətrafında olacağını açıqlamışdı.

Taleh Kazımovun sözlərinə görə, bank gələn il dünya bazarında neftin 1 barelinin orta qiymətinin 64 dollar, təbii qazın min kubmetrinin orta qiymətinin isə 288 dollar olacağını proqnozlaşdırır. Xatırladaq ki, AMB-nin bu ilin iyul ayında açıqladığı proqnozlara görə, 2026-cı ildə neftin 1 barelinin və təbii qazın min kubmetrinin orta qiymətlərini müvafiq olaraq 64,6 dollar və 290 dollar səviyyəsində müəyyənləşdirmişdi.

Azərbaycan Mərkəzi Bankı tərəfindən bu il cari əməliyyatlar balansında 3,7 milyard dollar, gələn il isə 3 dollar profisit proqnozlaşdırdığını diqqətə çatdıran qurum rəhbərinin sözlərinə görə, 2025-ci ilin sonuna proqnoz cüzi artırılıb, 2026-cı ilin sonuna isə sabit saxlanılıb.

Mərkəzi Bankın öz mandatına uyğun kapital bazarları ilə bağlı işlər gördüyünü bildirən T.Kazımov ilk yarımillikdə beynəlxalq konsultantla qiymətli kağızlara dair bütün hüquqi, normativ qanun çərçivəsi beynəlxalq təcrübə ilə müqayisə etdikdə bütün fərqlərin tapıldığını diqqətə çatdırıb. “Qanunvericiliyimizdə bu istiqamətdə 300-dək təkmilləşdirmə işlərinə ehtiyac var. Sentyabr ayından başlayaraq kapital bazarlarına aid bütün qanunlara ən pis halda gələn ilin may ayında kapital bazarlarında mümkün dəyişikliklərlə bağlı artıq aidiyyəti qurumlarla son versiyanı paylaşmağı və gələn ilin sonunadək təsdiqlənməsini planlaşdırırıq”, – deyə bank rəhbəri bildirib.

 

 

İqtisadiyyat